Bayılda sürüşmə nəticəsində 3 ev uçdu

Bakıda Bayıl qəsəbəsindəki (Buxta küçəsi, 9) 16 mərtəbəli binanın yaxınlığında ekzogen proses müşahidə olunmaqdadır. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının rəisi Əziz Qaralov bildirib.

Ə.Qaralov deyir ki, proses son günlərdə sürətlənib və burada yaşayan əhaliyə təhlükə yaranıb:

“Bu prosesin nəticəsi olaraq, 3 ev uçub, 22 evin sakinləri isə həmin ərazidən köçürülüb”.

Torpaqda çatların əmələ gəlməsinin aktivləşməsinin dəqiq səbəblərini müəyyən etmək mümkün deyil. Onlar müxtəlif ola bilər.

«2018-ci il mayın 15-də Səbail rayonu, Bayıl yaşayış sahəsi, Buxta küçəsində yeraltı proseslərin təsiri ilə torpaq sürüşməsi baş verib. Bu zaman 2 fərdi yaşayış evi tam, 2-si isə qismən dağıntılara məruz qalıb. Daha 20 fərdi ev də təhlükəli ərazidədir».

Bunu isə Səbail Rayon İcra Hakimiyyətindən (İH) bildiriblər.

İH-dən verilən məlumata görə, bu ərazidəki mövcud yaşayış evləri hələ XX əsrin 50-ci illərində tikilib: «Əksəriyyəti birmərtəbəli, möhkəm təməli olmayan, uzun illər istismar olunduğundan resursları tükənmiş evlərdir. Evlərin böyük əksəriyyəti Səbail Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansındadır».

Məlumatda qeyd edilir ki, evlərə baxış keçirən müvafiq qurumlar binaların qəzalı və təmirə yararsız olması ilə bağlı rəy verib. Daha sonra məsələ ilə bağlı Nazirlər Kabinetinə müraciət edilib.

İcra hakimiyyətindən həmin ərazidən bəzi ailələrin köçürülməsi haqqında deyilənləri də təsdiq ediblər: «Mayın 15-də isə həmin təhlükəli ərazidən daha bir neçə evin sakinləri köçürülüb. Ümumilikdə isə, Buxta küçəsindəki təhlükə yaranmış ərazidən 22 ailə (55 nəfər) köçürülüb. Əraziyə nəzarət olunması üçün polis postları qoyulub, xəsarət alan yoxdur, ərazidə araşdırmalar aparılır».

Xatırladaq ki, Bayıl yamacı adətən sürüşmə zonası hesab olunur və vaxtaşırı burada torpaq kütləsinin hərəkəti aktivləşir ki, bu da böyük sayda əhalinin köçürülməsinə səbəb olur.