Müsavatda sıx təqvim: Mayın 28-dək 6 tədbir keçiriləcək

Bu gün Müsavat Partiyasında Sədrlər Şurasının genişləndirilmiş iclası keçirilib. Əvvəlcə Müsavat başqanının müavini Razim Əmiraslanlı Divanın son iclası haqqında məlumat verib.

Daha sonra iclasa Müsavat başqanı Arif Hacılı qatılıb və partiyanın Cumhuriyyətin 100 illiyi ilə bağlı qarşıdakı iki həftə ərzində planlaşdırdığı tədbirlər barədə məlumat verib.

Arif Hacılı bildirib ki, ölkə başçısı İlham Əliyev Cümhuriyyətin 100 illiyi ilə bağlı tədbirlər keçirilməsi haqqında fərman versə də, bu sənəd demək olar ki, kağız üzərində qalmaqdadır.

Arif Hacılı Müsavat Partiyasının təşkilatçılığı ilə açıq şahmat turnirinin və mini futbol turnirinin uğurla başa çatdığını qeyd edib. O, əlavə edib ki, bu tədbirlər çərçivəsində Hollandiyada fəaliyyət göstərən müsavatçıların təşəbbüsü ilə Cümhuriyyətin 100 illiyi ilə bağlı bütün dünyaya yayılacaq poçt markası çap edilib. Bundan başqa, Azərbaycan Respublikasının banisi Məhəmməd Əmin Rəsulzadənin “Əsrimizin Siyavuşu” əsəri professor Almaz Əliqızının təşkilatçılığı ilə Londonda ingilis dilində dərc edilib. 

Müsavat başqanı daha sonra qarşıdakı həftələrdə keçiriləcək tədbirləri sadalayıb:

– Mayın 19-da Almaniyanın Frankfurt şəhərində Müsavat AKM-in təşkilatçılığı ilə bayram tədbiri.

– Mayın 24-də Türkiyə paytaxtı Ankarada Azərbaycan Kültür Dərnəyinin təşkilatçılığı ilə bayram tədbiri, ADR-in banisi Məhəmməd Əmin Rəsulzadənin məzarının ziyarət edilməsi.

– Mayın 26-da Tbilsidə bayram tədbiri, ADR-in ilk baş naziri Fətəlixan Xoyskinin məzarının ziyarət edilməsi.

– Mayın 27-də saat 15:00-da Bakıda Səttar Bəhlulzadə mədəniyyət sarayında bayram tədbiri.

– Mayın 28-də saat 12:00-da Novxanıda Rəsulzadənin abidəsi önündə mitinq.

– Mayın 28-də saat 16:00-da Bakıdakı “Məhsul” satdionunda bayram şənliyi.

Arif Hacılı Səttar Bəhlulzadə adına mədəniyyət sarayında və “Məhsul” stadionunda tədbirlərin keçirilməsinə şərait yaradılması üçün Bakı Şəhər İcra Hakimiyətinə müraciət edildiyini qeyd edib, vaxt imkanları və alınan cavablardan asılı olaraq, bütün planlaşdırılan tədbirlərin reallaşdırılacağını bildirib.

A.Hacılı Bakıda keçiriləsi tədbirlərlə bağlı Təşkilat Komitəsinin tərkibini elan edib. O, TK üzvlərinə və iclas iştirakçılarına tapşırıqlarını verib.

 

Bastainfo.com