Azadlıq mübarizəsinin iki mərhələsi

Azərbaycan bir məşalədir. Bu məşalənin sönməməsi üçün əl birliyi edib mütəmadiyən çalışalım əfəndilər! Mən sizi böylə bir ittihada dəvət edirəm.

Ə.Rəsulzadə.

Yasmən Qaraqoyunlu, AMEA Fəlsəfə İnstitutu

Bu məqalə Azərbaycan Cümhuriyyətinin 100 illiyinə həsr olunur.

Bu məqaləni Osmanlı Hərbiyyə naziri Ənvər Paşanın, Qafqaz İslam Ordusu komutanı Nuru Paşanın və Azərbaycanın İstiqlalı uğrunda şəhid olmuş Qafqaz İslam Ordusunun Mehmetçiklərinin əziz xatirəsinə həsr edirəm.

 

Ə.B.Topçubaşov və M.Ə.Rəsulzadə liderliyində Rusiya türklərinin Azadlıq mübarizəsinin iki mərhələsi: Rusiya Müsəlmanları İttifaqından Azərbaycan Cümhuriyyətinə keçid.

“Zaqafqaziya bir əsr bundan əvvəl ruslar tərəfindən işgal edilmişdir. Bu əsr ərzində biz müsəlmanlar əsir kimi həyat sürmüşük, təqiblərə məruz qalmışıq, bizə heç bir haqq və hüquq verilməmiş, kölə halına salınmışıq… Yüz il ərzində biz hökumətin şiddətli hücumlarına məruz qalmışıq… Ölkəmiz istila edilən kimi dərhal milli varlıgımıza təcavüz edildi… Biz anaların qucağından alınıb havaya atılan südəmər uşaqların havada ikən xəncərə keçirildiklərini görmüşük, biz hamilə qadınların qarnına saplanan xəncərlərin açdıgı yaralardan uşaq əllərinin bayıra sallandıgının şahidi olmuşuq. Qoy… dəlik-deşik edilən cəsədlərdən, anaların, uşaqların fəryadından, iniltisindən həzz alanlar rədd olsunlar”.

1905-ci il iyunun 12-də Rusiya Dövlət Dumasında Azərbaycan millət vəkili İsmayıl xan Ziyadxanovun çıxışından.

“…Biz bir əsildən, bir nəsildən gələn, bir dinə iman gətirən türklərik. Məgribdən məşriqə qədər bizim babalarımızın yurdu olub. Babalarımızın qəhrəman xalq olmasına baxmayaraq, bu gün Qafqaz daglarında, Krım baglarında, Kazan çöllərində, babalarımızın yurdunda, öz vətənimizdə, öz torpağımızda ehtiyac və tələbatımızı azad şəkildə müzkirə etməyə ixtiyarımız qalmadı…”

Ə.B.Topçubaşovun Rusiya Müsəlmanlarının I Qurultayında etdiyi çıxışından.

“Azərbaycan bir məşalədir. Bu məşalənin sönməməsi üçün əl birliyi edib mütəmadiyən çalışalım əfəndilər! Mən sizi böylə bir ittihada dəvət edirəm”.

M.Ə.Rəsulzadənin Azərbaycan Parlamentinin açılış toplantısındakı çıxışından.

Giriş

Sadəcə Qafqaz tarixi baxımından deyil, Türk və İslam xalqları tarixi baxımından da Azərbaycan Xalq Cümhuriyyətinin yaranması Türk və Şərq xalqlarının tarixi prosesində millət kimliyinə və cümhuriyyət rejiminə əsaslanaraq qurulmuş ilk siyasi və sosial quruluşdur. Azərbaycan Xalq Cümhuriyyəti 1870-ci illərdən etibrən Qafqaz türklərinin keçdikləri millətləşmə prosesinin çatdığı zirvə idi [22.s.586-587]. Bu millətləşmə prosesi milli bir dövlətin ortaya çıxması ilə nəticələnmişdir. XIX yüzillikdə Rusiya tərəfindən işğal edilən xanlıqlar formasında yaşayan Qafqaz Azərbaycanı, əgər 1918-1920-ci illərdə müstəqil dövlət kimliyinə qovuşmasaydı, 27 aprel 1920-ci ildən sonra yaranmış Azərbaycan sovet sosialist cümhuriyyəti və 1991-ci ildə müstəqilliyinə qovuşmuş Azərbaycan Cümhuriyyəti olmayacaqdı. Yəni Azərbaycanın Rusiyaya necə bir kimlik altında qatılacağı müəyyənləşməmiş qalsaydı və qurulmuş dövlət kimliyi olmsaydı 1991-ci ildə Azərbaycanın müstəqilliyi bir problemə çevriləcəkdi [22.s.587]. Azərbaycan Xalq Cümhuriyyətinin siyasi ömrü sadəcə 23 ay (18 may 1918- 27/ 28 aprel 1920) sürməsinə baxmayaraq, Qafqaz türklərinin bütün milli, dini, mədəni, sosial və siyasi dəyərlərini dövlət yaratmaqla bütünləşdirilməsinə imza atmış, Rəsulzadənin 29 noyabr 1918-ci il tarixində “Bütün Azərbaycan əhalisinə” ünvanladığı mürciətində bildirdiyi kimi, Azərbaycanın müsəlman-türkləri millətləşmə prosesini tamamlamaqla, milli bir varlıqdan dövlət sisteminə yüksəlmişdir.

Altı maddəlik Azərbaycanın müstəqilliyini elan edən deklarasiyada dövlət və ölkənin adı “Azərbaycan Xalq Cümhuriyyəti” olaraq elan edilmişdir. Yeni dövlət və qəbul edilən siyasi rejim modernizmin təməl prinsiplərindən biri olan milliyyət varlığı üzərində formalaşmışdır. Bu 1870-ci illərdən etibarən böyük və əzablı bir millətləşmə prosesi keçirən Azərbaycan türklərinin bir millət kimi formalaşmasının və kültürəl millətçilikdən siyasi millətçiliyə keçidinin ifadəsi idi. Milli Şura Sədri M.Ə.Rəsulzadə Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 1-ci ildönümü ilə bağlı Azərbaycan qəzetinin 28 may 1919-cu il xüsusi buraxılışında yaydığı bəyanatda “Cümhuriyyətin milli mədəniyyət təməlinə dayanması və milli demokratik türk dövlətçiliyi əsasları üzərində qurulması səbəbiylə, Azərbaycan ilk Türk millət dövləti və müsəlman cümhuriyyətidir” fikrini açıq bir şəkildə dilə gətirmişdir. Məşhur bəstəkar Üzeyir Hacıbəyli isə Azərbaycan qəzetinin 28 may 1919-cu il 190-cı sayında yazdığı məqalədə “rejimin sağlam bir millət düşüncəsi, Türklük idealı üzərində qurulduğunu” vurğulamışdır. Müsavat partiyasının ideoloqlarından biri olan Mirzə Bala Məmmədzadə “Cümhuriyyət” anlayışını yeni bir prosesin başlanğıcı sayaraq, bu anlayışı “xanlıq və dərəbəylik dövründən sonra demokratik bir hərəkat kimi doğulub inkişaf edən Azərbaycan türk millətçiliyinin məntiqli bir nəticəsi” kimi qiymətləndirmişdir. [22.s.587-588] Türk kimliyini özünü sadəcə müsəlman kimi tanıyan bir cəmiyyətə mənimsətməklə ümmət dövründən millət dövrünə keçid 1870-ci illərdən etibarən Türk Qafqazında başlayan maarifçilik hərəkatının əsas uğuru idi və Azərbaycan Xalq Cümhuriyyəti bu təməl ideya üzərində yüksəlmiş, modernizmin millət-dövlət konsepsiyasına əsaslanmışdır. 1925-ci ildə M.Ə.Rəsulzadə yazırdı. “Rusiya idarəsindəki müsəlmanlara “Türk” dedirtmək bu gün qazanılmış bir davadır. Yalnız türk kəlməsi deyil, Azərbaycan adı da qazanılmışdır”[22.s.590]. Avropa modernizm ideyaları ilə (rasionalizm, pozitivizm, empirizm, seintizm, praqmatizm, humanizm, liberalizm, demokratiya, kapitalizm, sosializm, sekulyarizm, milli dövlət) Şərqin humanizm, kollektivizm, irfan və tövhid inanclarının sintezindən doğulmuş Azərbaycan Cümhuriyyəti 1870-ci illərdən etibarən Türk Qafqazlarında başlanan maarifçilik ideyalarının Türk-Osmanlı, Türk-Qacar və Qızıl Orda (Rusiya) torpaqlarındakı (İdil-Ural Türkləri) Cədidizm, Tənzimat, Məşrutə hərəkatlarında yoğrulması nəticəsində Türklük, İslam, Çağdaşlıq ideyaları ilə tarixə qədəm qoymuşdur. Azərbaycan Cümhuriyyət düşüncəsi iki parlaq liderlə−Rusiya müsəlmanları İttifaqının sədri və Rusiya Dövlət Dumasında Müsəlman Fraksiyasının lideri Ə.B.Topçubaşovun və Müsavat partiyası lideri M.Ə.Rəsulzadənin siyasi fəaliyyətləri nəticəsində iki tarixi mərhələ və siyasi, hüquqi təkamül prosesindən keçərək qurulmuşdur. Ə. M.Topçubaşov Rusiya Dövlət Dumasının “Müsəlman fraksiyası”na və Rusiya müsəlmanları İttifaqına sədrliyi dövründə Azərbaycan Cümhuriyyətinin qurulmasına siyasi-hüquqi zəmin hazırlamış, M.Ə.Rəsulzadə bu zəmin üzərində Azərbaycan Cümhuriyyətini yüksəltmişdir.

1.Çar despotizminin böhranı

XVI əsrdən etibarən Avropada yüksəlməkdə olan Renessans və Maarifçilik ideyaları əsasında formalaşmış yeni bir inkişaf mərhələsi olan Modernizm çağı feodalizmə, aqrar iqtisadiyyata, sxolastik təfəkkürə, despotizmə, imperatorluq dövlət modelinə son vermək məqsədilə yeni- rasyonalizm, sekulyarizm, empirizm, sientizm, pozitivizm, humanizm, liberalism, demokratiya, kapitalizm, sosializm, Millət dövləti kimi universal paradiqmalarını yaratdı. Bu ideyalar universal ideyalar kimi yayılaraq Rusiyada, Uzaq Şərqdə, Orta Şərq Türk-Müsəlman coğrafiyasında yeni bir sosyo-kültürəl, sosyal-siyasi reform və inqilab hərəkatlarının başlanmasına zəmin yaratdı. Yeni modernizm çağının bu tələbləri əsasında XIX əsrin sonu – XX əsrin əvvəli dünya tarixində dərin dəyişikliklər prosesi başlandı.

Sosial-iqtisadi həyatdakı dəyişikliklər, sənaye çevrilişinin başa çatması və dünya iqtisadiyyatının inkişafında sənaye mərhələsinə keçid burjuaziya cəmiyyətinin formalaşması, siyasi partiyaların yaranması, proletariatın – fəhlələrin adından çıxış edən ictimai qüvvə və qruplar tərəfındən siyasi partiya təşkilatların yaranması – bu dövrün başlıca xüsusiyyətlərini təşkil edir. [11.s.337] XX əsrin ilk illəri Rusiya tarixində xüsusi yer tutur. Rusiyanı idarə edən çar hökümətinin Panslavyanist ideyası əsasında həyata keçirdiyi müstəmləkəçilik və ekspansiya siyasəti nəticəsində XIX əsrin sonlarında Rusiya güclü imperiyaya çevrildi. Qafqaz və Mərkəzi Asiya Türk-İslam ölkələrini işğal edərək hakimiyyəti altına alan Rusiya uzaq şərq ölkələrinə qarşı da işğal siyasəti həyata keçirməyə başladı. Rusiya Avropa imperialist güclərin Çində əldə etdiyi böyük qazancların yaratdığı üstünlüyü Yaponiyanı işğal edərək dəngələmək siyasəti yürütməyə başladı [9. s. 227]. Lakin bu dövrdə dünya iqtisadiyyatında baş vermiş böyük böhran öz təsirini Rusiyada da hiss etdirdi. 1900-1903-cü illər böhranı Rusiya iqtisadiyyatının dünya kapitalist təsərrüfatı ilə qırılmaz əlaqələrinin mövcudluğunu göstərdi. Böhran müvəqqəti olaraq Rusiya sənayesinə xarici kapital axınını dayandırdı. 1904-cü ildə Yaponiya Rusiyaya müharibə elan etdi. Çar hökuməti bu müharibənin Rusiyanın siyasi mövqeyini möhkəmləndirməkdə və inqilabın qarşısını almaqda ona kömək edəcəyini düşünürdü. Lakin uzaq Şərqin yeni gücü olan Yaponiya avropalaşma prosesinə başlamaqla iqtisadiyyatını, texnologiyasını və ordusunu modernləşdirməklə Rusiyanın Uzaq şərqdəki işğal siyasətini iflasa uğratmış, Rusiyanı məğlub etmişdi [9. s.227]. Müharibədəki məğlubiyyətdən sonra Rus cəmiyyətindəki böhran daha da dərinləşdi. Bu məğlubiyyət Rusiya içində mütləqiyyətin doğurduğu bir çox problemlərin Rusiyanı geri atdığı düşüncəsini doğurmuşdur və Rus ziyalıları Rusiyanı modernləşdirmək məqsədilə mütləqiyyətin devrilməsi, daha ədalətli və demokratik siyasi idarəetmənin yaradılması məqsədilə siyasi inqilabi mübarizəyə başlamışlar. Bu dövrdə Rusiya siyasi elitası Rusiyada konstitusiyalı monarxiya, parlamentarizm, demokratik idarəetmə istəyən burjaziya və ziyalılar təbəqəsi (Kadetçilik) və kollektivizm, ateizm, fəhlə sinfinin diktatorluğuna əsaslanan bolşevik Kommunistlər olaraq iki hissəyə parçalanmışdı. Hər iki siyasi cinahın yeni Rusiya qurmaq ideyaları və fəaliyyətləri sürətlə Rusiyanın bütün bölgələrinə yayılmağa başlamışdı. 1905-ci il sentyabrın 19-da (2 oktyabr) Moskvada başlayaraq 1.700.000 nəfərin iştirakı ilə bütün Rusiyanı bürüyən tətil hərəkatı artıq 1907–ci ilə qədər inqilaba çevrildi. [11.s.338]

2.Azadlıq Manifesti

Rusiyanı bürüyən bu inqilabi hərəkat və bu iki sosial-siyasi təzyiqlər nəticəsində Çar II Nikolay nazirlərindən qraf Vittenin tövsiyəsilə 1905-ci ildə “17 oktyabr manifesti” imzaladı. [9. s.227-228]. II Nikolayın elan etdiyi “Azadlıq manifesti”ndə Çar, şəxsiyyətin toxunulmazlığı, fikir, söz azadlığı, sərbəst toplaşmaq haqqı, azad cəmiyyətlər və təşkilatlar yaratmaq haqqı prinsiplərinin qorunmasına əsaslanaraq vətəndaşlıq azadlığının ayrılmaz hissələrini xalqa bağışlamağı; indiyə qədər seçki hüququ olmayan xalqa, qanunun təyin etdiyi çərçivədə, ümumi seçki hüququnun verilməsi, “1905-ci il 6 avqust qanunu” ilə Dövlət Duması və Dövlət Şurası seçkilərinin aparılmasını; heç bir qanunun Dövlət Dumasının razılığı olmadan qüvvəyə minməməsi üsulunun pozulmaz bir əsas olaraq qəbul edilməsi və Çar tərəfindən təyin olunan hökumətlərin fəaliyyətinə nəzarət edilməsinə seçki yolu ilə xalqın da iştirak etməsinin mümkün olması… kimi hüquqların verilməsini bəyan etdi [12. s, 1-2]. Manifest məhkum xalqlara (130 milyonluq əhaliyə) o cümlədən, türklərə, ukraynalılara, beloruslara, gürcülərə, yəhudilərə və başqa xalqlara heç bir yenilik vəd etmirdi. 1899-cu il qanununa əsasən Türklərin dövlət idarələrində çalışmasının qadağan edilməsi, manifestdə yenə də olduğu kimi qalırdı. 1899-cu il qanununa əsasən başqa millətlərin (Sibirdə yaşayan bir neçə xalq; Arxangelsk vilayətindəki eskimoslar; Stavropol vilayətindəki köçərilər; Kalmıklar; Qırğızlar; Kazan və Türkistan xalqları; Azərbaycan Türkləri və Qafqazda yaşayan müsəlmanlar; yəhudilər) dövlət idarələrində çalışması və əsgəri xidmətə çagrılması qadağan olunmuşdu [7.s.104]. 1905-ci ilə qədər Rus çarının məhkum Türk xalqlarına qarşı apardığı siyasət bu qanunla tənzimlənirdi [10.s.132]. 17 oktyabr manifesti Rusiyada siyasi partiyaların yaranmasının və bir sıra azadlıqların alınmasının rəsmi şəkildə təsbiti olduğu üçün Rusiya müsəlmanları bu manifestin imkan verdiyi bütün siyasi hüquqlardan yararlanmaq fürsəti əldə etdilər. Bununla bərabər çar II Nikolay 1905-ci ilin dekabr ayının 11-də Dövlət Dumasının çağrılması haqqında fərman elan etdi. Bu fərmanla Qafqaz müsəlmanları da Dumada iştirak etmək haqqı qazandı. Bundan istifadə edən Rusiya türkləri milli haqlarını müdafiə etmək, müstəmləkəçiliyin gətirdiyi əsarətin, köləliyin vurduğu zərbələrin qarşısını almaq məqsədilə təşkilatlanmaga başladılar. Bu zaman Azərbaycan mətbuatında xalqı oyanışa, birləşməyə çağıran yazılar dərc olunur, bu inqilabdan haqq və hüquq mübarizəsində mümkün qədər çox şey əldə etmək lazım olduğu fikri irəli sürülürdü. Əli Bəy Hüseynzadənin nəşr etdiyi “Həyat” qəzeti yazırdı: “Əgər biz irəliləmək və həyati varlığa sahib bir millət olmaq istəyiriksə, hər şeydən öncə müsəlman olaraq qalmalıyıq. Bizim mütərəqqi idealımız, həyatımızın yaxşılaşması istiqamətində olan arzumuz İslam qanunlarına bağlı olaraq əldə edilə bilər”[5]. “Kaspi” qəzetində isə Əhməd Bəy Ağayev yazırdı: “Bütün bu cəmiyyət yalnız dini cəmiyyət olmayıb, eyni zamanda etnik bir varlıqdır. Çünki bizim Rusiya müsəlmanları çox az istisna ilə böyük türk-tatar irqinə mənsubdurlar, tək dildə danışırlar və eyni dini inancı daşıyırlar” [8].

3.Ə.B.Topçubaşov liderliyində Azərbaycan Milli Hərəkatının birinci mərhələsi

 

1905-ci ilin yazı və yayında, ölkədə inqilabi mübarizənin gücləndiyi bir dövrdə milli burjuaziya və ziyalılar burjua-liberal hərəkatının sülhpərvər, leqal üsullarından – kollektiv müraciətlərin verilməsi, çar üsul-idarəsi nümayəndələrilə görüşlərdən istifadə edirdilər. Azərbaycan aydınlanma hərəkatının ən böyük liderlərindən biri, Peterburq universitetinin Şərqşünaslıq bölümü professoru Mirzə Cəfər Topçubaşovun nəvəsi və H.Z.Tağıyevin sahibi olduğu “Kaspi” qəzetinin redaktoru Ə.Topçubaşovun rəhbərliyi ilə Azərbaycan burjaziyasının və ziyalılarının bütün təmsilçiləri Rus inqilabından bəhrələnmək məqsədilə geniş təbliğat, təşviqat işi başlatdılar və H.Z.Tağıyevin sarayına toplaşaraq , Qafqazın Rusiya tərəfindən işğalından sonra ilk dəfə Türk-müsəlman əhali adından Rusiya rəhbərliyindən siyasi, sosial və mədəni haqların verilməsini tələb etdilər. Şəmsi Əsədullayevin, A.Topçubaşovun, Ə.Ağaoğlunun, A.Ziyadxanovun, Q.Zülqədirovun, R.Şirvanskinin imzası ilə “İmperatorluq daxilində yaşayan müsəlmanların icraedici, qanunverici orqanlarda təmsil olunması, özünü idarəetmə qurumlarının yaradılması, söz və mətbuat azadlığı, ictimai və şəxsi toxunulmazlığın qorunması, ana dilində təhsil və s. kimi sosial, mədəni, siyasi haqların verilməsi tələb edildi.

Bu təşəbbüslərdən sonra H.Z.Tağıyevin maliyyə dəstəyi ilə çıxan “Həyat” qəzetinin ilk sayında Topçubaşov və Ə.Ağaoğlu Türk-müsəlman aləminə müraciət edərək yazırdılar. “ …Biz müsəlmanıq və bu üzdən bütün din qardaşlarımızın tərəqqi etməsini istəyirik. Biz Türkük və buna görə də hər yerdə və hər sahədə bütün Türklərdən tərəqqi və yüksəliş gözləyirik”. [22.s.527]. Beləcə Türk burjaziyası ilə ziyalıların birgə fəaliyyyətləri nəticəsində sadəcə dini kimliyi ilə müsəlman kimi tanınan Qafqaz Türkləri etnik-millət kimliyi olaraq “Türk dili, kimliyi, mədəniyyəti, ədəbiyyatı və haqlarını” dilə gətirməyə başladılar. Bu ideyalar qısa zamanda geniş bir ziyalı kütləsinin fəaliyyətinə çevrilərək cəmiyyətdə təbliğ olunmağa başladı. H.Zərdabi, C.Məmmədquluzadə, M.Ə.Sabir, Abbas Səhhət, M.Ə.Rəsulzadə, Ə.Ağaoğlu, A.M.Topçubaşov, M.S.Ordubadi, Üzeyir Hacıbəyli, Ceyhun Hacıbəyli, Ə.Haqverdiyev, Firudun Bəy Köçərli, Əliqulu Qəmküsar, Ömər Faiq Nemanzadə, və bir çox ziyalılar Rus imperiyasından milli haqlarını tələb etməyə başladılar. Çar hökümətinin imzaladığı 17 oktyabr 1905 tarixli manifesti Söz, mətbuat və vicdan azadlığı kimi bir sıra haqlar vəd edirdi və Rusiyada və Qafqazda yaşayan türk-müsəlman xalqlarının millətləşməsi prosesinə əngəl olan maneələri aradan qaldırırdı. [22.s.528].

4.Ümummilli haqq istəyi

Rusiya müsəlmanlarının hüquqlarının müdafiəsi, təşkilatlanması iki istiqamətdə – Rusiya Dövlət Dumasının Müsəlman Fraksiyasının fəaliyyəti əsasında və Rusiya müsəlmanları İttifaqının rəhbərliyi altında getmişdir. 1905-ci ilin yazı və yayında, ölkədə inqilabi mübarizənin gücləndiyi bir dövrdə milli burjuaziya və ziyalılar burjua-liberal hərəkatının sülhpərvər, leqal üsullarından – kollektiv müraciətlərin verilməsi, çar üsul-idarəsi nümayəndələrilə görüşlərdən istifadə edirdilər.

Martın 15-də H.Z.Tağıyevin sarayında burjuaziya və ziyalıların nümayəndələrinin iştirakı ilə keçirilən Müşavirədə Qafqazda islahatların keçirilməsi zərurəti müzakirə edildi. Müsəlmanlara qoyulan qadağaların göstərildiyi kollektiv müraciət tərtib edildi. Bu müraciət çar hökumətinə Azərbaycan tərəfındən verilən ilk proqram sənəd idi. Bu müraciət sadəcə tələblərdən ibarət olmayıb “Ümumi milli haqq istəyi” şəklində əsaslandırılmış memorandum mahiyyətində yazılmışdır. [11.s.340]. Layihənin hazırlanmasında Fərrux bəy Vəzirov, Əlimərdan bəy Topçubaşov və Əhməd bəy Ağayevin çox böyük rolu olmuşdur. Müraciətdə əksini tapmış tələblər: Müsəlmanlara da ruslarla eyni siyasi, mədəni, dini hüquq verilməli, müsəlmanlar üçün qanunla və fərmanlarla təsdiq olunan bütün məhdudiyyətlər aradan qaldırılmalıdır. Rusiyada seçkilər əsasında təsis olunacaq qanunverici məclislərin, idarə müəssisələrinin hamısında azad şəkildə seçilmiş müsəlman nümayəndələri ruslarla eyni hüquqa malik olmalıdırlar; müsəlmanlara öz problemlərini həll etmək ixtiyarı verilməlidir; dövlət və ya ictimai idarələrdə öz istəklərinə uyğun olaraq çalışmaq və ölkənin müxtəlif yerlərində istədikləri sənətlərə yiyələnmək hüququ əldə etməlidirlər. Onlara ölkənin hər yerində azad yaşamaq hüququ verilməli; mülkə hər yerdə malik ola bilmək; hər yerdə ticarətin bütün növü ilə məşğul olmaq; nigah və miras kimi ailə məsələlərində İslam şəriətinin qanunlarına hər zaman əməl etmək hüququ müsəlmanların ixtiyarına verilməlidir. Azad din hüququ ilə bərabər, hər yerdə, hər zaman bütün dini vergiləri azad ala bilmək hüququ; bütün ruhanilərin, müftilərin, şeyxülislamların, məhəllə ruhanilərinin xalq tərəfindən təyin edilməsi, seçilməsi hüququ müsəlmanlara verilməlidir; ruhani idarələrinə daxili işlər nazirliyi deyil, xalq özü nəzarət etməlidir; xarici ölkələrdə ilahiyyat təhsili almış şəxslərə də ruhani idarələrində işləmək hüququ verilməlidir; ruhaniçilik üçün rus dilini bilmək məcburiyyəti aradan qaldırılmalıdır; Qafqazın bütün vilayətlərində, nahiyələrində dini məclislər təşkil edilməli və bu məclislər Tiflis ruhani idarəsinə tabe olmalıdır. Məscidlərin və müqəddəs yerlərin qəsb edilmiş vəqfləri (keçmişdə məscidlərə və dini idarələrə bağışlanan, verilən yer və ya əmlak) geri qaytarılmalı, onların idarəsi, bütün təsərrüfatı müsəlmanlardan seçilmiş müdirlərin ixtiyarına verilməlidir. İbtidai tərbiyə ümumi, məcburi, pulsuz olmalıdır. Qafqaz müsəlmanlarına bütün məktəblərdə, mədrəsələrdə xalqın təlim-tərbiyəsinə nəzarət etmək hüququ verilməlidir; məktəblərdə, mədrəsələrdə ilahiyyat, ana dili, milli ədəbiyyat, milli tarix dərsinin tədris edilməsinə icazə verilməlidir; bütün dərsləri milli dildə olmaq şərti ilə hər növ məktəbi təsis etmək işində müsəlmanlar tam azadlığa yanaşı böyük hüquqlar əldə etməlidirlər; mədrəsələr, dini və ya ali məktəblər təsis edib öz istəklərinə əsasən müəllimlərini dəvət edə bilmə hüququ, mətbuat azadlığı əsasında bütün dillərdə kitab, qəzet, jurnal nəşr etmək, bunların hər biri ilə ticarət etmək hüququ, kitabxanalar açmaq, xalq auditoriyaları təsis etmək hüququ, ümumiyyətlə, həm xeyriyyəçilik, həm maarif müəssisələri təsis etmək hüququ hər yerdə, hər zaman müsəlmanlara həvalə olunmalıdır. Təhkimçilik rejiminin bugünkü qalıqlarını ləğv edib, torpaqların kəndlilərə satılması hökumətin qərarları ilə həyata keçirilməlidir, kənd təsərrüfatı bankları təsis edilməli, istifadəsiz qalan dövlət torpaqları torpaqsız və ya az torpaqlı əkinçilərə verilməli, Qafqaza Rus kəndlilərinin köçürülməsinin qarşısı tamamilə alınmalı, Qafqaz müsəlmanlarının qışlaq, yaylaq yerləri, meşə və su kimi ehtiyacları təmin edilməlidir. Dağıstan və Şimali Qafqaz dağlı xalqları üçün 1900-cü il iyulun 12-də çıxarılan və bu xalqların bütün torpaqlarının xəzinə malı sayılmasına dair qanun ləğv olunmalıdır. Bugünkü ağır vergiləri mümkün qədər yüngülləşdirmək; hər növ vergiləri yerin xüsusiyyətlərinə, xalqın imkanına görə almaq; vergilərin miqdarını, məsrəflərini təyin edərkən müsəlman vəkilləri də hər zaman dəvət olunmalıdır. Fabriklərdə, zavodlarda, emalatxanalarda işləyən işçilərin güzəranlarını, həyat şəraitlərini yaxşılaşdırmaq üçün həyata keçirilən tədbirlər və bütün qanunlar müsəlman işçilərinə də şamil edilməlidir. Bütün işçilərin hüquqlarını himayə edə biləcək qanunları yerinə yetirmək, həyatlarını qorumaq üçün dövlət sığortası təşkilatı yaradılmalıdır. Qafqazda andlı hakimlər məhkəməsi, seçilmiş sülh hakimləri təsis edilib, sülh məhkəmələrinin prosesini xalqın dili ilə (türkcə) icra etmək ixtiyarı verilməlidir. Dövlətin daxili vilayətlərində “zemstva” (məhəlli idarə) idarələri hansı üsulda təsis ediləcəksə, Qafqaz müsəlmanlarına da o üsulda tam səlahiyyətli “zemstva” idarələri təsis edilməlidir. Şəhər idarələrində islahat aparılaraq bu idarələr dövlət inzibati idarəsinin müdaxiləsindən azad edilməlidir. Din, söz, mətbuat, yığıncaq, şirkət azadlığı, ərazi, şəxsiyyət toxunulmazlığını himayə məqsədilə həyata keçirilmiş və ya keçiriləcək bütün tədbirlər və qanunlar müsəlmanlara da şamil edilməlidir. Qafqaz müsəlmanlarının ərazi ehtiyaclarına dair həyata keçiriləcək bütün qanunlar və bütün tədbirlər Tiflisdə müsəlman vəkillərinin iştirakı ilə müzakirə edilib, həll olunmalıdır. Bu il 18 fevral fərmanı ilə keçiriləcək müzakirə məclisinə Qafqaz müsəlmanlarından da vəkillər dəvət edilməlidir [2.s.159-166]. Beləliklə Layihədə göstərilirdi ki, müsəlmanların həyatı cəmiyyətdə olduğu kimi iqtisadiyyatda da sıxışdırılmışdır. Şəhər məclisinə nümayəndələr seçkisinə məhdudiyyətlər qoyulmuşdur. Mülki və hərbi idarələrdə yüksək vəzifələrdə çaşılmalarına, orta və ya ali təhsilli müsəlmanların arzu etdikləri sənəti seçmələrinə, pedaqoji sahədə çalışmalarına, müsəlman olan tələbələrin dövlət təqaüdündən istifadə edə bilmələrinə icazə verilmir. Rus tacirlərinə verilən hüquqlar türk tacirlərinə verilməmişdir. Uşaqların ana dilində təhsil almalarına izn verilmir. Ana dilində qəzet, jurnal, kitab nəşr etdirmək hüququndan məhrum olmaq və başqa bu kimi istəklər öz əksini tapmışdır. Müraciətdə 1864-cü ildə Qafqaz üçün hazırlanan məhkəmə quruluşu nizamnaməsinin artıq zamanın tələblərinə cavab vermədiyi göstərilirdi. Qeyd olunurdu ki, müsəlmanların adət və ənənələrini yaxşı bilən hakimlər, o cümlədən mülki işlər üzrə hakimlər yerli adamlardan seçki yolu ilə seçilsin. Müraciətdə Qafqazda yerli idarələrin yaradılması və bu idarələrin tam mənasında inzibati idarənin müdaxiləsi olmadan müstəqil olması, müsəlman xalqı üçün yerli idarədə heç bir məhdudiyyət qoyulmaması, Qafqaz müsəlmanlarına şəxsiyyət və ərazi toxunulmazlığı, fikir, söz, mətbuat azadlığı verilməsi və bunlara qarşı duran bütün qanunların ləğv edilməsi tələb olunurdu. Layihədə kəndli məsələsinə də toxunulurdu. Torpaqsız və az torpaqları kəndlilərə torpaq verilməsi və vergilərin yerli şəraitə görə ədalətli olaraq təyin edilməsini istəyən azərbaycan ziyalılar hansı torpaqların paylanması və nə miqdarda verilməsini də göstərirdilər. Kəndlilərin həyat şəraitinin yaxşılaşdırılması və yüksəldilməsi məsələsi üzərində israrla dururdular. Müraciətdə Qafqazda zemstvoların (tərkibində çox hissəsi zadəganlardan ibarət olan seçkili yerli idarə) tətbiqinin, andlı iclasçılar məhkəməsinin yaradılmasının, müsəlmanların hüquqlarının rus zadəgan və tacirləri ilə eyniləşdirilməsinin, aztorpaqlı və torpaqsız kəndlilərə torpaq verilməsinin vacibliyi və s. məsələlər mühüm yer tuturdu. Müraciətdə çarizmin müstəmləkə siyasətinə qarşı qəti etiraz ifadə olunurdu. “Ümumi milli haqq istəyi”ni Peterburqa Çar hökümətinə təqdim etmək məqsədilə Fərrux Bəy Vəzirov, Əlimərdan Bəy Topçubaşov, Əhməd Bəy Ağaoğlu, Şəmsi Əsədullayev, Ağakişi Əliyev və Nəcəf Qulu Sadıqovdan ibarət bir heyət seçildi və müraciət 2 apreldə 1905-ci ildə Rusiya Daxili işlər nazirliyinə təqdim edildi. [9. s.229].

5.Rusiya Müsəlmanları ittifaqı

Azərbaycan ziyalılarının Qafqaz müsəlmanları adı ilə tərtib etdikləri bu tələblər tezliklə Əlimərdan Bəy Topçubaşovun liderliyi ilə Rusiya müsəlmanlarının Rusiya müstəmləkəçilik hərəkatına qarşı mübarizəsinin ideyalarına və Rusiya Müsəlmanları İttifaqının əsas proqram müddəalarına çevrilmişdir. Bu məqsədlə Rusiya imperiyasında yaşayan əsir türk ellərinin, müsəlman xalqlarının sosial-iqtisadi və mədəni tərəqqisi problemlərinin birlikdə həll edilməsi və onların siyasi cəhətdən təşkilatlanması ideyası da Bakı müşavirəsində müzakirə olunmuş,Çar höküməti qarşısında qüvvətli bir cəbhə almaq və bu məqsədlə Kazan, Kırım,Türküstan, Dağıstan və Şimali Qafqaz xalqları ilə birlikdə azadlıq mübarizəsi aparmaq qərara alınmışdır. [9.s.231] Bu məqsədlə həmin ilin aprel ayında Peterburqda Rəşid Əfəndi İbrahimovun evində toplanan Azərbaycan və Tatar ziyalılarından Əlimərdan bəy Topçubaşov, Əhməd bəy Ağayev, Əli bəy Hüseynzadə, Alim Əfəndi Maksud, Binyəmin Əfəndi Ədhəm, İsmayıl bəy Qaspralı “İttifaqi-Müslimin” (Ümumrusiya Müsəlmanlar İttifaqı) adlı bir təşkilatın yaradılmasına qərar vermişlər.

6.Rusiya Müsəlmanlarının I qurultayı

Cəmi 4 aydan sonra, 1905-ci il 15 avqustda Nijni-Novqorod şəhərində 150 nəfər nümayəndənin iştirakı ilə Ümumrusiya Müsəlmanlarının I Qurultayı keçirildi. Qurultayda Rusiyanın müsəlman əhalisinin müxtəlif zümrələri (əsasən burjuaziya və ziyalılar) təmsil olunmuşdu. Çıxışlarda, əsasən, «Rusiyanın bütün müsəlmanlarını birləşməyə», müsəlman burjuaziyasının hüquqlarının Rus buıjuaziyasının hüququları ilə eyniləşdirilməyə, müsəlmanlara münasibətdə sıxışdırmaları və hüquq bərabərsizliyini aradan qaldırmağa səsləyən, «müsəlmanların doğma dillərində məktəblərin açılmasını, kitab və qəzetlərin buraxılmasını tələb edən» çağırışlar səslənirdi. Qurultayda türk xalqlarının türkçülük və müsəlmançılıq əsasında birləşdirilməsinin vacibliyi qeyd olundu. Bununla yanaşı “Müsəlman İttifaqı” adlanan qurumun yaradılması qərara alındı. Bir sıra müəlliflər qurultay təşəbbüsünün İ.B.Qaspralı və Q.İbrahimova məxsus oldugunu yazır. [4.s.117]. Əlimərdan bəy isə öz tərcümeyi-halında Rusiya müsəlmanları qurultayının keçirilməsi ideyasının ona məxsus oldugunu, 1905-ci ilin aprel–may aylarında keçirilmiş Peterburq görüşündə razılıq əldə edildikdən sonra bu qurultayın keçirilməsi məqsədilə müsəlman xadimlərinə məktublar göndərdiyini yazır. [4.s.117]. Avqustun 10-dan başlayaraq Rusiya müsəlmanlarının birinci qurultayına dəvət almış Qafqaz, Krım, Kazan,Volqaboyu,Türküstan və İdil-Uralın türk aydınları, milli burjaziya təmsilçiləri və dini xadimləri Nijni-Novqoroda gəlirdilər. Qurultayın bütün hazırlıq işlərinə Əlimərdan bəy Topçubaşov, İsmayıl bəy Qaspralı, Yusif Akçura, Rəşid Əfəndi İbrahimov, Musa Biqiyev rəhbərlik edirdi. [4.s.117]. Tədbirin keçirilməsi ilə baglı təşkilati işlərdə Fatih Kərimi, Səid-Girey Alkın, Abdulla Apanay fəal iştirak edirdilər. Rusiya hökuməti müsəlmanlarının birləşməsindən qorxaraq Nijni-Novqorodda qurultay keçirilməsinin qarşısının alınması haqqında qubernatora təlimat göndərmişdi. Avqustun 15-də Rusiya müsəlmanlarının ilk qurultayı Oka çayı üzərində “Gustav Struve” gəmisində işə başladı. Rusiya müsəlmanlarının birinci qurultayı Vladiqafqaz imamı Şakir Sadıq Əfəndi Rəhimqulun oxudugu Qurani–Kərim sədaları altında açıldı. Çünki Qurani-Kərim qurultaya toplanmış bütün nümayəndələri birləşdirən başlıca istinad nöqtəsi idi. Bu qurultayın əhəmiyyətindən biri də o idi ki, ilk dəfə məzhəb ayrılıqlarına baxmayaraq sünni və şiə müsəlman türklər bir arada problemlərini müzakirə edirdilər. Qurultay iştirakçılarını ilk giriş sözü ilə “Tərcüman” qəzetinin redaktoru İsmayıl bəy Qaspralı salamladı və onun təklifi əsasında Əlimərdan bəy Topçubaşov və Yusif Akçura qurultayın sədarətinə, Ufa quberniyasından olan Səlim-Girey Canturin isə katibliyə seçildilər. Qurultayda Əlimərdan bəy Topçubaşov Rusiya müsəlmanlarının siyasi, iqtisadi, mədəni, milli və dini problemlərinə həsr olunmuş məruzə ilə çıxış etdi. Məruzədə deyilirdi: “…Biz bir əsildən, bir nəsildən gələn, bir dinə iman gətirən türklərik. Məgribdən məşriqə qədər bizim babalarımızın yurdu olub. Babalarımızın qəhrəman xalq olmasına baxmayaraq, bu gün Qafqaz daglarında, Krım baglarında, Kazan çöllərində, babalarımızın yurdunda, öz vətənimizdə, öz torpağımızda ehtiyac və tələbatımızı azad şəkildə müzkirə etməyə ixtiyarımız qalmadı…” Qurultayda İsmayıl Qaspıralı, Abussud Axtyamov, Səid-Girey Alkın, Qabdulla Apanayev, Əhməd bəy Agayev, Qaliəsgər Sırtlanov, Qabdrəşid İbrahimov, Musa Cərullah Biqiyev, Ayaz İshakov, Fatih Kərimov, Mühəmməd-Zakir Ramiyev, Kutluq-Mühəmməd Tevkelev, Fuad Tuktarov, Molla Əli Yauşev və digərləri Topçubaşovun məruzəsində təklif etdiyi Rusiya müsəlmanlarını birləşdirəcək bir firqənin qurulması fikrini dəstəklədilər. Qurultayda Topçubaşovun məruzəsi əsasında beş maddədən ibarət qərar qəbul edildi. Qərarda göstərilirdi ki, Rusiyanın bütün vilayətlərindəki müsəlmanlar ictimai-mədəni və siyasi tələblərə uygun olaraq birləşməli, ölkədə xalq nümayəndələrinin azad seçilməsi zəminində yaradılan qanunvericilik və dövlət idarə orqanları formalaşdırılmalı, hüquqi qaydalar bərqərar olmalı, müsəlmn əhalinin hüquqları rus əhalinin bütün siyasi, vətəndaş və dini hüquqları ilə bərabərləşdirilməli, müsəlman vilayətlərində məktəblər, mətbuat orqanları, xalq kursları, qiraət evləri, maarifçilik müəssisələri açılmalı, bu məqsədlərə nail olmaq üçün mütəmadi toplanacaq müsəlman qurultaylarının rəhbərliyi altında yerli məclislər yaradılmalıdır [28.s.2-3;s.108]. Rusiya müsəlmanlarının birinci qurultayı milli kimliyin əsasını təşkil edən dini və milli ideyalar əsasında imperiyanın ruslaşma siyasətinə qarşı, Rusiya türklərinin təşkilatlanmasına və mübarizəsinə nail oldu.

Qurultayın qərarında, xüsusilə ikinci bənddə yer alan bəzi siyasi məsələlərin qoyuluşu 17 oktyabr manifesti ərəfəsində türk liderlərinin ölkədə cərəyan edən proseslərdən düzgün nəticələr çıxarmalarının aydın təzahürü idi. 17 oktyabr manifestindən əvvəl müsəlman liderlərinin siyasi partiya yaratmağa qərar verməsi onların siyasi yetkinliyindən xəbər verirdi [4.s.117]. Qurultayın qərarına əsasən Rusiyanın müsəlmanlar yaşayan vilayətləri 16 dairəyə bölündü və Bakı şəhəri Rusiya müsəlmanlarının müvəqqəti mərkəzi müəyyən edildi. Qurultayın qərarı ilə avqust ayının 15-i bütün Rusiya müsəlmanları üçün bayram günü elan edildi. Nijni-Novqorod toplantısında Rusiya müsəlmanlarının ikinci qurultayının çagırılması Ə.Topçubaşova tapşırıldı. Qurultay Rusiya türklərinin bir araya gələrək təşkilatlanmasında və müstəqil vahid siyasi qüvvə kimi formalaşmasında həlledici addım oldu [4.s.121]. 1906-cı ilin yanvar ayının ortalarında İttifaqın ikinci qurultayını keçirmək və onun təşkilati baxımdan formalaşdırılmasını başa çatdırmaq məqsədilə Əlimərdan Bəy Topçubaşov və Əhməd Bəy Agayev 1905-ci ilin dekabrında Peterburqa yola düşdülər. Peterburqda Rusiya Türklərinin siyasi həyatında aktiv iştirak edən Qabdrəşid İbrahimovla birlikdə Rusiya Müsəlmanları İttifaqının nizamnamə və proqram layihələrini, təşkilatın quruluşu və fəaliyyəti ilə baglı məsələləri müzakirə etdilər. 1906-cı il yanvar ayının 10-dan başlayaraq Peterburqa gələn qurultay işrirakçılarına qurultayın təşkilatçılrı Yusif Akçura və Musa Cərullahi Biqiyev ziyafət verdilər. Ziyafətdə Azərbaycan nümayəndə heyəti Ə.Topçubaşov, Ə.Hüseynzadə, Ə.Agayev, Q.Qarabəyov, A.Axundov da iştirak edirdilər. Qurultaydan əvvəl Rusiya Müsəlmanları İttifaqının rəhbərləri Ə.Topçubaşov, .Akçura və S.Alkin 17 oktyabr manifestindən sonra yaranmış Konstitusiyalı Demokrat Partiyasının 1906-cı ildə yanvarın 5-11-də Peterburqda keçirilən qurultayında iştirak edərək, bu partiya nümayəndələri ilə birgə seçki bloku yaradılması haqqında müzakirələr etdilər. Qazaxıstandan gəlmiş Sultan Hacı Qubaydulla Çingizxan və Ə.Topçubaşovun Rusiya müsəlmanlarının II qurultayının keçirilməsi ilə baglı müraciətinə Rusiya daxili işlər naziri Pyotr Durnov tərəfindən rədd cavabı verdikdən sonra 100 nəfərə yaxın qurultay iştirakçıları II qurultayı Peterburqun müsəlman zənginlərindən biri olan Həsən Həbibullahın evində keçirməyi qərara aldılar.

7.Rusiya Müsəlmanlarının II qurultayı

1906-cı il yanvar ayında Peterburqda Ümumrusiya müsəlmanlarının II qurultayı keçirildi. İlk iclasa İsmayıl Bəy Qaspıralı və Q.İbrahimov, sonrakı iclaslara isə Əlimərdan Bəy Topçubaşov sədrlik etdilər. Qurultayda Ə.Agayevin, Q.İbrahimovun yaxından iştirakı ilə Ə.Topçubaşovun hazırladıgı “Müsəlman İttifaqı” Partiyasının nizamnaməsi və proqramı müzakirə edildi və Ə.Topçubaşovun hazırladıgı 23 maddədən ibarət “Müsəlman İttifaqı” Partiyasının nizamnaməsi qəbul edildi. Rusiya Müsəlmanları İttifaqının Proqramının qəbulu III qurultaya saxlanıldı. Qəbul edilmiş yeni nizamnaməyə görə İttifaqın Mərkəzi komitəsinin Bakıda yerləşməsi nəzərdə tutulmuşdu və həmin dövrdə Bakı Rusiya müsəlmanlarının siyasi mərkəzi kimi tanınırdı. Qurultayın sənədlərindən aydın olurdu ki… Bakının siyasi mərkəz kimi seçilməsi Rusiya müsəlmanlarının rəğbətlə yanaşdığı “Kaspi” qəzetinin nüfuzlu redaktoru Əlimərdan bəyə və onun şəxsində müsəlman dünyasının ən zəngin neft milyonçusu olan Hacı Zeynalabdin Tağıyevə olan hörmətlərindən irəli gəlmişdi [4.s.130]. Nizamnaməyə əsasən Rusiyanın müsəlmanlar yaşayan quberniya mərkəzləri 16 rayona bölünmüşdü. Bütün bu məntəqələrdə yerli məclislərin yaradılması və bu məclislərin Ümumrusiya müsəlman qurultaylarına, qurultaylararası dövrdə isə İttifaqın Ali məclisinə tabe olması nəzərdə tutulurdu. Qurultayda Duma seçkilərində Rusiyanın Konstitusiyalı Demokratlar Partiyası (Kadet) ilə əməkdaşlıq edilməsi, bu partiya ilə bir blokda seçkilərə gedilməsi qərara alındı. Kadet partiyası ilə əməkdaşlığa qərar verilməsi bu partiyanın proqramında Rusiya imperiyasında yaşayan xalqların, “milli ucqarların” problemlərinin qismən də olsa nəzərə alınması ilə bağlı idi. 5-11 yanvar 1906-cı ildə keçirilən II qurultaylarında kadetçilər imperiya daxilində xalqlara bəzi hüquqların – ana dilindən istifadə, ana dilində məktəb, təhsil, mətbuat və s. verilməsinə tərəfdar olduqlarını nümayiş etdirimişdilər. Kadetçilər rus olmayan millətlərin assimilyasiya edilməsinin əleyhdarı kimi çıxış edirdilər. Kadet liderləri İ.V.Qessen, L.İ.Petrajitski və digərləri Duma seçkiləri ərəfəsində Müsəlman İttifaqı ilə əməkdaşlıga böyük əhəmiyyət verirdilər. Eyni zamanda Kadet mətbuatı və partiya liderləri müsəlmanların tələbləri ilə konstitusiyaçıların proqramının oxşarlığını tez-tez vurğulayırdılar. Bu oxşarlığın əsasını liberal ideyalar təşkil edirdi. Kadet Partiyasının Polşa və Finlandiya əhalisinin milli hüquqlarını tanıması müsəlman ziyalılarının “xalq azadlıgı” ideyalarına ümidlərini artırmışdı. Ə.Topçubaşovun konstitusiyaçılarla əməkdaşlığa üstünlük verməsi də məhz bununla bağlıdır. Bolşeviklər Rusiya Müsəlmanları İttifaqının konstitusiyalı demokratlara münasibətini obrazlı şəkildə “başı çalmalı və əmmaməli tatar kadetizmi” adlandırmışdılr. [29.s.150] Rusiya Müsəlmanları İttifaqının II qurultayı imperiyanın Türk və müsəlman xalqlarının təşkilatlanması, Ə.Topçubaşovun Ümumrusiya siyasi səhnəsinə çıxması baxımından əhəmiyyətli hadisə oldu. İttifaqın II qurultayının yekunları Topçubaşovun Rusiya müsəlmanları arasında artan nüfuzunu, ölkənin siyasi həyatında gündən-günə genişlənən fəal rolunu təsdiq etdi.

H.Baykaranın yazdığına görə siyasi hakimiyyət və azadlıq uğrunda mübarizədə, 20-ci əsrin əvvəllərində Azərbaycan-türk ziyalıları əsasən, üç: 1) islamçılıq və türkçülük (Ə.Ağaoğlu, Ə.Hüseynzadə və b.); 2) liberal-demokratik (Ə.Topçubaşov və b.); 3) və sosial-demokratik (marksizm) (M.Ə.Rəsulzadə və b.) cəbhədə təmsil olunmuşdular. Sonralar 1 910-cu illərdən etibarən Türkiyədəki Türkçülük hərəkatının təsiri ilə M.Ə.Rəsulzadə sosial-demokratik cəbhəni tərk edərək milli-demokratik cəbhəyə keçmişdir.

H.Baykaranın fikrincə, həmin dövrdə “panislamist” Ə.Ağaoğlu geniş və dərin, teoretik şəkildə “islam millətçiliyi”ni, “pantürkist” Ə.Hüseynzadə osmanlı türkçülüyünü təbliğ etdiyi zaman, “liberalist” Ə.Topçubaşov “Rusiya müsəlmanlarının birliyi “ devizi altında, daha çox Azərbaycan türk xalqının milli-mədəni muxtariyyəti üçün çalışmışdır [7.s.112]. O yazır: “Ə.Topçubaşovda Ə.Ağayevin geniş və dərin teosentrik panislamizmi yox idi. Sanki o, belə bir ideyanın müvəffəqiyyətlə başa çatmayacağını qabaqcadan hiss etmiş və anlamışdı. Bu məqsədlə o, 1905-ci il inqilabının gətirdiyi azadlıq nemətlərindən Azərbaycan xalqı üçün əlindən gələn qədər daha çox pay qoparmaq istəyirdi” [7.s.112].

8.Rusiya Dövlət Dumasında Türk-Müsəlman Fraksiyası

Azərbaycanlıların təbəələri olduqları Rusiya imperiyasının ali nümayəndəli qanunvericilik orqanlarında iştirakı 1905-1907-ci illər Rusiya inqilabının təsiri ilə ölkənin siyasi sistemində dəyişikliklər etmək zərurətindən yaranan Dövlət Dumasından başlanır. Çar II Nikolayın 1905-ci il 17 oktyabr tarixli manifesti əsasında təsis edilən I Dövlət Dumasının 1906-cı il aprelin 27-də işə başlaması ilə imperiyanın, o cümlədən Cənubi Qafqazın müsəlman əhalisi ilk dəfə olaraq seçki prosesinə cəlb edilmiş və Bakı, Gəncə, İrəvan, Tiflis quberniyalarını əhatə edən bu seçkilərdə Dumaya beş azərbaycanlı deputat – Əlimərdan bəy Topçubaşov, İsmayıl xan Ziyadxanov, Əbdürrəhim bəy Haqverdiyev, Məmmədtağı Əliyev və Əsədulla bəy Muradxanov seçilmişdilər. Azərbaycanlı deputatlar 36 nəfərdən ibarət olması nəzərdə tutulan müsəlman parlament fraksiyasına daxil idilər və maraqlıdır ki, tatarların üstünlük təşkil etdikləri bu fraksiyaya o dövrdə artıq peşəkar hüquqşünas və nüfuzlu ictimai xadim kimi tanınan Ə.Topçubaşov rəhbərlik edirdi. Azərbaycanlı deputatlar I Dumanın işində kifayət qədər fəal iştirak etmiş və müzakirə olunan məsələlərə öz münasibətlərini bildirərkən təmsil etdikləri xalqın hüquqlarının müdafiəsini əsas tutmuşlar. 1905-ci il dekabr ayının 11-də Nazirlər Kabinetinin sədri Vitte tərəfindən hazırlanmış seçki qanunu haqda çar fərmanı elan edildikdən sonra uzun müddət milli və siyasi hüquqlardan məhrum edilmiş Rusiya türklərinə də Dumada təmsil olunmaq haqqı verilmişdi. Türk-müsəlman ərazilərinin Rusiya tərəfindən işğalından sonra bu, ilk hadisə idi ki, müsəlman xalqları Rusiyanın ümumdövlət fəaliyyətinə qoşula bilərdilər. 1906-cı il may ayının 31-də keçirilmiş seçkilərdə Rusiya I Dövlət Dumasına Bakı seçki dairəsindən seçilmiş Əlimərdan bəy Topçubaşov Bakı sakinləri qarşısındakı çıxışında “Bakı əhalisi Rusiya azadlıq hərəkatında fəal iştiraka qədəm qoyur. Mən Qafqazın mümkün dərəcədə geniş və tam özünü idarəsinə tərəfdaram. “Yerli işlər yerli adamlara verilməlidir” devizi Qafqazın bütün xalqlarına eyni dərəcədə tətbiq edilməlidir” [4.s.136]. deyə bildirdi. Kaspi qəzetinin redaksiysında Kaspi və Həyat qəzeti əməkdaşları ilə görüşdə “mən konstitusiyalı idarəçiliyin tərəfdarıyam və hesab edirəm ki,… bizim ölkəmizdə həyatın vətəndaş və siyasi azadlıqlar zəminində qurulmasının qarşısını alan bütün maneələri aradan qaldırmaq lazımdır” şüarları ilə özünün liberal –islahatçı fəaliyyət proqramını və məqsədini elan etdi [32].

Bakı quberniyasından I Dövlət Dumasına Əlimərdan bəy Topçubaşov, Məmməd Tağı Əliyev və Əsədulla bəy Muradxanov millət vəkili seçilmişdilər. Rusiya imperiyasında Bakı müsəlmanların yaşadığı yeganə şəhər, yeganə quberniya idi ki, I Dövlət Dumasına seçkilərdə bu quberniya üçün ayrılmış hər üç millət vəkili yerinə türk-müsəlman namizədlər seçilmişdi. Əhalisinin böyük hissəsi müsəlmanlardan ibarət olan Kazan, Ufa və Orenburq kimi şəhərlərdən Dövlət Dumasına seçkilərdə yalnız ruslar qazanmışdı [33.s.149] Bu qələbə XIX əsrin sonu –XX əsrin əvvəllərində Bakıda getdikcə dərinləşən milli hərəkatın uğurlu bir yekunu idi. Bu böyük uğurdan sonra Əli bəy Hüseynzadə “Həyat” qəzetində yazırdı: “Qafqaz türkləri türklərin ən hürriyyətpərvəridir… Bu məmləkətdə heç bir qüvvət hürriyyət arzusunu məhv edə bilməz… Qafqaz hürriyyət aləminin tarixində mühüm rol oynayacaqdır, bu rollardan ən böyüyü Qafqaz və Azəbaycan türklərinə aiddir” [6] I Dövlət Dumasına Azərbaycandan Ə.Topçubaşov, İ.Ziyadxanov, Ə.Muradxanov, Ə.Haqverdiyev, M.Əliyev və Ağa xan İrəvanski vəkil seçildilər. 1906-cı ilin iyun ayının 21-də Peterburqda müsəlman əyalətlərindən seçilmiş vəkillərin ilk iclası keçirildi. 22 nümayəndənin iştirak etdiyi bu iclasda Ə.Topçubaşov I Dövlət Dumasının Müsəlman fraksiyasının lideri seçildi. Fraksiya Rusiya müsəlmanlarının problemlərini müzakirə etməklə yanaşı Rusiya müəlmanlarının III qurultayına da hazırlıq işləri görürdü. Topçubaşov Müsəlman fraksiyasına rəhbərlik etməklə yanaşı, I Dövlət Dumasında Polşadan olan deputat Aleksandr Ledniçiskinin təşəbbüsü ilə yaradılmış “Muxtariyyətçilər birliyi”nin də həmsədri seçilmişdi [16.s.48] Cəmil Həsənlinin qeyd etdiyinə görə ABŞ –ın Viskonsin Universitetinin professoru V.Furnio Ə.B. Topçubaşovun bu dövrdəki nəhəng fəaliyyəti ilə bağlı yazır: “Bu illərdə Ə.B.Topçubaşov Rusiyanın bütün müsəlmanlarının həyatında xüsusi yer tutan tarixin kiçik bir parçasının həqiqi yaradıcılarından biri olmuşdur” [4.s.138].

Fraksiya Duma qarşısında Müsəlman vilayətlərində yeridilən aqrar siyasətin dəyişdirilməsi, aqrar islahatların aparılması ilə bağlı məsələlər qaldırmağa çalışırdı. Topçubaşov vəqf torpaqlarının müsəlman cəmiyyətlərinə qaytarılmasını tələb edirdi. Əlimərdan bəy fraksiya lideri kimi Rusiyada yaşayan bütün türklərin və müsəlmanların problemlərini həll etməyə çalışırdı. Şimali Qafqazda çeçen və inquşlara qarşı yeridilən ayrıseçkiliyə, yerli əhali ilə gəlmə ruslar arasında hökumət nümayəndələrinin nifaq salmaq siyasətinə fraksiya adından kəskin etiraz etmişdi. Terek vilayətindən seçilmiş Taştemir Eldarxanovla birlikdə o, bu məsələ ilə bağlı Dumaya sorğu vermişdi. Qırğız vilayətindəki torpaq komissiyasının qeyri-qanuni fəaliyyəti, Gəncə qəza rəisi Avelianinin zorakılığı, Türküstan türklərinin haqlarının tapdalanması Rusiya müsəlmanlarının lideri olaraq onun etirazlarını doğurmuşdu. Topçubaşov Rusiya müsəlmanlarına qarşı yeridilən şovinizm siyasəti barədə yazırdı. “İyirmi milyonluq Rusiya müsəlmanlarının cəmi 36 deputatla təmsil olunmasının ölkədəki xalq təmsilçiliyi ideyasının özünə məhvedici zərbə vurduğunu söyləməyə ehtiyac varmı? Əyalətlər üzrə deputat yerlərinin müəyyənləşdirilməsi zamanı müsəlmanlara münasibətdə açıq–aşkar ədalətsizliyə yol verilmişdir. Bir sıra yerlərdə isə bu ədalətsizlik dəhşətli miqyas almışdır” [30]. “Türküstan diyarının beş milyon yerli əhalisi Dumada altı vəkillə təmsil olunurdusa, 300 minlik yadelli rus əhalisi 5 vəkillə təmsil olunurdu. Yəni 834 min müsəlman əhalisindən bir deputat seçildiyi halda, 60 min rus əhalisindən bir deputat seçilmişdi” [17. s.15].

Krım türkləri öz tələblərini Dumada səsləndirməyi Əlimərdan bəyə həvalə etmişdi. Müsəlman fraksiyası Türkiyə Parlamenti və İran Məclisi ilə də əlaqə yaratmagı planlaşdırırdı. Lakin iyulun 8-də P.Stolıpin hökümətinin qərarı ilə I Dövlət Duması qovulduğundan bu ideyalar həyata keçmədi. Qeyd edilməlidir ki, I Dövlət Dumasının ömrü çox qısa olmuş, demokratiya qanunlarına alışmamış çar hakimiyyəti Dumadaxili və ondan kənarda ziddiyyətlərin kəskinləşməsindən narahat olaraq 1906-cı il 9 iyul manifesti ilə Dumanın buraxıldığını elan etmişdir. Burada bəzi azərbaycanlı deputatların cəmi bir sessiya fəaliyyət göstərmiş Dövlət Dumasının işində nə qədər cəsarətli və prinsipial mövqe tutduqlarını nümayiş etdirən bir məqama diqqət yetirmək maraqlı olardı. I Dumanın buraxılması ilə razılaşmayan bir qrup deputat (kadetlər, trudoviklər və sosial-demokratlar) öz iclaslarını Peterburq yaxınlığında – Vıborqda keçirməyi qərara alır. 9-10 iyulda 200 deputatın iştirakı ilə keçirilən bu iclaslarda hökumətə passiv müqaviməti nəzərdə tutan Vıborq Müraciətnaməsi qəbul olunur. Həmin müraciətnaməni imzalayanlar arasında Əlimərdan bəy Topçubaşov və İsmayıl xan Ziyadxanov da var idi. Çar hökuməti bu sənədi imzalayanları ən ciddi şəkildə cəzalandırır, onlar, o cümlədən Ə.Topçubaşov və İ.Ziyadxanov üç aylıq həbsə məhkum edilməklə növbəti seçkilərdə iştirak etmək hüququndan məhrum edilirlər. Azərbaycanın və Rusiyanın bu dövlət və ictimai xadimlərinin, xüsusilə artıq o dövr Rusiya müsəlmanlarının ən nüfuzlu lideri sayılan Əlimərdan bəyin Dumanın sonrakı heyətlərində iştirak etməməsinin səbəbi bu qadağa ilə bağlıdır.

9.Rusiya Müsəlmanları İttifaqının III Qurultayı

Duma buraxıldıqdan sonra müsəlman duma üzvləri paytaxtdakı müsəlman cəmiyyəti ilə birlikdə toplantı keçirdi və Rusiya müsəlmanlarının III qurultayının Nijni-Novqorodda keçirilməsi haqqında qərar qəbul edildi. Qurultay 1906-cı ilin avqust ayının 16-da Nijni- Novqorod şəhərinin mərkəzi klubunda, yerli molla Xəlil Əfəndinin oxuduğu Quran ayəsi ilə işə başladı. Qurultayda Qafqaz, Krım, Volqaboyu, Sibir, Türküstan və Qırğızıstandan min nəfərə qədər nümayəndə iştirak edirdi. Rusiya Müssəlmanlarının III qurultayının mərkəzi siması Ə.Topçubaşov idi. Birinci Rus inqilabı dövründə baş verən siysi proseslərdə fəal iştirakı onun yetkin liderə çevrilməsinə səbəb olmuşdu . Məhz buna görə də qurultayın sədri Topçubaşov seçildi. [19.s.64]. Qurultayın 15 nəfərdən ibarət Rəyasət Heyətinə Əlimərdan bəy Topçubaşov, İsmayıl bəy Qaspralı, Qabdrəşid İbrahimov, Mustafa Şirvanski, Səid-Girey Alkın, Yusif Akçura, Musa Biqiyev, Şahaydar Sırtlanov, Səlim-Girey Çanturin və başqaları daxil idilər. Qurultayın avqustun 16-da keçirilən birinci iclasında Qabdrəşid İbrahimovun məruzəsi əsasında bütün müsəlmanların birləşməsi və birlikdə hərəkət etmələrinin zəruriliyi müzakirə edilərək İttihadi-İslam fikri müdafiə edilmişdir. Q.İbrahimov məruzəsində qurultay iştirakçılarına “mən ittihadi-islamın xidmətindəyəm” deyə müraciət etmişdir. Avqustun 17-də davam edən ikinci iclasda Rusiya Müsəlmanlarının 17 oktyabr manifestindən yararlanaraq açıq siyasi fəaliyyət göstərməsinin vacibliyi, bu məqsədlə millətçilik və dini əsaslara söykənən proqrama malik müsəlman partiyasının yaradılmasının zəruriliyi haqqında .Akçura geniş məruzə ilə çıxış etdi və Topçubaşovun hazırladığı proqram layihəsini qəbul etməyi təklif etdi. İ.Qaspralı, Ə.Saydaşov, Ş.Sırtlanov və Q.İbrahimov bu təklifi dəstəklədilər. Əlimərdan bəy çıxışında Rusiyada İslam dininə münasibətin kökündə siyasi və dini məqsədlərin dayandığını vurğulayaraq qeyd etdi ki, “Rusiyada İslama mane olan nədir? Missionerlərə ianə verib onları Peterburqdan bizlərə yollayan düşmənlərimizdir. Onlara qarşı dayanmaq gərəkdir… bizim üçün ən lazım olan şey hürriyyəti-dindir… hər zaman hürriyyəti–din məqsədimizdir… dinsiz həyatımız yoxdur, bunu anlasınlar”. Rusiyanın İslam dinini parçalaması və xristianlaşdırma, ruslaşdırma siyasətinin qarşısının alınması üçün “hər şeydən əvvəl Rusiya müsəlmanları arasında ittifaq lazımdır” deyə Əlimərdan bəy qurultaya müraciət etdi [19. s.64]. Dini islahatlarla bağlı qəbul olunan qərarlar haqqında çıxış edən Əlimərdan Bəy Topçubaşov “…Mən bu qərarlara bir maddə də əlavə edilməsini təklif edirəm. Kagızlarımızda yazılmasa da ürəklərimizdə yazılsın. Maddələrin maddəsi İslamiyyətin əsasıdır əsil islam, Məhəmməd peyğəmbərə söykənən islam-.M). İslamda təfriqə (ayrılıq) olmasın. Bu Sünni, bu Şiyə, bu Hənəfi, bu Şafei deyilməsin. Şiyəlik-sünnilik yox (Yox olsun-.M). Məhəmmədilik şərəfi ilə iftixar edək. İslamiyyət libası taxtında hamımız bir qardaş kimi toplanaq” deyərək Rusiya türk-müsəlmanlarını dini birliyə çağırmışdır [9. s.233-234]. Bu ittifaqın əsasını qoymaq üçün ikinci iclasda İttihadi-İslam partiyasının proqram layihəsinin təkmilləşdirilməsi ilə baglı komissiya yarandı. Avqustun 18-də Əlimərdan bəyin sədrliyi ilə keçən üçüncü iclasda təhsil məsələsi müzakirə edildi və A.Apanayın sədrliyində məktəb və təhsil komissiyası yaradıldı. A.Apanayın başçılıq etdiyi komissiya Rusiya müsəlmanlarına qarşı yeridilən ruslaşma siyasətini tənqid edib məktəb və mədrəsələr haqqında 33 madddədən ibarət sənəd qəbul etdi. Xristian missionerlərin tövsiyəsi əsasında mədrəsələrdə rus əlifbasının tətbiqinə, rus dilinin tədrisinə nail olmağı məqsəd güdən Rusiya Maarif Nazirinin təhsil siyasəti kəskin tənqid edilərək qeyd edildi ki, məktəblərdə dərslərin bir proqram əsasında, türk dilində, ərəb əlifbası ilə keçirilməsi, Rusiya müsəlmanları üçün vahid dərsliklərin hazırlanması, Kazan, Bakı, Baxçasarayda yerli müsəlmanlardan müəllimlərin tədrisə cəlb olunması və müəllimlər seminariyalarının açılması, müsəlmanların oxuduğu rus məktəblərində İslam dini və türk dili dərslərinin keçilməsi, türk ədəbi dilinin tədrisinə diqqətin artırılması qeyd edildi. Qurultayın məktəb-mədrəsə komissiyasında Üsul-i Cədid təhsil sisteminə süərətlə keçilməsi haqqında qərar qəbul edilmiş və təhsil dili ilə bağlı İsmayıl Qaspıralının bu təklifi alqışlarla və səs birliyi ilə qəbul edilmişdir. “Ümumən Türklərin əsli-nəsli birdir. Zaman və məkan fərqləri ilə şivə və adətlərimizdə fərqlər peyda olmuşdur. Bu fərqlər bir-birimizi anlamayacaq dərəcəsinə qədər inkişaf etmişdir. Bundan sonra məktəblərimizdə ədəbi dili bir olan təhsil sisteminə keçməliyik… ibtidai məktəblərimiz üçün dörd illik tədris nəzərdə tutulmuşdur. Bunun üç ilində təhsil sadə məhəlli şivə ilə tədris olunmalı, son ilində isə ümumi Türk dilində yazılmış kitablar oxudulmalıdır. Bunun nəticəsində tədricən müxtəlif şivə və ləhcələr birləşmiş olacaqdır” [9.s. 234]. Yusif Akçura sədrliyində tatar dilində aparılan dördüncü iclasda Q.Qaliyev rəhbərliyində yaradılmış dini islahat komissiyasının 13 maddədən ibarət hazırladıgı qərar layihəsi müzakirə edildi. Müzakirə zamanı Əlimərdan bəyin “Müxtəlif məzhəblər arasındakı fərqlərin heç bir əhəmiyyəti yoxdur. Bu Rusiya müsəlmanlarının ruhani işləri üçün ümumi bir müəssisənin vücuduna dini nöqteyi nəzərdən bir maneə təşkil edə bilməz” təklifi əsasında Rusiya müsəlmanlarının vahid dini idarələrinin yaradılması qərara alındı. Bu qərar türk-islam tarixində İslam ümmətçiliyindən türk millətçiliyinə tarixi keçidin zəminini hazırladı. [19.s.64]. Dini məsələrlə bağlı qərarda Rusiya türk-müsəlmanları arasında hökumət tərəfindən himayə edilən misyonerlik fəaliyyəti də kəskin tənqid edilmiş, 17 oktyabr manifestinə uyğun olaraq ölkədə vicdan azadlığının bərqərar edilməsi tələb edilmişdir. Topçubaşovun imzası ilə bu qərar teleqramla baş nazir P.Stolıpinə göndərilmişdir. Rusiya müsəlmanlarının III qurultayında Rusiya Müsəlmanları İttifaqının Ə.Topçubaşov tərəfindən hazırlanmış Rusiya müsəlmanlarının siyasi, iqtisadi, ictimai, dini problemlerini həll etmək məqsədi güdən 11 bölmədən 75 paraqrafdan ibarət proqramı qəbul edildi. Proqram Rusiya türklərinin milli və dini haqlarını, vətəndaş hüquqlarını təsbit etməklə yanaşı, liberal ideyaları özündə əks etdirirdi. Proqram Rusiya Müsəlmanları İttifaqına ümummilli xarakter verir, onu siniflərarası mübarizənin fövqündə duran bir təşkilat kimi təqdim edir, Rusiyanın siyasi quruluşunun konstitusiyalı monarxiya olmasını müdafiə edir, xüsusi mülkiyyətin toxunulmazlığı ideyasını dəstəkləyir, Rusiya müsəlmanlarının milli-mədəni muxtariyyət hüquqlarını müdafiə edirdi [11.s.355]. Qurultayda Əlimərdan bəy Topçubaşov Rusiya Müsəlmanları İttifaqının sədri seçildi. Dövlət Dumasının Müsəlman fraksiyasına sədrlik etmiş Topçubaşov Rusiya Müsəlmanları İttifaqına rəhbərlik etməklə Rusiya türklərinin lideri olmaq missiyasını rəsmən təsdiq etdi. Qurultayın iştirakçısı olmuş Musa Carullahi Biqiyev özünün “İslahat əsasları” əsərində yazır. “Əlimərdan bəy hüququ gözəl bilən, özünəməxsus siyasi biliyə və təmkinə malik bir ziyalı idi” [28.s.2-3;s.108]. M.Rəsulzadənin yazdığına görə “İttifaqül-müslimin” müsəlman partiyasının sədri, birinci Dövlət Dumasında demokratik yeniləşmələr uğrunda mübariz Ə.Topçubaşov siyasi tarixdə özünün dünyagörüşü və siyasi konsepsiyasında Azərbaycan xalqının, Rusiyanın bütün türk və əzilən xalqlarının müstəqillik uğrunda mübarizəsi, islam siyasi fəlsəfəsinin ölməz ideyaları kimi müxtəlif düşüncələri və dünya demokratiyasının bütün dəyərli təcrübələrini sintez etməyi bacarmışdır.

Onun həyat şüarı məşhur gürcü şairi A.Seretelinin dəfnində söylədiyi bu aforizmdə ifadə olunub: “Yaşa və başqalarını da yaşamağa qoy!”. Bu prinsipə – cəmiyyətdə barışıq, millətçilik və demokratiyanın təntənəsi naminə bütün qabaqcıl qüvvələrin birləşdirilməsi prinsipinə çarizmlə çarpışma illərində də, gənc milli dövlətin quruculuğunun xoşbəxt aylarında da, mühacirətin ağır illərində də sadiq qalmışdır.

10.I-II-III-IV Dövlət Dumasında Türk-Müsəlman fraksiyasının fəaliyyəti

Bununla belə, 1907-ci il 20 fevral-2 iyun tarixdə çağırılmış II Dövlət Dumasında azərbaycanlı deputatların artıq yeni dəstəsi qanunvericilik fəaliyyətinə başlayır. Seçkilərdə iştirak edənlərin dairəsi seçki qanununa “Senat izahı” adlı sənədlə məhdudlaşdırılsa da, bu dəfə artıq 6 azərbaycanlı deputat mandatı almağa müvəffəq olur: Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, Məhəmməd ağa Şahtaxtlı, Mustafa Mahmudov, Zeynal Zeynalov və İsmayıl Tağıyev. Sonuncu şəxs Dumanın işində iştirak etməsə də, Müsəlman fraksiyasına daxil olan azərbaycanlı deputatlar, xüsusilə F.Xoyski və X.Xasməmmədov dəfələrlə müzakirələrdə yalnız öz adlarından deyil, fraksiya adından da çıxışlar etmişlər. Bu dəfə də Dumaya seçkilərin nəticələrindən narazı qalan və onun qovulması üçün bəhanə axtaran çar hökuməti cəmi 103 günlük fəaliyyətdən sonra II Dumanın da işinə son qoyur. I və II Dumaların mahiyyət etibarilə hökumətə müxalif mövqedə durması çar rejimini Dumaya seçki prosesini daha ciddi tənzimləmək qənaətinə gətirir. III Dövlət Dumasına seçkilər artıq 1907-ci il 3 iyun tarixində qəbul edilmiş, vəziyyəti mülkədar və burjua nümayəndələrinin xeyrinə dəyişmiş yeni seçki qanunu əsasında aparılır. Nəticədə milli ucqarlardan olan nümayəndəliklərə verilən yerlər xeyli azaldılır. 1907-ci il noyabrın 1-də çağırılan III Dumanın cəmi 8 nəfərdən ibarət olan müsəlman fraksiyasında Cənubi Qafqazın müsəlman əhalisini yalnız bir deputat, azərbaycanlı Xəlil bəy Xasməmmədov təmsil edir [11.s.356]. Əvvəlki dumalardan fərqli olaraq, bu Dumaya nəzarəti ələ almış çar hakimiyyəti onun səlahiyyət müddətinə müdaxilə etmir və Duma 1912-ci ilə qədər beş çağırış sessiyasını tam işləyir. Artıq ikinci dəfə Dumaya deputat seçilən X.Xasməmmədov müsəlman fraksiyasının ən fəal üzvü olur, müsəlmanların hüquq və azadlıqları, ana dilində təhsil almaları və digər məsələlərə dair çıxışlar edir, 1905-1907-ci illər Cənubi Qafqazda milli zəmində baş verən münaqişələrin müzakirələri zamanı onların bir səbəbi kimi çarizmin köçürmə siyasətini açıb göstərir. 1912-ci il noyabrın 15-də fəaliyyətə başlayan IV Dövlət Dumasına seçkilər də milli ucqarlardan nümayəndəliklərinin sayının məhdudlaşdırılması prinsipi üzrə aparılır və bu səbəbdən Dumanın artıq 7 nəfərdən ibarət olan müsəlman fraksiyasında Cənubi Qafqazın müsəlman əhalisini yenə də yalnız bir deputat – bu dəfə Məmməd Yusif Cəfərov təmsil edir [11.s.356]. Əvvəlki dumalarla müqayisədə nüfuzu xeyli aşağı düşmüş bu qanunvericilik orqanının hakimiyyətə münasibətdə bir qədər gözləmə mövqeyi I Dünya müharibəsi başlayandan sonra tədricən əks xarakter alır. Birinci cahan müharibəsi ərəfəsində Rusiyada sosial-siyasi ziddiyyətlərin son dərəcə kəskinləşməsi nəticəsində 1917-ci il fevral çevrilişi bu ölkədə mütləqiyyət hakimiyyətini devirdi, ölkədə ikihakimiyyətlilik yaratdı, demokratik qüvvələrin və təşkilatların canlanmasına böyük təkan verdi. İmperator II Nikolaya qarşı müxalifət mərkəzlərindən birinə çevrilən Dövlət Duması Rusiya imperiyasının əsaslarını dağıdan 1917-ci il fevral inqilabında mühüm rol oynayır və İmperatorun Dumanın fəaliyyətinin aprel ayına qədər dayandırılması haqqında 25 fevral tarixli əmrinə tabe olmur. Artıq inqilabın ilk günü – fevralın 27-də Dövlət Dumasının Müvəqqəti Komitəsi yaradılır və faktiki olaraq ölkədə ali hakimiyyət funksiyasını yerinə yetirən bu orqan Rusiyanın Müvəqqəti Hökumətini təşkil edir. Monarxiya devrildikdən sonra Duma bir daha tam tərkibdə toplaşa bilməsə də, onun Müvəqqəti Komitəsi müntəzəm olaraq öz iclaslarını keçirir. Müvəqqəti hökumət “Müəssislər Məclisi”nə seçkilərin başlanması ilə əlaqədar olaraq 1917-ci il oktyabrın 6-da Dövlət Dumasının buraxılması haqqında qərar qəbul edir. Lakin bu məsələyə son nöqtəni 1917-ci il 25 oktyabr (yeni təqvimlə 7 noyabr) çevrilişi qoyur. RSFSR Xalq Komissarları Sovetinin 1917-ci il 18 dekabr tarixli dekreti ilə Dövlət Duması və Müvəqqəti Komitənin dəftərxanası ləğv olunur [11.s.357]. Daha çox rus şovinist millət vəkilləri Dumada iştirak etdiyi üçün öz istəklərini həyata keçirə bilirdilər. Başqa millətlərin nümayəndələrinə olduqca sərt davranırdılar. Bir türk millət vəkili kürsüyə çıxıb öz hüquqlarını tələb etdiyi zaman onu yerdən təhqir edir, “rədd olun, gedin Türkiyəyə” deyə qışqırırdılar. Türk millət vəkilləri məhsuldar torpaqların ruslar tərəfindən kəndlilərin əllərindən alınaraq başqa yerlərə köçürülməsi siyasətinə qarşı çıxır, onların bu əməllərini pisləyirdilər. Amma türk millət vəkillərinin bu istəkləri rus şovinist millət vəkilləri tərəfindən rədd edilirdi . Çox vaxt da müsəlman millət vəkillərinə danışmaq üçün söz verilmirdi. Göründüyü kimi rus şovinistləri başqa millətlərə yuxarıdan-aşağıya baxır, hətta onları bir millət kimi tanımaq belə istəmirdilər. Rusiya işğalı altında olan Müsəlman Türklərin haqlarını qorumaq mübarizələri Rus şovinistlərini son dərəcə narahat edirdi. Baş nazir Stolıpin “Ortodoks Din Şurası” sədri Lukyanova yazdığı məktubda bu narahatlığını belə ifadə etmişdir. “Xristian millətinin müsəlman dünyası ilə mübarizəsi dini olmayıb siyasi, dövlətlər arası və mədəni bir mübarizədir. Panislamizmin son zamanlardakı müvəffəqiyyəti bununla izah olunmalıdır.Bu müvəffəqiyyət bizim Rusiyada böyük əhəmiyyət daşıyır.Bir çox millətləri ehtiva edən Rusiya müsəlmanlığının… müxtəlif şivələrdə olsalar da, əsasən bir dildə danışan türk irqinə mənsub olmaları nəzərdən uzaq tutulmamalıdır” [9.s.235]. Rusiya işğalı altında yaşayan türk-müsəlmanların Ruslarla birlikdə bərabər haqlar uğrunda mübarizə aparmalrı Rus baş naziri Stolipini və çar II Nikolayı qəzəbləndirmişdir və bu dumada fəaliyyət göstərən türk vəkillərinin sayının azaldılması ilə nəticələnmişdir [9.s.235]. Əsarətdə yaşayan türklərin I Dumada 46 millət vəkili var idı, II Dumada bu sayı mühafizə etmişdilər. III Dumada seçki qanununun türklər və sol partiyalar əleyhinə azaldılması üzündən türklərin millət vəkilinin sayı 10, IV Dumada isə 7 nəfər olmuşdu. Cəmi 11 illik tarixi olan Rusiya Dövlət Duması Azərbaycanda parlamentarizmin inkişafında əhəmiyyətli rol oynayır. İmperiyanın müsəlman əhalisinin ölkənin bu ali nümayəndəli hakimiyyət orqanında az sayda təmsil edilmələrinə baxmayaraq, müsəlman, o cümlədən azərbaycanlı deputatlar üçün bu təmsilçilik yalnız dövlət idarəçiliyi sistemi ilə içəridən tanışlıq, qanunvericilik prosesində bilavasitə iştirak və Dumanın fəaliyyətini istiqamətləndirən müxtəlif təmayüllü partiya fraksiyaları ilə ünsiyyət nəticəsində sırf siyasi, parlamentçilik təcrübəsi əldə edilməsi ilə məhdudlaşmır. Etnik, dini və mədəni baxımdan rəngarəng Rusiya imperiyasının özünəməxsus “xalqlar nümayəndəliyi” funksiyasını yerinə yetirən bu ali hakimiyyət orqanında dini eyniyyətinə görə “müsəlman” adlanan fraksiyada birləşən, Dumanın digər üzvləri tərəfindən isə daha çox “milli qrup” kimi qəbul edilən müsəlman deputatların birgə fəaliyyət təcrübəsi artıq həmin dövrdə Rusiya müsəlmanlarının, (azərbaycanlı deputatların ən fəal iştirakı ilə) ümummilli siyasi mərkəzlərinin yaradılması cəhdlərinə gətirib çıxarır.

11.Ümumqafqaz Müsəlmanlarının I Bakı Qurultayı

Fevral çevrilişindən sonra Azərbaycanda da inqilabi, azadlıq və milli demokratik hərəkat yeni vüsət aldı. Fevral inqilabının ilk aylarında Azərbaycan siyasi qüvvələrinin gördüyü işlər sırasında iki mühüm tədbir xüsusi qeyd olunmalıdır. Bunlar 1917-ci ilin aprel və may aylarında keçirilən Qafqaz müsəlmanlarının Bakı və Rusiya müsəlmanlarının Moskva qurultaylarıdır. Azərbaycan milli qüvvələri Rusiyanın bütün müsəlman xalqları ilə birlikdə Azərbaycan xalqının da müqəddəratının təyin edilməsi yollarını məhz bu qurultaylarda formalaşdırmağa başlayırlar.
Ərazi muxtariyyəti formasında milli dövlətçiliyin yaranması tələbini özündə ehtiva edən Azərbaycan milli hərəkatının ilk siyasi proqramı Fevral inqilabından az sonra, 1917-ci il aprelin 15-20-də Bakıda keçirilmiş I Ümumqafqaz müsəlmanlar qurultayında qəbul olundu. Bakıda keçirilən Qafqaz müsəlmanlarının qurultayına Rusiya Müsəlmanları İttifaqı Partiyasının lideri Ə.Topçubaşov sədrlik etmişdir. Rusiya və Azərbaycan müsəlman xalqlarının lideri olan Topçubaşov Qafqazın bütün xalqlarını ümumi vətənin rifahı naminə həmrəyliyə çağırır. Qafqaz müsəlmanlarının siyasi və milli-mədəni amallarını açıq ifadə etmək məqsədilə çağırılan bu ali məclisdə müzakirəyə qoyulan və geniş fikir ayrılığı doğuran əsas məsələlərdən biri Rusiyanın gələcək quruluşu və Azərbaycanın, əsarətdə olan xalqların hüquqları olur. Bu məsələ üzrə məruzəni M. Ə. Rəsulzadə edir. Hələ qurultayın açılışı ərəfəsində M.Rəsulzadə onun məqsəd və vəzifələrini belə müəyyənləşdirirdi: “Bu qurultay hazırda cərəyan edən hadisələrə Qafqaz müsəlmanlarının münasibətini, hiss və duyğularını əks etdirməklə yanaşı, həm də onların siyasi və milli-mədəni tələblərini açıq şəkildə ortaya qoymalıdır”[31].

Qurultayda Azərbaycanın müxtəlif siyası qüvvələri – islamçılardan tutmuş bolşeviklərə qədər bütün rəngarəngliyi ilə təmsil olunsalar da “Azərbaycan Türklərinin siyasi məqsədlərinin” müəyyənləşdirilməsində həlledici rolu, heç şübhəsiz ki, həmin vaxt artıq milli hərəkatın əsas simalarından birinə çevrilmiş M.Rəsulzadə oynadı. Təsadüfi deyil ki, qurultayın gündəliyindəki əsas məsələ olan ölkənin gələcək siyasi quruluşu haqqında məruzə M.Rəsulzadəyə həvalə edilmişdi. Məruzədə ölkədə yaranmış vəziyyəti təhlil edən M.Rəsulzadə konkret dəlillərlə Azərbaycan Türklərinin milli-ərazi muxtariyyəti formasında milli dövlətçiliyinin yaradılması zərurətini əsaslandırdı. M.Rəsulzadə məruzəsində qeyd edirdi ki, Rusiya kimi geniş ərazili çoxmillətli dövlətdə hakimiyyətin mərkəzləşdirilməsi xalqların azad birgəyaşayışı baxımından məqbul deyildir və bu səbəbdən də Rusiyanın dövlət həyatının normal inkişafı üçün yararsızdır. “Teymurləng, Çingiz xan, Makedoniyalı İsgəndər və Roma imperatorlarının timsalında tarix sübut edir ki, dövlətə daxil olan müxtəlif millətlərin möhkəm birliyini onların dövlət ittifaqı haqqında azad ifadə olunmuş arzusundan başqa heç bir qüvvə təmin edə bilməz” [31] deyə o bildirirdi. Bu fikrə əsaslanaraq M.Rəsulzadə Rusiyanın milli azlıqlara öz müqəddəratını təyinetmə hüququnun verilməsi tələbini irəli sürdü. Onun fikrincə, bu yolla, bir-birindən ayrılmış Rusiya xalqları daha sonra federativ demokratik respublika formasında dövlət ittifaqı təşkil edə bilərlər. Xarici siyasət, sülh və müharibə problemləri, eləcə də federal təyinatlı əmlakın (gömrük, dəmir yolları, poçt, teleqraf və b.) idarə olunması istisna olmaqla bütün digər məsələlər muxtariyyətin idarəetmə orqanlarının səlahiyyətinə verilir, federal orqanların səlahiyyətinə daxil olan məsələlərin həlli üçün isə bütün ərazi muxtariyyətlərinin nümayəndələrindən ibarət vahid ittifaq şurasının yaradılması nəzərdə tutulurdu [31]. Rusiya kimi geniş ərazilərə malik, çoxmillətli dövlətdə hakimiyyətin mərkəzləşdirilməsi prinsipinin xalqların azad birgə yaşayışı baxımından məqbul olmadığını bildirən məruzəçi milli müqəddəratın azad surətdə təyin olunması hüququnu əsas götürərək ərazi muxtariyyəti ideyasını irəli sürür. Qurultayda islamçı və sosialist yönümlü qüvvələrin nümayəndələri bu ideyaya qarşı çıxırlar. İslamçılar ərazi muxtariyyəti tərəfdarlarını Rusiyanın müsəlman xalqlarının birliyini pozmaqda, sosialistlər, o cümlədən bolşeviklər isə inqilabi hərəkatı parçalamaqda günahlandırırlar. Uzun və qızğın müzakirələrdən sonra qurultay səsvermə yolu ilə M.Ə.Rəsulzadənin məruzəsi üzrə qətnamə qəbul edir: “Federativ əsaslarla demokratik respublika qurulması Rusiya dövlət quruluşunun müsəlman xalqlarının mənafeyini təmin edən ən münasib forma hesab olunsun” [31]. Rəsulzadənin yazdığına görə Müsavat Partiyası Rusiyanın federativ muxtariyyətlərə bölünməsini istəməklə Azərbaycan muxtariyyətini də siyasi bir çağırış olaraq ortaya atmışdı…

Müsavat Partiyası bütün türk elləri üçün, eləcədə Azərbaycan üçün milli muxtariyyət tələb edirdi. Bu yolla Qafqazlı türk yazıçıların, şairlərin ayrı-ayrı çağlarda gizli də olsa söylədikləri müstəqillik ideyası I dünya müharibəsi illərində aydınların düşüncəsində biçimlənərək İnqilab günlərində siyasi bir çağırış formasına girir, bütünlüklə müstəqillik çağırışına əsaslanan siyasi proqrama çevrilir [15.s.56]. Beləliklə də, Rusiya imperiyasının müsəlman və türk xalqlarının milli-azadlıq mücadiləsi tarixində ilk dəfə olaraq məhz azərbaycanlılar milli-ərazi muxtariyyəti tələbini irəli sürdülər. M. B. Məmmədzadə “Milli Azərbaycan Hərəkatı” əsərində yazdığına görə M.Ə. Rəsulzadənin məruzəsi əsasında Qafqaz Müsəlmanları Qurultayının qəbul etdiyi qərarlar Müsavat Partiyasının 1917-ci ilin oktyabrında Bakıda çağırılan birinci konqresində qəbul edilmiş proqrama əsaslanmışdır. Proqramda “1. Rusiya dövlətinin şəkli idarəsi milli məhəlli muxtariyyətlər əsası üzərində qurulan federativ xalq cümhuriyyətlərindən ibarət olacaqdır…3.Müəyyən əraziyə malik olan, yəni Rusiya dövlətinin hər hansı bir hissəsində çoxluq təşkil edən hər bir millətə muxtariyyət hüququ verilməlidir. Azərbaycan,Türküstan,Qırğızıstan, Başqırdıstan kimi türk ölkələri ərazi muxtariyyəti almalıdırlar. Krım tatarlarına, Rusiyada yaşayan başqa Türk millətlərinə ərazi və milli muxtariyyət verilməlidir…” [7.s.188].

12.Rusiya Müsəlmanlarının Moskva Qurultayı

Bakı qurultayından 10 gün sonra, 1917-ci il mayın 1- 11 arasında Moskvada Rusiya müsəlmanlarının qurultayı öz işinə başlayır. Bakı milyonçusu Şəmsi Əsədullayevin Moskva müsəlmanlarına bağışladığı binada keçirilən, 11 gün davam edən və 600-ə qədər nümayəndənin, o cümlədən 100 qadının iştirak etdiyi Moskva qurultayının gündəliyinə 13 məsələ daxil edilsə də, qurultayın mərkəzi məsələsi Bakı qurultayında olduğu kimi, yenə də Rusiyanın siyasi – dövlət quruluşu olur. M.B.Məmmədzadənin yazdığına görə, Qurultayın 3 may iclasında Əhməd Saleh “Milli –mədəni muxtariyyət haqqını qazanmağın daha məqsədə uyğun olduğunu, məhəlli federasiya sisteminin müsəlmanları parçalayacağını, federasiya qurulduğu təqdirdə Rusiya müsəlmanlarının birliyi yerinə, Kazanlılıq, Qazaxlılıq, Kırımlılıq, Başqırtlıq, Taciklilik, Azərbaycanlılıq kimi hisslər doğacağını, müsəlmanların qəbilələrə ayrılmasına səbəb olacağını söyləyərək, 1. Rusiyanın ədəmi-mərkəziyyət (mədəni muxtariyyət) üsuluna dayanan bir xalq cümhuriyyəti olmalıdır. 2. Müsəlmanların milli-mədəni muxtariyyəti Rusiya konstitusiyası ilə qarantiya altına alınmalıdır təklifini etdi [23.s.34]. Qurultayda söz alan Rəsulzadə İslamiyyətdə bir millət birliyi anlayışı olmadığını söyləyərək, “Biz Türk-tatar qövmləri hər nəqədər eyni soydan gələn Türk oğlu Türk olmaqla bərabər, ayrı şivələrə və çeşidli özünəməxsusluqlara da sahib olduğumuz inkar edilməz…Hər kəs təbii yolunda yürüməlidir. Türk çaylarının axıb töküldüyü bir dəniz vardır. Bu dəniz Türk dənizidir. Məhz bu səbəblə muxtariyyət əsasına dayanan Azərbaycan ilə Dağıstan, Türküstan, Qırğızıstan kimi ayrı, məhəlli xüsusiyyətlərə sahib Türk qövmləri üçün muxtariyyət istəyirik” deyə öz fikrini bildirmişdir [23.s.34]. Qurultayda çıxış edən M.Ə. Rəsulzadə “ Bu gün Rusiya idari formasyonu altındakı xalqların demokrtik bir ölkə statusunda yaşaması gərəkməkdədir. Yer kürəsinin altıda birini tutan bu torpaqların, Kamçatkadan Qaradənizə, Arxangelskidən İran sərhədlərinə qədər 170 milyon əhalisiylə çox millətli bir dövlət mərkəzi ( mərkəzləşmiş şəkildə – .Q) idarə oluna bilməz. Ona görə Rusiya dövlətinin idarə şəkli federasyon olmalıdır” ideyasını irəli sürdü [27.s.52]

Qurultayda M.Ə.Rəsulzadə və milliyyətcə osetin olan Əhməd Salikov Rusiyanın gələcəyi və Rusiya Türk-müsəlmanlarının statusu haqqında gedən müzakirələrə iki qətnamə layihəsi çıxarırlar. M.Ə.Rəsulzadənin “milli-ərazi federasiya prinsipləri əsasında demokratik respublika yaradılması” ideyası qarşısında Ə.Salikov “Rusiya xalqlarına milli-mədəni muxtariyyət verilməklə unitar dövlətin saxlanılması” təklifini irəli sürür. Hər iki layihə səsə qoyulur və böyük səs çoxluğu ilə (446/271) M.Ə.Rəsulzadənin təklif etdiyi qətnamə qəbul edilir. Beləliklə, Rusiya müsəlmanlarının qabaqcıl nümayəndələri Rusiyanın milli-federativ respublikaya çevrilməsi və müsəlman əhalisi yaşayan vilayətlərə muxtariyyət verilməsi ideyasını günün tələbi kimi irəli sürürlər.

M.Rəsulzadə Rusiyanın müsəlman xalqları arasında millət quruculuğu proseslərinin inkişafının strateji istiqamətini düzgün müəyyənləşdirməklə yanaşı, öz ictimai-siyasi fəaliyyəti ilə həmin prosesləri əsaslı şəkildə sürətləndirmiş oldu. Məhz onun səyləri nəticəsində Rusiya müsəlmanlarının Moskva qurultayında vahid müsəlman milləti ideyası deyil, ölkənin müxtəlif müsəlman və türk xalqlarının ayrı-ayrı müstəqil millətlər kimi formalaşması layihəsi qalib gəldi. Bu baxımdan M.Rəsulzadə ümumrusiya miqyasındakı fəaliyyətiylə ilk dəfə olaraq Rusiyanın digər müsəlman və türk xalqları arasında millət quruculuğu proseslərinin inkişafına təkan vermiş oldu. Həmin andan etibarən M.Rəsulzadə əslində ümumrusiya miqyaslı siyasi xadimə çevrilmiş oldu. Məşhur tatar ziyalılarından olan Abdulla Taymas sonralar yazırdı ki, M.Rəsulzadənin I Ümumrusiya qurultayındakı parlaq çıxışı nümayəndələrə böyük təsir etmiş oldu. A.Taymasın sözlərinə görə, həmin çıxış sayəsində M. Ə. Rəsulzadəni “bütün Rusiya türklüyü tanımış, artıq O, sadəcə Azərbaycan türkçülüyünün deyil, bütün Rusiya türkçülüyünün əzizi olmuşdur” [13.s.153]. Zəki Vəlidi Toğan M.Ə.Rəsulzadə haqqında xatirələrində yazır: “Moskvada toplanan Ümumrusiya Müsəlmanları Konqresinə azərbaycanlı Əlimərdan Bəy Topçubaşı başçılıq edirdi. Emin bəy danışırdı. Bütün Konqresə azərbaycanlıların hakim olduğu görülür və Azərbaycan liderlik edirdi. Emin bəyin sıx-sıx alqışlanan həyəcanlı danışmaları 700 nəfərlik konqres nümayəndəliərindən 600-nü onun proqramı ətrafında birləşdirdi. Əgər 700 nəfər içərisində Əmin Bəy və dostları olmasaydılar, konqres istiqlal və muxtariyyat tezisinə rəy verməzdi” [25.s.54]. Beləliklə qeyd edə bilərik ki, Azərbaycan Milli Hərəkatının birinci mərhələsi Ə.B.Topçubaşovun liderliyində “Rusiya müsəlmanları İttifaqı” Partiyasının fəaliyyəti ilə həyata keçirilərək başa çatmış, mübarizənin ikinci mərhələsi M.Ə.Rəsulzadə liderliyində “Müsavat” Partiyasının öndərliyi ilə həyata keçirilməyə başlamışdır.

Rusiya Müsəlmanlarının Bakı və Moskva qurultaylarında Milli Azərbaycan davasının keyfiyyətcə yeni ikinci mərhələsi başlanmışdır. Milli Hərəkat . Ə.B.Topçubaşov mərhələsindən M.Ə.Rəsulzadə mərhələsinə keçid etmişdir. Türklük, İslam və Çağdaşlıq zəminində istiqlal ideyalarının formalaşmasında Qafqaz müsəlmanlarının 1917-ci ilin aprelində Bakıda və Ümumrusiya müsəlmanlarının həmin ilin may ayında Moskvada toplanmış qurultaylarının böyük təsiri olmuşdur. Azərbaycan milli qüvvələri Rusiyanın bütün türk-müsəlman xalqları ilə birlikdə Azərbaycan xalqının da müqəddəratının təyin edilməsi yollarını məhz bu qurultaylarda formalaşdırmağa başlamışlar. Məhz bu qurultaylarda alınmış sosial-siyasi, sosial –mədəni qərarlar Azərbaycan Cümhuriyyətinin yaradılmasına zəmin hazırlamışdır.
Bu qurultayların sənədlərində M.Ə.Rəsulzadənin unitar, despotik Çar Rusiyasının milli muxtariyyətlərə əsaslanan federativ dövlətə çevrilməsi ideyaları əsas götürülmüşdü. Qeyd etməliyik ki, 1917-ci ilin payızında Bakıda qurulmuş “Rusiyada müsəlmanlıq” və Yelizavetpoldakı “İttihadi-İslam” təşkilatları da ərazi muxtariyyəti ideyasını müdafiə edir, Müvəqqəti Burja Hökümətinin unitar Rusiya qurmaq planlarına və bolşeviklərin qondarma beynəlmiləlçilik çağırışına qarşı çıxırdılar. 1917-ci il mart ayının sonlarında Yelizavetpolda (indiki Gəncədə) Nəsib bəy Yusifbəyli başda olmaqla “Türk ədəmi mərkəziyyət” (federalist) partiyası yaradıldı. Qafqaz müsəlmanlarının 1917-ci il aprelin 15-20-də keçirilmiş qurultayında “Türk ədəmi-mərkəziyyət” partiyası ilə “Musavat” partiyasının eyni siyasi proqramlara malik oduqları bəlli oldu ki, bu da onların birləşməsinin əsasını qoydu. 1917-ci ilin iyununda həmin partiyalar “Türk ədəmi-mərkəziyyət Musavat” partiyası adı altında birləşdilər və bu gələcəkdə istiqlal uğrunda mübarizə aparan qüvvələrin vahid şəkildə birləşməsində, təşkilatlanmasında mühüm addım olmuşdur. Beləliklə, M.Ə. Rəsulzadınin “Azərbaycan davası” məqaləsində yazdığı kimi “Tarixi və kültürəl dəyərlərlə ortaya çıxan və özündə Türkçülük məfkurəsi daşıyan milliyyətçi kəsimlər siyasi mənada müstəqil Azərbaycan istiqlalını (qarşıya- .Q) məqsəd qoydular [27.s.14].

13.Milli Mübarizənin M.Ə.Rəsulzadə öndərliyində ikinci mərhələsi

Qeyd edək ki, Azərbaycanda ilk siyasi təşkilatlanma 1900-cü ildə başlamışdır. Neft sənayesində çalışan qeyri-müsəlmanların yaratdığı sosial-demokrat proqramlı bu təşkilat (RSDFP) Rusiya sosial-demikratlarının Bakı filialı idi . Eyni zamanda Bakıda İskra qəzetini çıxaran qrup formalaşmışdı. İskra qəzeti Avropadakı Lenin tərəfdarları tərəfindən çıxarılaraq İran yolu ilə Qafqaza keçirilirdi. 1903-cü ildə Rus-sosial demokratlarının Avropada keçirilən II qurultayında parçalanma başlandı və azlığda qalanlar Menşevik, çoxluqda qalanlar bolşevik adlandırılmağa başladı. Parçalanma Bakı komitəsində də gerçəkləşdi. Bakıda Rusiyanın təsiri ilə yayılmaqda olan Sol Sosialist ideologiyanı mənimsəyən Türk-müsəlmanların da təşkilatları formalaşmağa başlandı.

XX əsrdə Azərbaycan sosialistləri M.Ə.Rəsulzadə liderliyində, Şərq-müsəlman aləmində ilk siyasi sosial-demokrat Hümmət təşkilatını qurdular. Hümmətin qurucuları arasında N.Nərimanov, M.Əzizbəyov, S.M.Əfəndiyev, Əsədullah Axundov, Dadaş Bünyadzadə, Zeynal Zeynalov kimi sosialist ziyalılar var idi. RSDFP –da baş verən fikir ixtilaflarından sonra, M.Əfəndiyev, Ağa Axundov, M.Əzizbəyov RSDFP-də, qalanları isə Hümmət təşkilatında birləşdilər. Hümmət təşkilatında iki qrup, milliyyətçi-sosialistlər (M.Ə.Rəsulzadə, M.H. Hacınski) və sosial-demekratlar (S.M.Əfəndiyev) var idi. Hümmət partiyasının qəzetlərində (Hümmət, Davət-Koç, İrşad, Təkamül,Yoldaş) milliyyətçi sosialistlər “milli vəhdət”, “öz müqəddaratını təyin etmə haqqı” , sosial demokratlar “heç bir etnik ayrılıq etmədən bütün millətlərin əzilən siniflərinin despotizm və kapitalizmə qarşı mübarizə” ideyalarını müdafiə edirdilər. Rusiyada 1907-ci il inqilabının məğlubiyyətlə nəticələnməsindən sonra artan təqiblərdən xilas olmaq üçün Hümmət təşkilatının bir çox üzvləri xarici ölkələrə qaçmaq məcburiyyətində qaldılar. Xaricə qaçanlar arasında M.Ə.Rəsulzadə də var idi. “Rəsulzadə 1908-ci ildə gizlicə sərhəddi keçərək İrana getdi.1908-1913-cü illərdə Rəsulzadə öncə İranda, sonra isə Türkiyədə oldu və hər iki ölkədə baş verən inqilabları (İranda Məşrutə inqilabı və Osmanlıda Gənc Türklər hərəkatı) yaxından müşahidə etmək, zaman-zaman da içində yer almaq fürsəti əldə etdi. Rəsulzadənin sosialist inqilabı ideyalarından bütünlüklə ayrılmasında bu iki ölkədə həyata keçirilən inqilabların böyük rolu olmuşdur. Bu inqilablar nəticəsində Rəsulzadə Rusiya və Avropa ölkələri siyasətində “Şərqdə bir Türk Problemi” nin olduğunu [22.s.525]. Türk-müsəlman coğrafiyalarının Avropa və Rusiya arasında paylaşıldığını və bu məqsədlə Türklərə qarşı soyqırım və etnik təmizləmə aparıldığını, erməni , fars, ərəb, yunan, və digər etnik kimliklərin və xristian azlıqların türklər əleyhinə silahlandırıldığını müşahidə etmişdir. Rəsulzadə Türk-Qacar və Osmanlı imperatorluğunda həyata keçirilən inqilabların və modernləşmə proseslərinin əslində imperatorluğun parçalanmasını önləmək, Avropa tərzində modernləşərək daha da gücləndirilməsinə nail olmaqla Avropa-Rus müstəmləkəçiliyinə qarşı müqavimət göstərmək gücündə olmağı hədəf aldığını dərk etmişdir. İranda İngilis və Rusiyanın hegemonluq mübarizəsi və sömürgə siyasəti nəticəsində Qacar bürokratiyasının çürüməsi və bunun nəticəsində gizli şəkildə təşkilatlandırılan və xüsusilə Hindistandakı İngilis kontrolundakı parsi misyonerlərin rəhbərliyi ilə bütün İran dilli qrupların və azlıqların tək bir kimlik “fars kimiliyi” altında Türklərə qarşı birləşdirmə fəaliyyətləri , Osmanlıda isə Gənc Türklərə qədər türklərə “ögey övlad” münasibətinin göstərilməsi, Avropanın Türklərin hakim olduğu bütün yaxın və orta şərq coğrafiyasında qeyri türk ünsürlərə verdiyi böyük dəstəyin, Qafqazdakı türklərə qarşı həyata keçirilən soyqırım və etnik təmizləmə siyasətilə eyni olduğunu qavraması çətin olmadı [22.s.525]. Bu üzdən Rəsulzadə siyasi platformasında və məfkurəsində yeni yol cızdı. Sosialist və S.M. Əfəndiyev tərəfindən Müsəlman-Türklər arasında yayılması istənilən “sinif mübarizəsi”nə, “internasionalizm”ə , əsaslanan “əməkçi şüarlar”dan vaz keçərək, Milliyyətçi, türkçü siyasi platformanı qəbul etdi və həyatının sonuna qədər Avropa və Rus işğalçılığına qarşı “şərqdə türk məsələsi”ni müdafiə etdi. Məhz buna görə də İranda və Türkiyədə olarkən məqalələr şəklində yazaraq “Səbilürrəşad” dərgisində yaydığı, sonralar isə kitab şəklində nəşr etdirdiyi “Qafqaz Türkləri”, “İran Türkləri” adlı əsərlərində “Orta Şərqdə hakim və çoxluq olan bir Türk kimliyinin” görməzlikdən gəlindiyinə diqqətləri çəkdi. Rəsulzadə Qafqaz türklərinin sosial, siyasi, mədəni sahələrdə bütünləşməsində və millətləşməsində rol oynayan böyük lider kimi, Qafqaz Türklərinin Orta Şərq türkləri ilə (İran, Tacikistan,Əfqanıstan,Türküstan,Türkiyə, İraq, Suriya, Misir və s ölkələrdə yaşayan Türklər) eyni ortaq mədəni və kimlik dəyərlərini paylaşdıqlrını və eyni etno-sosio-mədəni özəlliklərə malik bir millət olduqlarını bütün əsərlərində və siysi fəaliyyətində xüsusi vurğulamışdır [22.s.525]. M.Ə.Rəsulzadə 1910-1913-cü illərdə Türkiyədə yə olduğu müddətdə Türkiyə İtaliya və Trablusqərb savaşlarında idi. İtaliya ilə Trablus qərb savaşları, Osmanlının Xristian təbələrinin, balkanların, ərəblərin Osmanlıya üsyanları nəticəsində Osmanlıda formalaşmış, Qərbçilik (Tənzimat), Osmanlıçılıq, İslamçılıq fikir axınlarından ikisi iflasa ugramış, Osmanlıçılq və İslamçılıq ideyalarından vaz keçilmiş, Türkçülük, Turançlq, çagdaşlıq ideyaları aktuallıq kəsb etməyə başlamışdı. Əhməd Agaoglu, Əli Bəy Hüseynzadə, Ziya Gökalp,Yusuf Akçuranın fəal çalışmaları, Hüseynzadə Əli bəyin “Turan” şeri, Ziya Gökalpın “Turan mənzuməsi” (Vətən türklərə nə Turkiyədir nə Türküstan,Vətən böyük və müəbbət bir ölkədir ki, Turan), Xalidə Adıvarın “Yeni Turan”əsəri, Ömər Seyfəddinin “Yeni Turan dövləti” kitabları ilə Osmanlıçılıq fikri Türkçülük və Turançılıq ideyalrı ilə əvəz olunmuşdu.Yusuf Akçuranın liderliyi ilə qurulmuş “Türk Ocagı” dərnəyi və onun nəşri olan “Türk Yurdu” dərgisi siyasi Türkçülük məfkurəsinin formalaşmasında böyük rol oynayırdı.Türkiyəyə gələn M. Ə. Rəsulzadə “Türk Ocağı” nın ideallarına sarılmış, Əli Bəy Hüseynzadə, Yusuf Akçura, Ziya Gökalp ideyalarını siyasi fəaliyyətinin əsas məqsədinə çevirir, Yusuf Akçuranın xahişi ilə Türk Yurdu dərgisində “İran Türkləri” seriya məqalələrini çap etdirir, Şeyx Cəmaləddin Əfqaninin “Vəhdəti Cinsiyyə və dil birliyinin həqiqi mahiyyəti”əsərini tərcümə edərək Türk Yurdu dərgisində çap etdirir və bu əsərin təsiri ilə O, Türkçülük , millətçilik məfkurəsini mənimsəyir, və Azərbaycanda bu ideyanın əsas ideoloquna çevrilir. Eyni zamanda M.Ə.Rəsulzadə Ziya Gökalpın “Türk Yurdu”nda nəşr olunan “Türkləşmək, İslamlaşmaq, Çagdaşlaşmaq” məqalələrinin təsiri altında qalmış və bu siyasi doktrinləri 1915-ci ildə Bakıda nəşr etdiyi “Açıq söz”qəzetində əsas hədəf kimi təblig etməyə başlamışdır [23.s.27]. Bu ideyalar sonralar M.Ə.Rəsulzadənin rəhbərlik etdiyi Müsavat partiyasının proqramı, Türkiyə Cümhuriyyətinin və Azərbaycan Cümhuriyyətinin ideologiyası, Dövlət bayragımızın təml fəlsəfəsi olmuşdur.

H.Baykaranın fikrincə, Qafqaz müsəlmanlarını “ümmətçilik”dən “millətçiliy”ə yönəldən, onları “türkçülük-millətçilik”, “Azərbaycan” ideyası ətrafında birləşdirən və “Açıq söz” qəzetində bunu təbliğ edən “Müsavat”ın lideri M.Ə.Rəsulzadə olmuşdur [7.s.192]. M.Ə. Rəsulzadə 1914-cü ildə nəşr etdiyi “Dirilik” dərgisində “Milli dirilik” məqaləsini yayınlamaqla Azərbaycan türklərinin siyasi düşüncəsində Ümmət dövrünü qapatmış, millət dövrünü başlatmışdır. Rəsulzadə Milli Dirilik adlı məqaləsində etnik birliklərin üç mərhələli iyerarxiyadan təşkil olunduğunu yazmışdı: Qövmiyyət , Milliyyət və Millət. ..Rəsulzadənin fikrincə qövmiyyət-narodnost (xalq) sadəcə nəsil və dil birliyini əhatə edir. Onun fikrincə eyni əcdaddan gələn və eyni dildə dnışan kiçik bir əşirət və ya qövmə qövmiyyət anlayışı tətbiq oluna bilər. Qövmiyyətlə müqayisədə milliyyət etnik birliklərin daha yüksək inkişaf mərhələsini təşkil edir. Beləki, Milliyyət üçün qan qohumluğu artıq önəmini itirir. Dil və kültür birliyi ön plana çıxır. Millət isə Rəsulzadəyə görə dil birliyi, adət və əxlaq birliyi, tarixi ənənələr və dini inanc birliklərinin birləşməsindən ibarət təşkilatlanmış bir bütündür [18.s.183]. Rəsulzadə yazırdı. Millət dövlət olmaq əzmində olan milliyyətdir [18.s.188]. 1915-ci ildə Türkiyədən Bakıya qayıtmış və nəşr etdiyi “Açıq söz” qəzeti ilə “Müsəlman” və “Tatar” kəlmələrini “Türk” kəlməsi ilə dəyişdirməyə nail oldu, millətə Sən Türksən, Rus Hakimiyyətinə biz Türkük deyə xitab etdi [18.s.187]. Müsavat partiyasının 1917 –ci ildə toplanan birinci konqresində “türkçülük-millətçilik” ideyası belə qeyd olunurdu. “Yalnız din birliyi müasir mənada bir milləti təşkil edə bilməz. Milləti müəyyən edən müştərək əlamətlərdən başlıcası dil, adət və ədəbiyyatdır. Bu baxımdan bütün türklər bir millətdir”. “Təbii, dövlətin milli olduğu, millətin də yalnız dinlə deyil, başlıca dilə istinad etməsi qənaətinə gələrək bugünkü gün dağınıq olan türk dünyasının bir gün birləşəcəyinə və müttəfiq bir türk aləmi təşkil edəcəyinə
inanırıq” [7.s.186-187].

14.Milli Muxtariyyət ideyasından Milli İstiqlal Hərəkatına keçid

23 fevral 1917-ci ildə Rusiyada baş verən burjua-demokratik inqilabı nəticəsində çarlıq rejimi devrildi. 28 fevralda Dövlət Duması Rusiyanı idarə etmək məqsədilə Müvəqqəti Hökümət qurdu. Müvəqqəti hökümətin qərarı ilə 3 mart 1917-ci ildə başında Rus Kadet V.A. Xarlamov, üzvləri Türk kadet M..Cəfərov, Gürcü sosial-demokrat K.Abaşidze, erməni kadet M.Papacanov, Rus kadet P.Pereverzevdən ibarət Cənubi Qafqaz Xüsusi idarəsi OZAKOM yaradıldı. 5 martdan etibarən OZAKOM-un sədrliyinə Gürcü menşevik A.Çhenkeli gətirildi. Bununla birlikdə burjaziya hökümətinə qarşı olan bolşeviklər və sol yönümlü təşkilatlar fəhlə.kəndli və əsgər millətvəkillərindən təşkil edilmmiş Qafqaz Komitəsini qurdular. 5 martda Bolşeviklərin Qafqaz Komitəsinin Bakı İdarəetmə Komitəsi qurulmuşdu. Bu dövrdə Rusiyada Burjua Müvəqqəti hökümətə tabe olan OZAKOM Bakıda bu höküməti tanımayan fəhlə, kəndli, əsgər millətvəkillərindən ibarət inqilabçı Sol proqrama malik Bakı Soveti rəhbərliyi altında Bakıda ikihakimiyyətlilik hökm sürürdü. Bu dövrdə bütün Rusiyada və Qafqazda fəaliyyət göstərən Rus mərkəzli internasionalist və Rus millətçiliyi siyasi görüşlərini əsas alan bolşevik, menşevik və Es er partiyalarının proqramında Qafqaz Türklərinin gələcəyi və milli məsələlər haqqında müddəalar əks olunmamışdı. Türk-Müsəlmanlarının gələcəyinin və milli müqəddəratının təsbiti və təhlükəsizliyinin qorunması məqsədilə Müsavat partiyası rəhbərliyində 1917-ci ilin martında Bakı Müsəlman ictimai təşkilatlarının müvəqqəti komitəsi-BMİTMK quruldu. Bu Komitə əsasında Türk müsəlman əhalinin milli demokratik təşkilatı olan Müsavat partiyası gücləndirildi. Gəncədə isə Nəsib Bəy Yusifbəyli öndərliyində Türk federalist Partiyası quruldu. Rusiya Müsəlmanlarının Tələbləri 1917-ci ildə Bakıda keçirilmiş Qfqaz müsəlmanları qurultayında və Moskvada keçirilmiş Rusiya Müsəlmanları qurultayında irəli sürüldü. 1917-ci il oktyabrında Leninin liderliyində bilşeviklər silahlı üsyan edərək Müvəqqəti höküməti devirdilər. Bakıda fəaliyyət göstərən sol görüşlü bolşeviklər Peterburqda qələbə çalan Bolşevik inqilabının təsiri ilə 2 noyabrda Bakı Sovetinin yeni konfransını keçirərək Bakıda Sovet İdarəçiliyinin qurulduğunu elan etdilər. Rusiyada bolşeviklərin qurduğu Rusiya Sovet Federal Sosialist Cümhuriyyəti xalq Komissarları Sovetinə (RSFSC XKS) birləşmək istəməyən Gürcü Menşeviklər, Müsavat, Daşnaksütyun və Es er partiyaları Rusiya Bolşevik Hökümətini tanımadıqlarını elan etdilər və Tiflisdə Müstəqil Cənubi Qafqaz idarəçiliyi qurdular. 11 noyabr 1917-ci ildə bu qurumun Cənubi Qafqaz Komissarlığı adı ilə fəaliyyət göstərəcəyi elan edildi. Quruma Gürcüstandan . Gekeçkori (sədr), A. Çxenkeli, Azərbaycandan F.X.Xoyski, M..Ceferov, H.Melikaslanovdan ibarət rəhbər heyəti nin başçılıq edəcəyi açıqlandı. 1918-ci ilin 22 yanvarında Müstəqil Cənubi Qafqaz İdarəçiliyi Cənubi Qafqazdan Rusiya Müəssisələr Məclisinə seçilmiş millət vəkillərinin toplantısının qərarı ilə Cənubi Qafqaz Seyminə çevrildi. Seymin açılış iclası 1918-ci ilin fevralın 25-də Tiflisdə oldu və Gürcü Gegeçkori öndərliyində Cənubi Qafqaz Hökümətinin qurulması qərara alındı. Cənubi Qafqaz Seymində Azərbaycandan M.Ə.Rəsulzadənin rəhbərliyi altında Müsavat, İttihad, Hümmət və Müsəlman sosialistlər blokundan cəmi 44 millət vəkili təmsil olunurdu. Beləliklə qeyd etməliyik ki, 1918-ci ilin əvvəllərində Cənubi Qafqazda iki idarəetmə sistemi fəaliyyət göstərirdi. Çar dövrünün inzibati bölgüsü əsasında mövcud olan Bakı Valiliyində Rusiya Bolşevik Hökümətinə bağlı olan Bakı Soveti , Cənubi Qafqazın geri qlan hissəsində isə Cənubi Qafqaz Seym höküməti hakim idi [15.s.57].

Rusiyada bolşevik çevrilişi nəticəsində əldə etdiyi höküməti gücləndirmək və fəhlə kəndli diktatorluğuna əsaslanan Sovet sosializm cəmiyyəti qurmaq üçün vaxt qazanmaq məqsədilə Lenin İngiltərə-Rusiya-Fransa-ABŞ dövlətlərinin, Almaniya-Avstriya-Macarıstan- Osmanlı – Bolqarıstan birləşmiş dövlətlərinə qarşı apardığı müharibədən Rusiyanın çıxması siyasətini dəstəkləməyə başladı. Rusiya müharibədən çıxmaq məqsədilə 3 mart 1918-ci ildə İttifaq dövlətləri ilə Brest –Litivsk Müqaviləsini bağladı [26.s.42]. Brest Litovsk müqaviləsi zamanı Ermənilərin Türkiyə Ermənistanı adlandırdıqları Qars, Batum, Ərdahan bölgələrinin ermənilərə verilməsi tələbi rədd edildi. Erməniləri dəstəkləyən Rusiya bu bölgələrin Osmanlı tabeçiliyində qalmasını rəsmən təsdiq etdi. Müqaviləyə əsasən Rusiya işğal etdiyi Şərqi Anadolu torpaqlarını Rus-erməni hərbi birləşmələrindən boşaltmalı, öz ordularını geri çəkməli idi. Müqaviləyə əsasən Rusiya öz ordularını Qars, Ərdəhan, Batumdan çıxaracaq və bu bölgələrdə 1877-1878-ci illərdə baş vermiş Türk-Rus müharibəsinə qədərki sərhəd xətti bərpa olunacaqdı [20.s.276]. Bu müqavilə bağlanarkən Batuma ərazi iddiası sürən Gürcülərə və Şərqi Anadoluya iddia edən ermənilər qarşı Türk-Müsəlman Fraksiyası Türkiyəni dəstəkləmişdir [15.s.59]. Türkiyə ilə Cənubi Qafqaz Seyminin Batum və Trabzon konfransları zamanı M.Ə.Rəsulzadə liderliyində Seymin Müsəlman Fraksiyası “ Cənubi Qafqaz türkləri ilə Osmanlı Türklərinin həyat mənafeləri və siyasətləri bir-birinə bağlı olduğundan, Cənubi Qafqazın siyasi müqəddəratını həll edərkən Osmanlı siyasətinə uyğun hərəkət etmək lazımdır” qərarı qəbul edilmişdir [23.s.40]. 5 dekabr 1917-ci ildə Cənubi Qafqaz komissarlığı ilə Osmanlı Türkiyəsi arasında bağlanmış müqaviləyə əsasən Qafqaz sərhədlərindən geri çəkilən Rus əsgərləri Rusiyaya Bakı üzərindən qayıtmalı idi. Geri qayıdarkən Rus hərbi birləşmələri silahlarını Erməni və Gürcülərə və Bakıdakı Bolşevik hökümətinə təslim etdikləri üçün Azərbaycan Türkləri silahlı bolşeviklər və ermənilər qarşısında müdafiəsiz qaldılar. Rusiyaya geri qayıdan , aralarında malakanların da olduğu ermənilərdən ibarət olan Çar Ordu birlikləri Qafqazda keçdikləri bölgələrdə türk-müsəlmanlara qarşı kütləvi soyqırımlar həyata keçirirdilər. “1917-ci ilin dekabrından 1918-ci ilə qədər Türklərin yaşadığı 197 kənd yandırılmış və əhalisi qətl edilmişdi. Andranik və Hayk Bjşkyanın rəhbərlik etdikləri Erməni silahlı dəstələri İrəvan qəzasının 32 kəndində 3015 ailəni (19.005 nəfər), Üç Kilsə (Eçmiəzdin) qəzasında 84 kəndi və 5493 ailəni (35.784 nəfər), Yeni Bəyazid qəzasında 7 kəndi və 668 ailəni (4.649 nəfər) yandırmış və qətl etmişlər [1.s. 6]. Osmanlı torpaqlarını tərk edən erməni və rus hərbi birlikləri Şaumyan liderliyində qurulmuş Bakı Komissarlığının tabeliyinə keçirdi. Bu dövrdə Bakı Soveti qeyri müsəlmanlardan, rus dilli xalqlardan ibarət Qızıl Ordu birlikləri formalaşddırmaqda idi. Şaumyanın rəhbərliyi ilə Bakı Komissarlığında İnqilabı Müdafiə Komitələri adlı silahlı ordu formalaşdırıldı. Daşnaksütyun və Erməni Milli Şurası da Şaumyanla birləşərək Bakıda 31 mart 1918-ci ildə Türk-Müsəlmanlara qarşı soyqırım həyata keçirildi. Bakıda Soyqırım aprelin 2-nə qədər davam etdi. Rus-Erməni hərbi birləşmələri Salyan, Ələt, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Gəncə, Qarabağ, Zəngəzur, Vedibasar, Basarkeçər, Göyçə bölgələrində mart soyqırımlarını davam etdirdi. Təkcə Bakıda 30 min, Şamaxıda 8 min insan öldürülmüş 72 kənd yandırılmışdı. Azərbaycan türklərinə qarşı həyata keçirilən Erməni-bolşevik qətliamlarının məqsədi yerli türk-müsəlmanları soyqırıma uğratmaq və bütün Azərbaycanı ələ keçirərək burada “Cənubi Qafqaz Erməni dövləti” yaratmaq idi. “Türkiyə Ermənistanı” qurmaq planlarını həyata keçirə bilməyən Ermənilər Cənubi Qafqazda Erməni Dövləti qurmaq məqsədilə Osmanlıda Türklərə qarşı həyata keçirdikləri soyqırımları Şaumyanın rəhbərliyi ilə qurulmuş 20.000 erməni-rus hərbi birləşməsi vasitəsilə Azərbaycanda davam etdirirdilər [21.s.145]. Cənubi Qafqazda Türk-müsəlmanlara qarşı həyata keçirilən soyqırımlar və bu soyqırımların qarşısını almaq məqsəilə Cənubi Qafqaz Seyminin Türk fraksiyasının Osmanlı höküməti ilə Trabzon və Batum müqavilələrinin bağlanmasının Ermənilər və Gürcülər arasında narazılıq doğurması, həmçinin Gürcü, Erməni və Türk milli maraqlarının qarşıdurması nəticəsində Cənubi Qafqaz Seymi özünü buraxdı. 27 may 1918-ci ildə Seymin Türk –müsəlman Fraksiyası öz iclasını keçirərək Azərbaycanın Müstəqilliyi haqqında qərar qəbul etdi və M.Ə.Rəsulzadə başqanlığında Milli Şuranın yaradıldığını bəyan etdi. 1918-ci il mayın 28-də Milli Şura 6 bənddən ibarət “Azərbaycan Dövlətçiliyi tarixində ilk Konstitusiya aktı-İstiqlal Aktını qəbul etməklə Müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığını elan etdi [14.s.308] və İstiqlal Bəyannaməsi ilə Azərbaycan Türklərinin maarifçilik hərəkatının ideallarından yoğrulmuş Türk, Azərbaycan Cümhuriyyət idealının gerçəkləşdiyini bütün dünyaya bəyan etdi.

15.Millət-Dövlət quruculuğu prosesi. Azərbaycan cümhuriyyətinin sosial ideyaları. Ərəbləşmə, Farslaşma, Ruslaşma prosesinə son qoyulması. Türk Kimliyinə qayıdış

Dünya tarixinin ən demokratik dövlət qurumlarından biri, türk-müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin (AХС) qısa bir müddətdə (1918-1920) həyata keçirdiyi yeni cəmiyyət quruculuğu yönündəki fəaliyyətlər diqqəti cəlb etmək¬dədir. “Azərbaycan Xalq cümhuriyyətinin qurulması ilə başlayan yeni cəmiyyət quruculuğu prosesi milliyyətçilik ideologiyasının təsiri altında həyata keçirilirdi. Türkçülük dövlət siyasətinin əsasını təşkil edirdi. Cümhuriyyət hökümətinin milli təhsil siyasəti bu missiya ətrafında formalaşmışdır. Təhsil hədəf və strategiya kimi yeni cəmiyyət quruculuğunda iki prosesi həyata keçirəcəkdi.1) Ümmətdən millətə keçid prosesində milli mədəniyyəti cəmiyyətin bütün təbəqələrinə aşılamaq surəti ilə dildə və düşüncədə uyumlu bir birlik, bütünlük meydana gətirmək, ortaq sosio-mədəni dünyagörüş formalaşdırmaq. 2) Milli mədəniyyət ətrafında sıx birləşməklə millətləşmə prosesini sürətləndirməli və tamamlamalı. Bu məqsədlə ilk olaraq millətləşmə prosesinin təməl daşlarından olan dil və tarix seçilmişdi [24.s.133]. Hökümətin qəbul etdiyi 27 iyun 1918-ci il tarixli qanunla “Dövlət dili Türk dili” elan edildi. Türk dilinin dövlət dili elan edilməsi haqqında qərara əsasən, ölkədə məhkəmə, inzibati idarəçilik və digər vəzifələri dövlət dilində həyata keçirilməkdə idi [3.s.162]. 18-ci il dekabrın 27-də ADR-in hərbi naziri Səməd bəy Mehmandarovun 34 saylı əmri ilə türk dili orduda da döv¬lət dili qəbul edilmişdi. Türk dilinin sözün əsl mənasında döv¬lət dili kimi işlənməsi təcrübəsi geniş şəkildə ilk Azərbaycan Parlamentinin dilində əksini tapmışdır. Parlamentin istifadə etdiyi dil dövlət dili statusuna malik Azərbaycan türk¬cəsi idi və rəsmi sənədləşmə işləri dövlət dilində tərtib edilirdi [3.s.162]. Eyni zamanda 24 avqust 1918-ci il tarixli “Xalq Təhsili haqqında” qanunla ilk, orta və ali məktəblərdə təhsilin türk dilində həyata keçirilməsinə qərar verildi. Bununla bərabər Təhsil nazirliyi tərəfindən qəbul olunan qərarla 7 oktyabr 1919-cu ildə məktəb müdürlərinə göndərilən təlimatnamələrdə əlifba, hazırlıq və birinci siniflərdə təhsil almaq istəyən türk gənclərinə yalnız türkcə oxuyabiləcəkləri xüsusi bildirilməkdə idi. Hökümətin 23 avqust 1919 tarixli qərarı ilə “Rusiyanın koloniya siyasətinə haqq qazandırdığı və Azərbaycanın müstəqilliyinə qarşı olması” səbəbilə Rus tarixi və coğrafiya dərslərinin keçilməsi qadağan edildi [22.s.593]. Üzeyir Hacıbəyli Azərbaycan qəzetində “Artıq yetər” başlıqlı məqaləsində bu qərarları “Azərbaycan Türklərinin milli mənfəətlərinə uyğun qərarlar” adlandırıraraq alqışlayardı. Məktəblərdə tədris edilən dərs proqramlarında Türk Tarixi,Türk Coğrafiyası,Türk dili və ədəbiyyatının öyrədilməsinə xüsusi önəm verildi. Tədris proqramlarında, “Bəlli bir coğrafiyada eyni dövlət çatısı altında yaşayan bir xalqın tarixi deyil, dil və mədəniyyət birliyinə sahib olan, Asiyanın geniş ərazisinə yayılmış bütün bir Türk millətinin tarixinə” xüsusi önəm verilməklə ümumi bir Türk anlayışı aşılanmaqda idi [22.s.591]. Azərbaycan Demokratik Respublikası yarandığı ilk gün¬dən xalq maarifinin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirirdi. 1918-ci il iyulun 23-də Azərbaycan Hökuməti ölkənin tədris müəssisələri üçün Türkiyədən müəllim kadrları dəvət etmək və dərs vəsaiti tədarükü haqqında xüsusi qərar qəbul etdi. Türkiyə həyatı ilə yaxşı tanış olan Əhməd bəy Ağayevin bu məqsədlə İstanbula ezam edilməsi Xalq Maarif Nazirliyinə tövsiyə olundu [3.s.167].Türkiyədən 50 nəfərə yaxın müəllim dəvət edildi. 1919-cu ildə “Türk əlifbası”, “Tə¬zə elmi-hesab”, “İkinci il”, “Yeni məktəb”, “Ədəbiyyat dərslə¬ri”, “Müntəxəbat”, “Türk çələngi”, “Tarixi-təbii”, “Rəhbər cəbr” dərslikləri nəşr olundu [3.s.167]. Azərbaycanla osmanlı höküməti arasında razılaşmaya əsaslanaraq 1919-cu ildə 50 nəfər tələbə Osmanlıda oxumağa göndərildi.

1918-ci ildə Qori müəllimlər seminariyası Tiflisdən Qazax şəhərinə köçürülmüşdü və onun müdürlüyünə ilk “Türk ədəbiyyatı taixi” əsərini yazmış məşhur pedaqoq Firudun bəy Köçərli təyin olunmuşdu [22.s.591]. Azərbaycan parlamenti 1919-cu il sentyabrın 1-də Bakıda dövlət universitetinin açılması haqqında qanunla bərabər, 1919-1920-ci tədris ilində dünyanın müxtəlif ali məktəblərində dövlət hesabına təhsil almaq üçün 100 nəfər azərbaycanlı gən¬cin xaricə göndərilməsi haqqında da qərar qəbul etdi. Milli hökumət Xalq Maarifi Nazirliyi qarşısında, üç ali məktəbin – Bakı Dövlət Universiteti, Kənd Tə¬sərrüfatı İnstitutu və Dövlət Konservatoriyasının açılması məsələsini qoymuşdu. Lakin o dövrdəki tarixi şərait yalnız bir ali məktəbin – Bakı Dövlət Universitetinin açılmasına imkan verdi. 1919-cu il noyabrın 15-də universitetin auditoriyalarında ilk mühazirələr başlandı. “Osmanlı yazarı İsmail Hikmət Universitetin açılması ilə bağlı yazısında “Tarixdə Atina universitetinin yeni bir Yunanıstan ortaya çıxardığını kim inkar edə bilər…Bir məmləkətdə bir millətin siyasi və milli həyatında darülfünunların və akadmiyaların ortaya çıxmasını inkişaf və yüksəliş kimi qiymətləndirmişdir [22.s.593]. “1919-cu il sentyabrın 15-dən etibarən Bakı, Gəncə, Şuşa, Nuxa, Zaqatala və Qazaxda yaş¬lılar üçün türk dilini öyrədən kurslar açıldı. 1919-cu ildə Bakıda Türk tarix və mədəniyyətini öyrənmək məqsədilə “müsəlman Şərqini öyrənən cəmiyyət” tə¬sis edilmişdi [3.s.168]. Cəmiyyətin başlıca məqsədi Azərbaycan, Türkiyə,Türküstan, İran kimi Türk ölkələrinin tarixi, mədəniyyəti, coğrafiyası, ekologiyası, etnoqrafiyası haqqında elmi tədqiqatların aparılması və bu ölkələrlə Azərbaycanın sosio-mədəni bağlarını gücləndirmək, qarşılıqlı mədəni mübadiləsini təmin etmək idi [22.s..595]. Xalqın qədim dövr mədəniyyətini araşdırmaq məqsədilə 1920-ci ilin əvvəllərində Xalq Maarifi Nazirliyində arxeologiya şöbəsi ya¬radılmışdı. Rus imperiyasının ruslaştırdığı Azərbaycan toponimləri bərpa olunmuş, 6 minə yaxın kənd, qəsəbə, şəhər, yer adları bərpa edilmiş, Rus işğalından sonra Yelizavetpol adlanan Gəncə şəhərinin adı özünə qaytarılmışdı.

Azərbaycan cümhuriyyətinin mənimsədiyi milliyyətçi düşüncənin ideoloji təşkilatları arasında Türkçülüyün və Türk kimliyinin alovlu müdafiəçiləri Əhməd Ağaoğlu və Əlibəy Hüseynzadənin də qurucuları arasında olduğu 1912-ci ildə İstanbulda qurulmuş “Türk ocaqları” təşkilatının missiyasını davam etdirən “Bakı ocağı”olmuşdur. “Bakı ocağı”nın məqsədi “Osmanlı Türkləri ilə Azərbaycan Türklərinin inteqrasiyasına nail olmaq və mədəni əlaqələri inkişaf etdirmək” idi [24.s.138]. “Bakı Ocağı”nın qurucuları arasında Abdulla Şaiq, A,Kazımzadə, Nağıyev, Mikayılov kimi milliyyətçilər var idi. 1919-cu ildə Müsavat partiyasının qərarı ilə, Türk ocaqlarının Bakı şöbəsi yaradıldı və M.Ə.Rəsulzadə, G.R.Şərifzadə, Ş.Rüstəmbəyov, R.Ağabəyov, M.Şıxzamanov şöbənin aktiv təmsilçiləri kimi türkçülük düşüncəsinin cəmiyyətin bütün təbəqələri arasında yayılmasına çalışırdılar.

Bu dövrdə eyni məqsədlə “Müəllimlər birliyi”, “Cəmiyyət birliyi”, “Müsəlman Tələbələr Birliyi”, “Qurtuluş”, “Turan”, “Yaşıl qələmlər” ədəbi birliyi, İslam incəsənətini və mədəniyyətini mühafizə cəmiyyəti, və təşkilatlar fəaliyyət göstərirdi [22.s.595]. Hökumət xalqın milli ənənələr, vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm rol oynayan muzeylərin, dövlət və kütləvi kitabxanalarının, digər maarif və sənət ocaqlarının açılması sahəsində də bir sıra tədbirlər həyata keçirmişdi. .Milli kitabxananın yaradılması məqsədilə, Azərbaycana aid kitabları, qəzet və jurnalları, əlyazmaları və digər qaynaq¬ları toplamaq üçün Hökumət tərəfindən İstanbul, Qahirə, Bey¬rut və Avropanın bir sıra paytaxt şəhərlərinə mütəxəssislər ezam edildi. Parlamentin 1919-cu il sentyabrın 18-də qəbul etdiyi qanuna görə, xalq məktəbləri kitabxanalarına türk dilində yeni kitablar almaq üçün dövlət xəzinəsindən Xalq Maarifi Nazirliyinin sərəncamına 1 milyon manat verildi [3.s.169]. 1919-cu ilin dekabrında “İstiqlal” muzeyinin açılması Azərbaycan mədəniyyəti tarixində mühüm hadisə oldu. Muzeyin açılışının Azərbaycan Parlamentinin fəaliyyətinin bir illiyi gününə – 7 dekabra təsadüf etməsi də rəmzi məna kəsb edirdi.

Azərbaycan mətbuatı tarixində 1918-1920-ci illər, bütün əvvəlki dövrlərə nisbətən, ən yüksək inkişaf mərhələsidir. Bu dövrün mətbuatı həm keyfiyyət, həm də kəmiyyət baxımından, milli mədəniyyətin mühüm tərkib hissəsi kimi, Azərbaycan həyatının canlı salnaməsinə çevrildi [3.s.163]. ADR dövründə “İstiqlal” (1918-1920), “Azərbaycan” (1918-1929), “Övraqi-nəfısə” (1919), “Müsəlmanlıq” (1917- 1919), “Qurtuluş” (1920), “Mədəniyyət” (1920), “Gənclər yur¬du” (1918), “Şeypur” (1918-1919), “Zənbur” (1919) kimi milli istiqlal ideyalı mətbuat orqanları nəşr olunmuşdur. Milli istiqlal elan edildikdən sonra, milli mətbuatın əsas vəzifəsi milli dövlətin qorunub saxlanmasından, daxili və xarici təhlükələrə qarşı ideoloji mübarizə aparmaqdan ibarət idi. Bu məqsədlə, 1918-ci ildə nəşrə başlayan və müxtəlif vaxtlarda redaktorları Ceyhun bəy Hacıbəyli, Şəfi bəy Rüstəmbəyli, Üzeyir bəy Hacıbəyli və Xəlil İbrahim olan “Azərbaycan” qə zetiııin mühüm rolu olmuşdur. “Azərbaycan”ın başlıca məramı yenicə qurulmuş milli Hökuməti müdafiə etmək idi. Cümhuriyyətin bütün ictimai-siyasi, iqtisadi və mədəni təsisatlarının tarixi mənzərəsi bu qəzetdə öz əksini tapmışdır. Məhəmməd Əmin Rəsulzadə, Üzeyir bəy Hacıbəyli, Xəlil İbrahim, Fərhad Ağazadə, Hacı İbrahim Qasımov, Məhəmməd ağa Şahtaxtlı, Adil xan Ziyadxanov, Əlabbas Müznib, Şəfiqə Əfəndizadə, İstanbulda təhsil alan Əmin Abid və digər ziayalıların “Azərbaycan” qəzetinin səhifələrində dərc olunan məqalələri, əsərləri Azərbaycan tarixinin, mədəniyyətinin, maarifinin inkişafına, milli şüurun oyanmasına, milli özünüdərkin təşəkkülünə yardım etmiş, azərbaycançılıq, istiqlalçılıq, türkçülük, islamçılıq, müasirlik məfkurəsinin təbliğində mühüm rol oynamışdır. Qəzet səhifələrində Məhəmməd Hadi, Əhməd Cavad, Seyid Hüseyn, Cəfər Cabbarlı, Yusif Vəzir Çəmənzəminli və başqa vətənpərvər, yurdsevər şair və ədiblərin milli müstəqillik hissləri aşılayan, “vətən qayğısı və millət duyğusunu hər şeydən üstün tutmağa” çağıran əsərlərinə geniş yer verilirdi [3.s.164]. Azərbaycanın 1918-1920-ci illərdəki dövriü mətbuatı əhalinin müxtəlif zümrələrinin maraqlarını əks etdirirdi. Belə ki, gənclərə məxsus “Gənclər yurdu”, tələbə və müəllimlərə aid “Əfkari-müəllimin”, elm və incəsənət xadimlərinin “Mədəniyyət” kimi qəzet və dərgiləri nəşr olunurdu. 1919-cu il martın 11-də nəşrə başlayan “Övraqi-nəfısə” dərgisi Azərbaycan mətbuatı tarixində ədəbiyyat və incəsənətdən bəhs edən ilk dövri mətbuat orqanı idi. 1919-cu ilin mart- avqust aylarında Bakıda cəmi 6 nömrəsi nəşr edilmiş həmin jurnalın redaktoru Əli Abbas Milznib, naşiri bəstəkar Zülfuqar bəy Hacıbəyli, rəssamı Əzim Əzimzadə idi. Dərginin səhifə¬lərində Firidun bər Köçərli, Abdulla Şaiq, Camo bəy Cəbrayıl- bəyli, Zülftiqar Hacıbəyli, Əlabbas Müznib, Əmin Abid. Mə¬həmməd Hadi və başqa millətlər çıxış edirdilər. İlk nömrəsi 1920-ci ilin əvvəlində çıxmış “Qurtuluş” dərgisi da ədəbi-mədəni sahədə xeyli iş görmüş, Azərbaycan xalqının milli mədəniyyətinin təbliğinə çalışmışdır. Vətənpərvər və milliyyətçi ziyalılardan Abdulla Şaiq, Hüseyn Cavid, Salman Mümtaz, Feyzulla Sacid, Əli Yusif, Əbdürrəhman Dai və başqaları bu dərgi ilə əməkdaşlıq etmişlər [3.s.165]. Ümumiyyətlə, 1918-1920-ci illərin mətbuatı o dövrə qədərki Azərbaycan milli mətbuatının – “Əkinçi” (1875-1877), “Ziya” (1879-1880), “Ziyayi-Qafqaziyyə” (1880-1884), “Kəşkül” (1883-1891), “Şərqi-Rus” (1903-1905), “Həyat” (1905- 1906), “İrşad” (1906), “Füyuzat” (1906-1907) və sair qəzet və jurnalların demokratik ənənələrinin yekun mərhələsi idi [3.s.165]. ADR dövründə ədəbi prosesi tənzim edənlər və yara¬danlar – Məhəmməd Əmin Rəsulzadə, Mirzəbala Məmmədza¬də, Əlimərdan bəy Topçubaşov, Həsən bəy Ağayev, Fətəli xan Xoyski, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Üzeyir və Ceyhun bəy Hacıbəyli qardaşları, Hüseyn Cavid, Cəlil Məm¬mədquluzadə. Məhəmməd Hadi, Əhməd Cavad, Abdulla Şaiq, Salman mümtaz, Əlabbas Müznib və başqaları idilər. Xüsusən, “Cümhuriyyət şairi” Əhməd Cavadın, Əli Yusif, Ümmügülsüm, Əmin Abid (Gültəkin), Cəfər Cabbarlı, Bədri Seyidzadə, Mürşid, Davud (Ağamirzadə), Əli Şövqi kimi gənclərin şeirləri el arasında sürətlə yayılır, marşa, himnə, nəğməyə çevrilirdi. Azərbaycanın istiqlalına, milli dövlətə, bayrağa və gerbə, türkçülük idealına, ümumbəşəri və islami dəyərlərə həsr olunmuş ən yaxşı ədəbi-bədii, elmi-publisistik, fəlsəfi-tarixi əsərlər məhz ADR dövründə yaranmışdır. Azərbaycanın tam müs¬təqilliyi və istiqlalı ideyası əksər ziyalıları bir bayraq altında birləşdirir və ədəbi hərəkat da ən çox bu yöndə irəliləyirdi. İstiqlal hərəkatının ideoloqları Avropada və Rusiyada vüsət tapan xristian birliyi hərəkatı müqabilində “türkləşmə, islamlaşma və müasirləşmə” ideyasını irəli sürür və onun qələbəsinə çalışırdılar. Bu ideya Azərbaycanda siyasi, sosioloji və fəlsəfi istiqamətə yönəlir, azərbaycançılıq təlimi ilə qaynayıb-qarışırdı.

ADR yarandığı gündən istiqlal hərəkatı fədailəri, ziyalılar milli mənlik şüuru¬nun, milli ruhun və ideologiyanın dirçəldilməsi sahəsində, ta¬rixi və milli varislik ənənələrinin təbliği və tədqiqində önəmli rol oynadılar. 1918-ci ilin sonlarında Bakıda “Türk gecələri” konsertlərinin təşkili də bununla əlaqədar idi. Geniş proqramlı “Türk gecələri”ndə türk xalqlarının musiqisinə və ədəbiyyatına geniş yer verilir, “Azərbaycanın müstəqilliyi”, “Türk qadınının dünyası”, “Türk tipləri”, “Milli birlik” və s. tamaşalar göstəri¬lir, tatarlar, Osmanlı türkləri, Azərbaycan və Türkiyə şair və yazıçıları, artist və rəssamlan iştirak edirdilər [24.s.139]. Gecələrdə türk xalqlarının etnoqrafiyasına və məişətinə həsr olunmuş “Türk ocağı”, “Türkmən çadrası”, “Atəşgah”, “Şərq salonları” kimi sərgilər nümayiş etdirilirdi. “Türk gecələri” konsertlərində Azərbaycan Hökumətinin üzvləri və digər siyasi xadimlər də iştirak edirdilər. Görkəmli teatr və musiqi xadimləri Hüseyn¬qulu Sarabski, Hüseyn Ərəblinski, Mirzağa Əliyev, Cahangir Zeynalov, Sidqi Ruhulla, Üzeyir Hacıbəyli, Zülfüqar Hacıbəyli və başqaları müxtəlif teatr və konsert tamaşaları təşkil edirdi¬lər [3.s.172]. Ümumilikdə, fikrimizcə Azərbaycan Cümhuriyyətinin mədəniyyət quruculuğu cümhuriyyət ideyaları təməlində yeni bir Türk Dövləti, Türk cəmiyyəti və Türk insan tipi yetişdirmək idi. Bu yeni Türk İnsan tipinin siyasi və milli fəlsəfəsi Avropa Maarifçilik ideyaları , liberal dmokratik dəyərləri ilə Türk-İslam Şərq (Osmanlı, Səfəvi, Babur, Şeybani) inancının Tövhid (oxu: Allahın Təkliyinə iman) , kollektiv iradə (oxu: Çingiz xan və Qara Yusif Qanunnamələri) , sosial həmrəylik (oxu: Əxilik, Solidarizm), Ədalətli idarəetmə (oxu: Nizami Gəncəvi yaradıcılığı), irfan mədəniyyəti (oxu: Sufizm), mənəvi-əxlaqi yüksəlişi əsas alaraq İnsandan İşraqa çevrilən asket insan tipi (oxu: Şəms Təbrizi Qanunları, Ş. Sührəvərdi İşraqiliyi, Ələvilik (Vəhdət – əl Vücud), Qızılbaşlıq, Muğam) dəyərləri ilə sintezləşərək , Oğuz xaqanın “Ey Türk Özünə dön. Sən Özünə dönəndə böyük olursan!”, Ə. B. Topçubaşovun “Yaşa və başqalarını da yaşamağa qoy!”, M.Ə. Rəsulzadənin , “İnsanlara hürriyyət, Millətlərə istiqlal!”, Ə. B. Hüseynzadənin “Türkləşmək, İslamlaşmaq, Çağdaşlaşmaq” ideyalarında əks olunmuşdur.

Nəticə

Tarixi faktlar göstərir ki, Azərbaycanda istiqlal ideyası müxtəlif inkişaf mərhələləri keçmişdir. 1870-ci illərdən M.F.Axundovla başlayaraq, H.B.Zərdabi, Ə.Hüseynzadə, Ə.Ağaoğlu, M.Ə.Sabir, Ü.Hacıbəyli və bir çox maarifçilərin, H.Z.Tağıyev başda olmaqla Türk burjaziyası və aydınlarının fəaliyyəti ilə yüksəliş mərhələsi keçirmiş marifçilik hərəkatı 1905-1907-ci illər I Rus İnqilabı nəticəsində Çar Nikolayın qəbul etdiyi “Azadlıq Manifestinin” imzalanması ilə yeni siyasi mərhələyə qədəm qoymuşdur. Rusiya işğalı altında olan Türk-Müsəlman xalqları Çar Manifestində elan olunan azadlıqlardan bəhrələnmək məqsədilə geniş mübarizəyə başlamışlar. Cənubi Qafqaz Türkləri Çar Rusiyasından öz milli haqlarını tələb etmək məqsədilə Ə.B.Topçubaşovun liderliyi ilə “Rusiya Müsəlmanları İttifaqı”Partiyası yaratmışlar. Eyni zamanda Rusiya Dövlət Dumasında Ə.B.Topçubaşov liderliyində “Türk-Müsəlman Fraksiyası” fəaliyyət göstərmişdir. Rusiya Türk müsəlmanlarının haqları uğrunda mübarizə 1917-ci il fevral-burja inqilabına qədər Rusiya müsəlmanları İttifaqı Partiyası və Dövlət Dumasındakı Türk Müsəlman Fraksiyası vasitəsilə sivil, demokratik, qanuni – leqal yollarla Ə.B.Topçubaşov liderliyində həyata keçirilmişdir.

1917-ci il Rusiyada gerçəkləşən Fevral-burjua inqilabından sonra Rusiya Türklərinin gələcəyi və müqəddəratı ilə bağlı Bakıda keçirilən Qafqaz Müsəlmanlarının Qurultayında və 1917-ci ildə Moskvada keçirilən Rusiya müsəlmanlarının Moskva qurultayında Azərbaycan Milli Hərəkatı M.Ə.Rəsulzadənin liderliyi ilə yeni bir siyasi mərhələyə qədəm qoymuşdur. M. Ə. Rəsulzadə liderliyində Azərbaycan xalqı Rusiyanın xalqların ərazi muxtariyyətinə əsaslanmaqla federativ bir dövlət quruluşuna çevrilməsi uğrunda mübarizəyə başlamışlar. 1917-ci il mayın əvvəllərinə kimi “Musavat” partiyasının liderləri və onların tərəfdarları Rusiya bolşevik hərəkatının millətlərə milli müqəddarat hüququnun verilməsi tələblərinə uyğun olaraq Rusiya imperiyası tərkibində Azərbaycana mədəni-milli muxtariyyat verilməsini tələb etmişlər. 1917-ci ilin yazında Ümumrusiya müsəlmanlarının Moskva qurultayında M.Ə.Rəsulzadənin məruzəsi əsasında müsəlman vilayətlərinə ərazi muxtariyyatı verilməsi tələbi irəli sürüldü. Qurultay nümayəndələrinin əksəriyyəti (717 nəfərdən 446-sı) Rusiyanın federativ respublikaya çevrilməsi lehinə səs verdi. Federalistlər Əhməd Salikov başda olmaqla tatar milli ziyalılarının müdafiə etdiyi unitaristlər üzərində qələbə çaldılar. 1917-ci ilin oktyabrında Rusiyada Leninin rəhbərliyi ilə baş verən bolşevik çevrilişindən sonra isə Azərbaycan Türkləri M.Ə.Rəsulzadə öndərliyində Milli İstiqlal uğrunda mübarizəyə qədəm qoymuşdur.

Tarixi faktlar göstərir ki, Azərbaycan İstiqlal ideyasının təbliğində və inkişafında “Hümmət” (1904), “Mücahid” (1905), “İttifaqi-müsliman” (1906), “Ədalət” (1916), “İrşad” (1917), “Türk-ədəmi mərkəziyyət” (1917) və bu kimi milli-demokratik və sosial-demokratik partiyaların, xüsusilə” müsəlman demokratik “Musavat” partiyasının müstəsna rolu olmuşdu.

Bakıda 1918-ci ildə Rusiya Bolşevik Hökümətinin Bakı komitəsinin (Bakı Komissarlığı) sədri Şaumyanın rəhbərliyi ilə Türk-Müsəlmanlara qarşı Erməni-Rus birləşmələri tərəfindən törədilmiş mart kütləvi soyqırımı istiqlalın aparıcı qüvvəsi olan “Müsavat” partiyasının milli dövlətçilik ideyalarına güclü təsir göstərdi, onu Rusiya imperiyasını demokratik-federativ respublikaya çevirmək, burada millətlərə muxtariyyət hüququ vermək ideyasından imtina etməyə, bundan sonra tam dövlət müstəqilliyi xəttini əsas götürməyə, “Müstəqil Azərbaycan” ideyasını irəli sürməyə məcbur etdi.

1918-ci ildə mayın 28-də M.Ə. Rəsulzadə öndərliyində Azərbaycan Milli şurası Azərbaycanın İstiqlalını elan etmişdir.
Azərbaycan Xalq cümhuriyyətinin qurulması ilə başlayan yeni dövlət və cəmiyyət quruculuğu prosesi milliyyətçilik ideologiyasının təsiri altında həyata keçirilmişdir Türkçülük dövlət siyasətinin əsasını təşkil etmişdir. Cümhuriyyət hökümətinin milli təhsil siyasəti ilə yeni cəmiyyət quruculuğu iki prosesi həyata keçirməyi qarşıya məqsəd qoymuşdu. 1) Ümmətdən millətə keçid prosesində milli mədəniyyəti cəmiyyətin bütün təbəqələrinə aşılamaq surəti ilə dildə və düşüncədə uyumlu bir birlik, bütünlük meydana gətirmək, ortaq sosio-mədəni dünyagörüş formalaşdırmaq. 2) Milli mədəniyyət ətrafında sıx birləşməklə millətləşmə prosesini sürətləndirməli və tamamlamalı. Bu məqsədlə ilk olaraq millətləşmə prosesinin təməl daşlarından olan dil və tarix şüurunun təkmilləşdirilməsi qərara alınmışdı. Hökümətin qəbul etdiyi 27 iyun 1918-ci il tarixli qanunla “Dövlət dili Türk dili” elan edildi. 1919-cu ilin dekabrında “İstiqlal” muzeyinin açılması Azərbaycan mədəniyyəti tarixində mühüm hadisə oldu. Məktəblərdə tədris edilən dərs proqramlarında Türk Tarixi,Türk Coğrafiyası,Türk dili və ədəbiyyatının öyrədilməsinə xüsusi önəm verildi. Tədris proqramlarında, “Bəlli bir coğrafiyada eyni dövlət çatısı altında yaşayan bir xalqın tarixi deyil, dil və mədəniyyət birliyinə sahib olan, Asiyanın geniş ərazisinə yayılmış bütün bir Türk millətinin tarixinə” xüsusi önəm verilməklə ümumi bir Türk anlayışı aşılanmaqda idi.

Azərbaycan Cümhuriyyətinin mədəniyyət quruculuğunda əsas hədəf cümhuriyyət ideyaları təməlində yeni bir Türk Dövləti, Türk cəmiyyəti və Türk insan tipi yetişdirmək idi. Bu yeni Türk İnsan tipinin siyasi və milli fəlsəfəsi Avropa Maarifçilik ideyaları , liberal dmokratik dəyərləri ilə Türk-İslam Şərq (Osmanlı, Səfəvi, Babur, Şeybani) inancının Tövhid (oxu: Allahın Təkliyinə iman) , kollektiv iradə (oxu: Çingiz xan və Qara Yusif Qanunnamələri) , sosial həmrəylik ( oxu: Əxilik, Solidarizm), Ədalətli idarəetmə (oxu: Nizami Gəncəvi yaradıcılığı), irfan mədəniyyəti (oxu: Sufizm), mənəvi-əxlaqi yüksəlişi əsas alaraq İnsandan İşraqa çevrilən asket insan tipi (oxu: Şəms Təbrizi Qanunları, Ş. Sührəvərdi İşraqiliyi, Ələvilik (Vəhdət əl Vücud), Qızılbaşlıq, Muğam) dəyərləri ilə sintezləşərək , Oğuz xaqanın “Ey Türk Özünə dön. Sən Özünə dönəndə böyük olursan!”, Ə. B. Topçubaşovun “Yaşa və başqalarını da yaşamağa qoy!”, M.Ə. Rəsulzadənin , “İnsanlara hürriyyət, Millətlərə istiqlal!”, Ə. B. Hüseynzadənin “Türkləşmək, İslamlaşmaq, Çağdaşlaşmaq” ideyalarında əks olunmuşdur.

İstifadə edilmiş ədəbiyyat:

1) Abışov V.Ş. Azərbaycanlıların soyqırımı (1917-1918-ci illər). Bakı, Nurlan, 2007, 163 s.
2) Bigiev Musa Carullah. İslahat əsasları. Petroqrad, 1915, Rusiya Müsəlmanlar İttifaqının birinci qurultayının qərarı.15.08.1905.// TRMA, f.199.s.1, İ.722, v.13 (arxası-14; Ə.B.Topçubaşov. Rusiyada Müsəlman qurultayları.// Arcives d`Ali Mardan-bey Toptchibachi, carton n 7. CERCEC,EHESS,Paris,p.9-10, M.Dж.Бигиев.Основы реформы. 177 s.
3) Əhmədova. T. Azərbaycan Demokratik Respublikası dövründə sosial-mədəni vəziyyət/ Sosial kulturalogiya. Ali məktəblər üçün dərslik. M.C.Manafovanın redaktəsi ilə. Bakı. 2010. 259 s.
4) Həsənli Cəmil. Tarixi şəxsiyyətin Tarixi. Əlimərdanbəy Topçubasov. Azərbaycan Diplomatik Akademiyası. Bakı-2013. 587 s.
5) Həyat, 1905-ci il. 7 iyun № 1.
6) Həyat, 1906, 2 iyul.
7) Hüseyn Baykara. Azərbaycan İstiqlal mübarizəsi tarixi. Bakı. Azərnəşr, 1992. 276 s.
8) Kaspi” qəzeti, № 57, 30 mart 1905-ci il.
9) Mehmet Sara. Quzey və Güney Azərbaycan türklərinin tarixi. Bakı, “Şərq-Qərb”, 2010. 724 s.
10) Mış. M.İ. Hüquq xəbərləri. 1906-cı il, səh. 132. http://www.rasulzade.org/ideology/5_14.html
11) Qaraqoyunlu Yasəmən. Azərbaycan ziyalılarının Rusiya müsəlmanlarının birləşməsində oynadığı rol / Tarixi və milli-mənəvi dəyərlər kontekstində Azərbaycan Milli Kimliyi. Bakı. Elm və Təhsil. 2014. 391 s.
12) Qraf Vitte. Xatirələr. II cild, Berlin, 1922-ci il, səh. 1-2.http://www.rasulzade.org/ideology/5_14.html
13) Qurbanov. Ş. Cəmaləddin Əfqani və Türk Dünyası. Bakı, 1996. 220 s.
14) Rafael Ayvaz oğlu Əhmədli. Azərbaycan dövlətçilik fəlsəfəsi.Bakı, “Nurlan”, 2008. 360 s.
15) Rəsulzadə M. Ə. Qafqaz Türkləri. Bakı. Təknur. 2012. 111 s.
16) Topçibaşı Əlimərdan bəy (Tərcümeyi-hal,1862-1934)// Qurtuluş, 1934, dekabr, sayı 2, s.48.
17) Xəqani Məmmədov AYDINLARIMIZIN İSTİQLAL MÜCADİLƏSİ s 56. 93 s. http://www.anl.az/el/Kitab/2017/Azf-293781.pdf
18) Balayev Aydın. Mehmet Emin Resulzade/Azərbaycan Türklerinin önderleri. Düşleyen Ahmet Obalı. Editör prof. Dr. Nesib Nesibli. Türkiye Türkçesine aktaranlar. Orhan Uravelli, Selçuk Alkın. Ankara . Berikan Yayınevi . 2017. 524 s.
19) Hasanlı Cemil. Ali Merdan Topçubaşı. Azərbaycan Türklerinin önderleri. Düşleyen Ahmet Obalı. Editör prof. Dr.Nesib Nesibli. Türkiye Türkçesine aktaranlar.Orhan Uravelli, Selçuk Alkın. Ankara . Berikan Yayınevi . 2017. 524 səh. 524 s.
20) İrevanlı Sevil Abbasoğlu. Kafkaslardakı Kıyım ve sürgünler. Batı Azerbaycanda Rus ve Ermenilerin yaptığı soykırım. Türk dünyası araştırmaları Vakfı. Istanbul-2015. 520 s.
21) Karakoyunlu Yasemen. Hocalı Soykırımının tarihi-siyasi sebepleri/Türk Dünyası araştırmaları. Karabağ özel sayısı. İstanbul. Ocak-Şubat 2017. Sayı 226. 240 s.
22) Mehmetov İsmail. Türk Kafkasında Siyasi ve Etnik Yapı.Eski çağlardan günümüze Azerbaycan Tarihi. Eklemler, Notlandırma ve Düzenlemelerle Türkce yayına Hazırlayanlar Ekber N.Necef-Şamil Necefov. Ötüken. İstanbul. 2009. 853 s.
23) Sebahattin Şimşir. Mehmet Emin Resulzade. Hayatı ve Şahsiyeti. İstanbul, 2012. 189 s.
24) Süleymanlı Ebülfəz. Milletleşme Sürecinde Azerbaycan Türkleri. Rus İşğalından Günümüzə Sosiolojik Bir Deyerlendirme. Ötüken. İstanbul. 2006. 372 s.
25) Toğan Z.V. M.E. Resulzade – Turaneli dergisi. Ankara 1955. s.54
26) Şenel Adnan. Bolşevik devriminin Rusyadakı Türk Esirlerine Etkisi//Türk Yurdu. Ankara. Ekim 2017. Sayı 362. 95 s.
27) Yagublu Nesiman. Ankara.Ocak. 2015. Mehmet Emin Resulzade Ansiklopedisi. 503 s.
28) Бигиев. M. Дж. Основы реформы. Вступительная статья, перевод с татарского языка и примечания И.Ф. Гимадеева PAX ISLAMICA 1/2008 13 s. http://docplayer.ru/60380924-Musa-dzharullah-bigiev-osnovy-reform.html Усманова Д.М., Михайлов А.Ю. И87 Ислам и православие в позднеимперской России: Институты и социально-правовой статус (на примере Волго-Уральского региона) / Д.М. Усманова, А.Ю. Михайлов. – Казань: Яз, 2014. – 188 s. https://kpfu.ru/portal/docs/F_188139479/2.pdf
29) Ибрагимов. Г. Татары в ревалюции 1905 года. Пер.с тат. Г. Мухаммедовой. Под ред. Г.Ф.Линсцера. Казан, 1926. 259 s.
30) Kacпий, 1907, 1 фвраля.
31) Kacпий, 1917, 19 апреля.
32) Kacпий, 1906, 1 июня.
33) Усманова. Д. Мусулманские представители в Российском парламенте.1906-1916 гг. М., 2005. 583 s.

 

Bastainfo.com