Obama Trampın İran qərarını sərt tənqid etdi

ABŞ-ın keçmiş prezidenti Barak Obama ötən gün İranla nüvə sazişini ləğv edən Donald Trampı sərt tənqid edib. 

Trampın iranla bağlı bəyanatından dərhal sonra yazılı açıqlama paylaşan Barak Obama bildirib ki, 2015-ci ildə İranla imzalanan razılaşmanın işlək olduğunu Avropalı müttəfiqlər, müstəqil ekspertlər, hətta ABŞ-ın müdafiə naziri Jeyms Mattis də təsdiqləyiblər. 

Obama bu sazişin ABŞ-ın maraqlarına cavab verdiyini və son illərdə Vaşinqtonun xarici siyasətinin uğurlarından biri sayıldığını vurğulayıb.

O, bəyan edib ki, Trampın bu sazişdən imtina etməsi Vaşınqtonun həmin sənədin imzalanmasında vasitəçi olan müttəfiqlərinə arxa çevirməsi anlamına gəlir və ABŞ-a  etimadın azalmasına səbəb olacaq.

Anlaşmanın yalnız İranla ABŞ arasında olmadığına diqqət çəkən Obama xatırladıb ki, sazişin imzalanmasında  İngiltərə, Fransa, Almaniya, Avropa Birliyi, Rusiya və Çin də iştirak ediblər. 

“BMT Təhlükəsizlik Şurasında yekdilliklə təsdiqlənən bu saziş İranın nüvə silahə əldə edə bilməməsinə nazərət imkanlarını yaratmışdı.  İranın nüvə silahı əldə etməsinin nə qədər təhlükəli olduğunu hamımız bilirik”, – deyə, Obama vurğulayıb. 

Obama qeyd edib ki, bu saziş İranla bağlı olan bütün problemləri həll etmirdi, amma müqavilədən imtina edilməsi həmin problemlərlə mübarizə imkanlarını azaldacaq.  

 

Mustafa Hacıbəyli

Bastainfo.com