Heç kim bizi sevməyə borclu deyil

Səxavət Soltanlı

Çox təəssüfedici mənzərəni izləməkdəyik.

Ölkəmizin həqiqi problemlərini dilə gətirən azsaylı tirubunalar artıq biri birini təftiş etməklə məşğuldurlar. 
Bundan da pis olanı demokratik mübarizə apardığını iddia edən siyasətçilərin demokratiyaya zidd olmayan fəaliyyətlə məşğul olan media ilə didişməsidir. 
Siyasətin qızıl qaydalarından biri də odur ki, sən həqiqi mətbuatla vuruşmayacaqsan, o haqsız olsa belə.

Qonşu ölkələrdə hansı proseslər gedir, biz isə mənasız söz güləşdiririk. Fundamental olaraq söz güləşdirməkdə heç bir problem yoxdur. Taktiki baxımdan növbəti yanlışa gedirik.

İstənilən bizdəki kimi hakimiyyət üçün bundan yaxşı mənzərə ola bilməz.

Kimin bizim haqqımızda nə deməsindən asılı olmayaraq heç kimə kin bəsləməməliyik, bizi sevməyə heç kim borclu deyil.

Bu il Emin Milli çıxıb konqresin tirubunasından bizim haqqımızda yaxşı nəsə deməyib, canı sağolsun. Amma əsas problemləri deyib. Sağolsun. 
Bu məsələni bu qədər dərinləşdirmək doğru deyil. Cəmiyyətin maraqları baxımından doğru deyil, bu mənzərə cəmiyyətə pis təsir edir.

Oxşar mənzərə 2016 cı ildə də olmuşdu.

Həmin Vaşinqtondakı konqresdə referendum ərəfəsində təşkil olunan dinləməyə qatılan bizim dostlarımız referendum haqda danışsalar da, suallar o istiqamətdə verilsə də saxta referenduma qarşı yeganə təşəbbüs qrupu olan Müsavat Partiyası tərəfindən yaradılan Respublika təşəbbüs qrupunun MSK tərəfindən qansuz olaraq qeydə alınmaması faktı haqqında bir kəlmə belə demədilər. 
Demədilər demədilər, canları sağolsun, dalaşası deyilik. 
Biz neylədik? Başqa kanallarla bu faktı bütün dünyaynın diqqətinə çatdırdıq. 
Biz bu illər ərzində ardıcıl və prinsipial mübarizə aparmışıqsa əlehimizə işlədilən hər hansı söz bizi gözdən sala bilməz, salmamalıdır. 
O zamandan, referendum ərəfəsindəki dinləmələrdən sonra nə oldu? 
Amerikanın, qərbin bizə münasibəti dəyişdimi? 

Qətiyyən. 

Ondan sonra ölkəyə gələn ən yüksək səviyyəli Amerika rəsmisi ölkədə yalnız Müsavat lideri İsa Qəmbərlə görüşdü. 
Avropa Parlamentindəki müzakirələrə, digər beynəlxalq tədbirlərə Müsavat başqanı Arif Hacılı dəvət olundu və orada Azərbaycanın əsas problemlərindən və heç birinə fərq qoymadan Azərbaycandakı siyasi məhbuslar haqqında danışdı.

İndi kim haqlı kim haqsız davası başlasa, uzanacaq. 
Demokratik subyektlər biri biri ilə hakimiyyətin ağzı ilə, eyni, oxşar ittihamlarla danışmaqdan yayınmalıdır.

Sən də öz həqiqətlərini mümkün vasitələrlə çatdır istədiyin ünvana, vəssalam. İndiki halda başqa variant yoxdur.

Məsləhət falan deyil, səsli düşüncənin statusa köçürülməsidir.

 

Bastainfo.com