Rəsmi Bakıdan Paşinyana böyük jest

Ermənistan baş nazirinin Xankəndində keçirəcəyi mətbuat konfransında iştirak etmək istəyən xarici jurnalistlərə icazə verilib.

Bu haqda XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev özü məlumat yayıb.

“Financial Times, Associated Press, Agence France Press kimi media qurumları rəsmi məktubla Azərbaycan Respublikası XİN-ə müraciət edərək işğal olunmuş ərazilərə səfər etmək üçün Azərbaycan hökumətinin icazə verməsini xahiş ediblər”.

H.Hacıyev bildirib ki, sözügedən beynəlxalq KİV-in Azərbaycanın qanunlarına, ərazi bütövlüyü və suverenliyinə, həmçinin beynəlxalq hüquqa hörmətlərini nəzərə alaraq, onların nümayəndələrinin işğal olunmuş ərazilərə səfərinə etiraz edilməyib:

“Ümidvarıq ki, bu səfər əsnasında beynəlxalq KİV nümayəndələri Azərbaycanın işğal olunmuş Laçın rayonu və Dağlıq Qarabağ bölgəsi ilə hərəkət edərək bu ərazilərin köklü azərbaycanlı sakinlərinə qarşı işğal nəticəsində törədilmiş etnik təmizləmə və onların mülkiyyətinin, Azərbaycan xalqına məxsus maddi-mədəni irsin talan edilməsi ilə yerindəcə tanış ola biləcəklər. Biz xarici KİV nümayəndələrinə bu səfər əsnasında tamamilə viran edilmiş Ağdam, Cəbrayıl, Füzuli və digər rayonlara da getməyi tövsiyə edirik. Amma təcrübə göstərir ki, Ermənistan tərəfi onların Xankəndidən kənara çıxmasına imkan verməyəcək”.

Bu gün Ermənistanın yeni Baş naziri Nikol Paşinyan Xankəndində yerli və xarici media nümayəndələri üçün mətbuat konfransı keçirəcək. Rəsmi Bakının bu addımı Nikol Paşinyana böyük jest kimi dəyərləndirilir.

 

 

Bastainfo.com