Reketçilikdə ittiham edilən redaktor azadlığa buraxılıb

Mayın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində “Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev və onun müavini Hikmət Nəcəflinin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. S.Əliyev və H.Nəcəflinin barədə iki il sınaq müddəti təyin edilməklə şərti cəza seçilib və onlar məhkəmə zalından azadlığa buraxılıblar.

Turanın yazdığına görə, digər təqsirləndirilən şəxslər Maarif Abbasov, İlahə Qasımova və Gülbəniz Əliyevanın barəsində də şərti cəza seçilib.

Mühakimə olunanlar arasında ancaq Sevinc Məmmədsalayeva 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının keçirdiyi əməliyyat zamanı “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyev, “Bizim dövr” qəzetinin baş redaktoru S. Əliyev və onun müavini Hikmət Nəcəfli saxlanılıb.

Bu şəxslər qanunsuz olaraq gizli çəkilişlər aparmaqda, reketçilikdə, hədə-qorxu ilə tələb etməkdə ittiham olunublar.

DTX tərəfindən aparılan araşdırmaların nəticələri üzrə hədə-qorxu ilə tələb etmə, əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olmayan şəxslər tərəfindən gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə etməklə belə tədbirlərin keçirilməsi faktları üzrə cinayət işi başlanılmısdı.

 

Bastainfo.com