Hüquq müdafiəçisinin qardaşına hücum edildi

Ötən gecə hüquq müdafiəçisi Taleh Xasməmmədovun qardaşı Valeh Xasməmmədova hücum edilib.

Sosial şəbəkədə yayılan məlumata görə, Göyçay rayon Potu kənd sakini Əzizov Zahir Vahid oğlu hüquq müdafiəçisi Taleh Xasməmmədovun qardaşı Valeh Xasməmmədovu təxribata çəkmək niyyəti ilə, onun işlətdiyi kafeyə gəlmiş və orada stolun üstündə olan pivə bakalını götürərək V. Xasməmmədovu söyərək üstünə hücum çəkib, sonra Z. Əzizov əlindəki pivə bokalı ilə ilk olaraq onun başına zərbə endirib və sınıq şüşə ilə onun əl qoluna xəsarət yetirib.

Bildirilir ki, faktla bağlı vaxtında hüquq mühafizə orqanlarına müraciət edilsə də, hələ müvafiq tədbirlər görülməyib.

Əzizov Zahir Vahid oğlu həmin şəxsdir ki, illərlə Göyçay rayon Polis Şöbəsinin bir çox sifarişlərini icra etməklə yalan şahidlik və təxribata çəkmək kimi işlərdə iştirak etmişdir. 21 fevral 2015-ci il tarixdə Göyçay polisləri hüquq müdafiəçisi Taleh Xasməmmədovu sifariş əsasında həbsə almaq üçün həmin Zahir Əzizovu mebel mağazasının yanında onun üstünə göndərmiş və 20-yə yaxın polis əməkdaşı ilə yaxın məsafədən müşayiət etmişdilər. Z. Əzizov hüquq müdafiəçisinə yaxınlaşaraq onun qolundan tutub yerə yıxılmış və qışqırmağa başlamışdır. Dərhal çoxlu sayda polis əməkdaşları onları mühasirəyə almış və şəhərin mərkəzi küçəsindəki avtomobil yolunu kəsmişdilər. Guya ki, T. Xasməmmədov kimisə öldürmək və ya xəsarət yetirmək istəyir və cəmiyyətə qarşı hörmətsizlik nümayiş etdirir. Nəticədə guya 1 mülki şəxs Z. Əzizov və 4 polis əməkdaşı (rəis müavini Faiq İlyasov və 3 polis nəfəri olmaqla) müxtəlif bədən xəsarətləri almış, poqonları, şevronları sökülmüş, paltarları cırılmışdır. Həmin qondarma hadisəyə görə T. Xasməmmədovun barəsində Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsi ilə (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq hərəkətləri) cinayət işi başlanmış və o 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.

Baş verən hadisə ilə bağlı ehtimal edilir ki, Valeh Xasməmmədova qarşı edilən cinayət hadisəsi də məhz Taleh Xasməmmədovun azadlıqda qalmasına, onun hüquq-müdafiə sahəsində fəaliyyətinin davam etdirməsinə görə baş vermişdir. V. Xasməmmədova qarşı 2 il ərzində 4 dəfə oxşar hadisə baş vermiş və hər birində onun qanı axıdılmışdır. V. Xasməmmədov hesab edir ki, ona qarşı edilən cinayət sifarişli olduğundan bu iş əvvəlkilər kimi ört basdır ediləcək və heç kim qanuna müvafiq şəkildə məsuliyyətə cəlb olunmayacaq. O bildirir ki, “məni qardaşıma görə bu hala saldılar, Zahir Əzizov da hər kəsin bildiyi kimi polisin adamıdır və onu hər vasitə ilə qoruyacaqlar”.

19 aprel 2018-ci il tarixdə Göyçay rayonunda polis əməkdaşları hüquq müdafiəçisi Taleh Xasməmmədovu zorla Göyçay rayon Polis Şöbəsinə apararaq ona kabinetlərin birində kürəyindən xəsarət yetirərək, sonra həbs etmişdilər. Qondarma ittihama görə Taleh Xasməmmədov Göyçay rayon PŞ-də olduğu müddətdə 3 nəfər polis əməkdaşının poqonlarını sökərək onlara müxtəlif xəsarətlər yetirmiş olub. T. Xasməmmədov isə həmin cinayətin ona qarşı törədildiyini bəyan edərək özünü günahsız hesab etmişdir. Eyni zamanda polislərin özlərinəmüxtəlif xəsarətlər yetirərək onu şərləməsini bəyan etmiş olub. Buna baxmayaraq onun barəsində Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsi ilə cinayət işi başlanıb. 21 aprel 2018-ci il tarixdə Göyçay rayon məhkəməsi tərəfindən onun barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edildiyi səbəbindən “polis nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və hal-hazırda da cinayət işi davam etdirilir.

Qeyd edək ki, eyni motivli cinayət hadisəsi ilə bağlı hüquq müdafiəçisi Taleh Xasməmmədov 12 noyabr 2011-ci ildə Ucar rayon Polis Şöbəsində həbs edilmiş, ona AR CM-nin 221.3 və 315-ci maddələri ilə cinayət işi başlanmış və Kürdəmir rayon məhkəməsinin hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İttihama görə guya o, Ucar rayon Polis Şöbəsinə daxil olaraq əlində bıçaq polis əməkdaşlarına hücum çəkmiş, həmin şöbənin baş müstəntiqi Nazim Əhmədova, əməliyyatçısı Zahid Məmmədova və digər müstəntiq Mahir İsayevə müxtəlif bədən xəsarətləri yetirmiş, onların geyimlərini cırmış, poqonlarını sökmüş və söyüb təhqir etmişdir. Təxminən 1 saat 30 dəqiqə davam edən hadisədən sonra Taleh Xasməmmədovu danışıqlar yolu ilə sakitləşdirərək təslim etmiş olublar.

Göyçay rayon polis şöbəsindən məsələyə münasibət öyrənmək mümkün olmayıb.

 

Bastainfo.com