Paşinyan baş nazir oldu

Ermənistan müxalifətinin lideri Nikol Paşinyan mayın 8-də baş nazir seçildi.

Parlamentdə keçirilən səsvermədə 59 deputat onun lehinə, 42 deputat isə əleyhinə səs verib.

Paşinyan parlamentdəki Yelk fraksiyasını təmsil edir.

Ona əsasən, “Yelk” fraksiyası, “Tsarukyan bloku”, “Daşnaksyutun” partiyası və keçmiş hakim “Respublika” partiyasının bir sıra deputatları səs veriblər. 

Paşinyan mayın 8-də axşam prezident Armen Sarkisyan ilə görüşməlidir, onu baş nazirliyə də formal olaraq prezident təsdiqləməlidir. Daha sonra Paşinyan beş gün ərzində kabinetində görmək istədiyi şəxslərin adlarını, 15 günə isə hökumətin proqramını açıqlamalıdır, – AzadlıqRadiosu məlumat verir.

O, hökuməti “milli barışıq” əsasında formalaşdıracağını deyib.

Ancaq HHK-dan deputat Gevorg Kostanyan 8 may səsverməsindən sonra deyib ki, indi ölkədə “azlıq hökuməti” mövcuddur, HHK parlamentdəki çoxluğu saxlayır.

Bu o deməkdir ki, Paşinyan HHK çoxluğu ilə işləməli olacaq, ya da qanunvericiliyin qəbulunda çətinliklərlə üzləşəcək.

Əgər parlament 20 gün ərzində Paşinyan hökumətinin proqramını təsdiqləməsə, qurum avtomatik buraxılacaq və erkən seçkilər keçiriləcək.

Bu arada Rusiya prezidenti Vladimir Putin Paşinyanı təbrik edib. Kremlin mətbuat xidmətinin məlumatına görə, Putin Paşinyana deyib ki, onun baş nazir kimi “ölkələrimiz arasında daha güclü, dostyana, müttəfiq münasibətlərinin, Müstəqil Dövlətlər Birliyi, Avrasiya İqtisadi Birliyi və Kollektiv Təhlükəsizlik Təşkilatı çərçivəsində tərəfdaşlığı irəli aparacağına” ümid edir.

Paşinyan parlamentdəki çıxışında deyib ki, Ermənistan Rusiyanın lideri olduğu Avrasiya İqtisadi Birliyində qalacaq, Rusiyayla hərbi əməkdaşlığı davam etdirəcək.

Rusiyayla müttəfiq münasibətləri dostluq, bərabərlik, problemlərin həllindən ötrü qarşılıqlı istəyə söykənməlidir. Rusiyayla hərbi əməkdaşlığa Ermənistanın təhlükəsizliyinin əsas təminatçı faktoru kimi baxırıq”, – o deyib.

Paşinyan həmçinin Birləşmiş Ştatlar, Avropa Birliyi, İran, Gürcüstan, Çin və Hindistanla əməkdaşlığı “fəal inkişaf etdirəcəyinə” boyun olub.

Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionundakı münaqişənin həllinə gəlincə, Paşinyan deyib ki, “xalqların bərabərliyi və öz müqəddəratını təyinetmə” prinsipi əsasında sülh danışıqlarına hazırdır.

Onun sözlərinə görə, separatçı regionun müstəqilliyinin “beynəlxalq miqyasda tanınmasına yeni təkan verilməlidir və erməni icmasının bunda böyük rolu var”.

Paşinyan onu da vurğulayıb ki, Azərbaycan rəhbərliyi ilə danışıqlar separatçı əraziyə nəzarət edən etnik ermənilərin “iştirakı olmadan səmərəli və hərtərəfli sayıla bilməz”.

 

Bastainfo.com