Saxta aksiz markasından istifadəyə görə 5 nəfər həbs edilib

Azərbaycan Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzinin məlumatına görə, nazirliyin paytaxt Bakıda yerləşən, alkoqollu içkilərin və tütün məmulatlarının satışı sahəsində ixtisaslaşdırılmış 15 ticarət obyektində keçidriyi vergi nəzarəti tədbirləri zamanı külli miqdarda saxta aksiz markaları ilə markalanmış məhsulların satışının aparılması faktları aşkar edilib.

Bakı şəhəri Xəzər rayonunda B.Hüseynova məxsus fərdi yaşayış evində 40.672 qutu aksiz markasız tütün məmulatları aşkar olunaraq götürülüb.

Bundan başqa, Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən Bakı şəhərinin Qaradağ rayonunda, eləcə də Abşeron rayonunun Xırdalan şəhərində və Sumqayıt şəhərində aparılan müşahidələr zamanı əsasən avtobus dayanacaqlarındakı köşklərdə aksizsiz məhsulların satışının həyata keçirilməsi halları müəyyən edilib. 29 ticarət obyektində aparılmış vergi nəzarəti tədbirləri zamanı qeyri-qanuni olaraq külli miqdarda aksiz markası ilə markalanmamış məhsulların satışının aparılması və satış məqsədilə saxlanması faktları öz təsdiqini tapıb. Həmin obyektlərdən 18.500-dən yuxarı aksiz markası olmayan tütün məmulatları aşkar edilərək götürülüb.

Faktlarla bağlı Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində Cinayət Məcəlləsinin 213-1.1-ci (Aksiz markası ilə markalanmalı olan məhsulları (malları) belə marka olmadan satma, satış məqsədi ilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma və ya idxal etmə), 213-1.2.1 (eyni əməllər külli miqdarda törədildikdə), 213-1.2.3 (eyni əməllər qabaqcan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 213-1.4 (Bu Məcəllənin 213-1.3-cü maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə) maddələri ilə cinayət işi başlanılıb.

Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin qərarı əsasında B.Hüseynov və onun ortağı Y.Əhmədov, ticarət köşkləri səbəkəsinin sahibləri olan H.Məhyəddinov, T.Nəcəfov və A.Rüstəmov barəsində həbs qətimkan tədbiri seçilib.

Nazirlik bildirir ki, hazırda sksiz markasız və saxta aksizli malların satışını həyata keçirən şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər davam etdirilir.

 

Bastainfo.com