Xilaskarın gəldi, Bakı
Cümhuriyyət – 100
Azərbaycan davası: Poemadan parca
Rəşid Vəli
XİLASKARIN GƏLDİ, BAKI
Daşnak ordusunun üzü Gəncəyə,
Yolboyu qocaya, dilsiz körpəyə,
Türkqanlısan deyib işgəncə verir.
Ağlagəlməyəni yaşlı göz görür.
Düşmənin əliylə törədilənlər,
Böyük təhlükədən gətirir xəbər.
Kinli baxışlarla baxan əsarət,
İstəyir yenidən azad məmləkət,
Düşsün pəncəsinin altına onun.
Silsin xəritədən Azərbaycanın
Azad dövlət kimi mövcudluğunu.
Yenə öz əsiri eləsin onu.
Lenin Şaumyana təlimat verir,
Şirin vədlər dolu xəbər göndərir.
Deyir, yox eləyin cümhuriyyəti,
Qatın Rusiyaya o məmləkəti!
Əvəzsiz qoymarıq xidmətinizi,
Yaradarıq böyük dövlətinizi.
Bakıdan Batuma sizinki olar,
Gəminiz dənizdə lövbərlər salar.
Dənizdən-dənizə bir Ermənistan,
Olar Rusiyadan sizə ərməğan.
Leninin bu vədi coşdurub onu,
Özlərinin sayır Azərbaycanı.
Onunçün Gəncənin üstünə gəlir,
Özüylə ən qara niyyət gətirir.
***
Gah Cavad xan, gah da Bəndər,
Gözlərinin önündədir.
Boyun büküb qəmli ruhlar,
Gözlərində min kədər var.
Sanki, dilə gəlib onlar,
Deyir, təhlükədən qurtar.
Əcdadların ruhu ağlar,
Daşnaklar tutsa Gəncəni.
Yad əllərə verməyin siz,
Qalib ərlər vətənini.
Hüseynqulu xanın səsi
Haray çəkir uzaqlardan.
Deyir, Bakı yad ayaqla
Tapdanacaq nə vaxtacan?
O gücsüz, əlacsız ruhlar
İmdad diləyirlər ondan.
Nicat, kömək diləyirlər
Məmməd Əmin zəkasından.
Qan tökülür, baş kəsilir,
Azərbaycan torpağında.
Ağlayan ruhların səsi,
İstanbulda qulağında
Sümüyü çürüyənlərin
Ruhları fəryad eləyir.
Baxıb yurdun bu gününə
Gözündən qan-yaş ələyir.
Bu torpağın dirisi də,
Yüz illərin ölüsü də
Öndərdən imdad gözləyir.
***
Qurtulanmaz təhlükədən,
Öz gücüylə Azərbaycan.
Əsgəri kömək gərəkdir,
Bizə qardaş Osmanlıdan.
Ənvər paşa ilə öndər,
Ortaq məxrəcə gəldilər:
Ölkənin xilası üçün,
Yeni əsgəri qüvvələr
Göndərilsin İstanbuldan
Düşmənin təhdidlərindən
Xilas olsun Azərbaycan.
***
Daha baxışlar fərqlənmir,
Birdir amal, birdir fikir.
Osmanlıyla Azərbaycan
Yekdir bir rəyə gəlmişdir.
Bakı azad edilməli,
Bunun üçün Türkiyədən
Yeni qüvvələr gəlməli.
Bolşeviklər əl-ayaqda,
Şaumyan qorxu içində.
Yenə də qanlı əlləri,
Moskvanın ətəyində.
Komək üçün, dəstək üçün,
Dil çıxardıb yalvarır o.
Vahimədən, səksəkədən
Haray, şivən qoparır o.
Lakin cəhdi faydasızdır,
Durduranmazlar türkləri,
Gündən-günə yaxınlaşır,
Bakıya türkün əsgəri.
***
Qorxu içindədir bolşevik, daşnak,
Bilmir sabahları necə olacaq.
Cəbhədən gəldikcə qorxulu xəbər,
Didib bir-birini yeyir xainlər.
Təcili çağırıb ingilisləri,
Dedilər türkləri oturdaq geri.
Qurdular oyuncaq yeni hökümət,
Adı «Sentrokaspi», özü xəyanət.
Suda boğulana saman çöpü tək,
«Sentrokaspi» də etmədi kömək.
Gözünü qırpmadan döyüşə girən
Sücaət göstərən, hünər göstərən
Bir ordu yeriyir Bakıya doğru.
Qapanır düşmənin nicat yolları
Bu qanlı günlərdə «Müsavat» yenə
Baxmadan ölüm-qan təhlükəsinə
Düşmənin ən sirli nöqtələrini,
Hərbi güclərinin dəqiq yerini
Öyrənib çatdırır türk əsgərinə.
Mərmilər düşdükcə mövqelərinə,
Düşmən heyrət edir hərbi sirrinə.
Bu qədər yaxından bələd olan kim,
Ən gizlin nöqtəyə işıq salan kim?
Amma əbəs idi onların cəhdi,
«Musavat» keçərək hər odlu səddi.
İzləyir düşmənin hər addımını.
Həm dəniz yolunu, həm də qurunu.
Çəkib xəritədə bir zərgər kimi,
Çatdırır paşaya bir əsgər kimi.
* * *
On beş sentyabr açılan səhər,
Bakı üzərinə yayır şəfəqlər.
Bu səhər yeni bir tarixi səhər,
Şəhərdə gəzişir doğma əsgərlər.
Düşmən əsgərinin itib izləri.
Nə məkanı bəlli, nə də ki yeri.
Xalqın gözlərində sevinc yaşları,
İxtiyara hakim öz xilaskarı.
Bir zaman dərdlərdən ağlayan gözlər,
Yaşı qırmızıyla boyayan gözlər.
Sevincdən, fərəhdən ağlayır indi.
Öz doğma əskəri keşiyindədi,
Daha əsgərlərdən qorxmur cocuqlar.
Onun damarında öz türk qanı var.
Süngüsü türklərə sancılmayacaq,
Tüfəngi türklərə açılmayacaq.
* * *
Hələ Gəncədədir Milli hökümət,
Həyəcanla keçir dəqiqə, saat.
Hökümət başcısı Fətəli Xoylu,
Qəlbi qələbəyə inamla dolu.
İntizar içində cavab gözləyir,
Saatı izləyir, anı izləyir.
Nəhayət, alındı gözlənən xəbər,
Bakı azad oldu, qaçdı düşmənlər.
Paşa göndərdiyi bu xoş müjdəni,
Oxuyur-oxuyur, çəkmir gözünü.
Qafqaz İslam Ordusunun əsgəri,
Təmizləyib düşmənlərdən şəhəri.
Daha bütövləşib bölünən vətən.
Kölgələr yox olub başı üstündən.
Bir zaman Bakıda at oynadanlar,
Qatı düşmənimiz o Şaumyanlar,
Başını götürüb haraya qaçıb,
Boz qarğaya dönüb haraya uçub.
Türk süngüsü onu edib didərgin,
Kim bilir başını hansı deşiyin
Küncündə gizlədib gözünü döyür
Xilasçün Allahdan imdad diləyir.
Fikir ayrılığı olsa da gendə,
Qardaş qardaşının dar günlərində
Özünü onuncün ölümə verdi.
Nə can əsirgədi, nə qorxu gördü.
Bu gün Nuru paşa qalib komandan
Müjdə göndərərkən paytaxt Bakıdan.
Sanki, doğulduğu bir ocaq üçün,
İlk addım atdığı bir torpaq üçün.
Döyüşlərə girib, səngərə girib,
Ana qarşısında borcunu verib.
Bu gün Azərbaycan onun doğması,
Türküstan doğması, Turan doğması,
Harda türk yaşayır vətəndir ona,
O, sadiq əsgərdir türk torpağına.
* * *
Ənvər paşa təbrik etdi,
Hamıdan əvvəl öndəri.
Dedi: «Bakı azad olub,
Aydın olsun gözləriniz.
Məmləkətin baş şəhəri
Qurtulub namərd yağıdan.
Bütövləşib Azərbaycan»
Gözü yaşardı öndərin,
Dedi: «Bu bir şanlı gündür,
İstiqlalın tarixinə
Vuracaq silinməz möhür.
Osmanlıdan gedən türklər
Orda türkü xilas etdi.
Bu, tarixin özünə də
Böyük görk, böyük ibrətdi.
Biz türk dara düşən zaman,
Arxasında bir türk durur.
Əkiz qardaşların nəbzi
Bir dayanır, bir də vurur.»
Uşaq kimi sevinirdi,
Gözündən yaşlar axırdı.
Ənvər paşa rəğbət ilə
Onun gözünə baxırdı.
O bilirdi Məmməd Əmin
Davaçısı bir millətin
Dedi: «Cənab Məmməd Əmin,
Dünya öz xəritəsinə
Yazdı yeni türk dövləti.
Onun müstəqilliyini
Tanrı eləsin əbədi».
***
Ömründə ilk dəfə öz Bakısında,
Öz məmləkətində, öz obasında,
Millətini azad, sevinən görür.
Bu sevincə baxıb qəlbi döyünür.
Ayağı altında torpağı azad,
Səmasında yoxdur o qara bulud.
Xəzər sularında ləpələr gülür,
Qağayı gözündən gülüş tökülür.
Baxır, ətrafında xoşbəxt cocuqlar,
Hər cocuq gözündə sonsuz sevinc var.
Silahlı əsgərdən qorxuları yox,
Bu əsgər bolşevik nə də ki daşnak.
Cocuqlar gül atır qədəmlərinə
Sevinclə baxaraq türk əsgərinə,
Xəyalı qaytarır keçmişə onu,
Düşmən əsir edib doğma Bakını,
Sərvəti talayıb xalqa zülm etmiş,
Milləti pəncəsi altda inlətmiş.
Şükür ki, o günlər arxada qalıb,
Keçmişə gömülmüş bir tarix olub.
Doğma məmləkəti azad bir vətən,
Xilas olub xalqı müstəmləkədən.
Sübhün şəfəqiylə güləndə Xəzər.
Azad Bakımıza nur səpir səhər.
Bu idi müqəddəs əzəl arzusu,
Azad Azərbaycan, paytaxt Bakısı.
Arzu, xəyal deyil, gerçəklikdir bu,
Müsəlman Şərqində bir örnəkdir bu.