“Bandotdel” haqqında həyəcanlı xəbər

Oqtay Gülalıyev: “Saleh Rüstəmova işgəncə verirlər, onun ailə üzvü olan qadınlardan müxalifət əleyhinə ifadə alıblar”

Hüquq müdafiəçisi Oqtay Gülalıyev Elçibəy hakimiyyəti dönəmində Gədəbəy rayonunun icra başçısı olmuş Saleh Rüstəmova DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncə verildiyi haqqında məlumat yayıb.

“Onun haqqında saxta narkotika ittihamı ilə həbs qətimkan tədbiri seçilsə də o, qanunvericiliyin tələblərinə zidd olaraq hazırda DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılır, İstintaq Təcridxanasına köçürülməyib. Digər tərəfdən isə sabiq icra başçısından istintaqa sərf edən ifadə almaq üçün ona işgəncə veriblər, mənəvi- psoxoloji təzyiqlərə məruz qoyublar” – Oqtay Gülalıyev bildirib.

Hüquq müdafiəçisinin bildirdiyinə görə, keçmiş icra başçısının qardaşı oğlu Vidadi Rüstəmli də həbs edilərək əmisinin yanında ağır işgəncələrə məruz qalıb.

“Daha sonra isə Saleh Rüstəmovu ailəsinin qadın üzvləri ilə təhdid edərək ondan müxalifət əleyhinə izahata qol çəkdiriblər. Guya o, hər ay müxalifətə 25- 30 min ABŞ dolları pul göndərirmiş ki, ölkədə asayişi pozub gərginlik yaratsınlar. Ondan təzyiq, təhdid və işgəncə altında bu ifadələr video çəkiliş vasitəsi ilə də lentə alınıb. Əgər sabah müxalifət əleyhinə Xəzər Tv- də belə bir çəkilişlə qarşılaşsanız, şaşırmayın. Bu, vaxtilə ermənilərin vandalizm hərəkətləri nəticəsində dinc Xocalı sakinlərindən “Qarabağ ermənilərindir” sözünü almaq üçün işlətdikləri dəhşətli işgəncənin Qarabağ qazisinə Azərbaycanın dövlət idarələrində tətbiq edilən formasının təzahürüdür” – Oqtay Gülalıyev bildirib. 

Hüquq müdafiəçisi hesab edir ki, Saleh Rüstəmovun və onun qohumlarının həbsi müxalifətə qarşı növbəti təxribatın hazırlanması və həyata keçirilməsi üçündür.

“Gəlin, bu təxribatı ifşa edək və növbəti qarayaxmanın qarşısını alaq. Digər şəxslərin şərlənməsinə və həbsinə imkan verməyək. Eyni zamanda şərlənib həbs olunan bütün siyasi məhbuslara bir yerdə azadlıq tələb edək!” – deyə, hüquq müdafiəçisi çağırış edib.

 

Bastainfo.com