Astanada Suriya sülh danışıqları keçirilir

İran, Rusiya və Türkiyənin təşkilatçılığı ilə Suriya sülh danışıqlarının 9-cu raundu mayın 14-də Qazaxıstan paytaxtı Astanada başlanıb.

Qazaxıstan Xarici İşlər Nazirliyinin sözçüsüAnuar Jaynaqov jurnalistlərə deyib ki, BMT-nin Suriya üzrə xüsusi elçisi Staffan de Mistura da Astana danışıqlarına qatılacaq, Suriya silahlı müxalifətinin nümayəndə heyəti isə mayın 15-də gəlməlidir.

O, Birləşmiş Ştatların danışıqlarda iştirak etmədiyini söyləyib.

ABŞ daha öncə bu danışıqlara qatılırdı.

Rusiya prezidentinin Suriya üzrə elçisi Aleksandr Lavrentyev deyib ki, Moskva Vaşinqtonun danışıqlarda iştirakına ümid bəsləyir.

Astana danışıqlarından savayı BMT-nin sponsorluğuyla Cenevrədə Suriya danışıqları aparılır. Həmin danışıqlarda adətən, Suriya hökuməti və üsyançı qrupların təmsilçiləri iştirak edir.

Suriya müharibəsində Rusiya ilə İran Əsəd hökumətini, Türkiyə və Birləşmiş Ştatlar isə fərqli üsyançı qrupları dəstəkləyir.

İndiyədək müharibədə 330 mindən çox adam həlak olub, milyonlarla suriyalı evindən didərgin düşüb.

 

Amerikanın Səsi