Gina Haspel Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru oldu

ABŞ Senatı agentlikdə keçmiş fəaliyyəti zamanı qəddar dindirmə metodlarını tətbiq etməsinə baxmayaraq Gina Haspel-i Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru vəzifəsinə təsdiq edib.

100 mandatlı Senatda Haspel-in direktorluğunun leyhinə 54, əleyhinə 45 senator səs verib. Səsvermə zamanı 6 demokrat senator da respublikaçılara dəstək verib.

Azadlıq Radiosu yazır ki, MKİ-də 33 illik staja malik veteran bu agentliyin ilk qadın direktoru olacaq. O indiyədək MKİ-nin direktor əvəzi vəszifəsini icra edirdi.

O bu vəzifədə Mike Pomeo-nu əvəzləyəcək. Pompeo ötən ay ABŞ-ın dövlət katibi vəzifəsinə təsdiq edilib.

2002-ci ildə, 2001-ci ilin 11 sentyabr terror hücumundan dərhal sonra Haspel Taylanddakı məxfi saxlama mərkəzinə rəhbərlik edib.

Həmin vaxtlarda MKİ “su ilə işgəncə” də daxil sərt dindirmə metodlarından istifadə edirdi.

Mayın 9-da Senatda keçirilən ilk dinləmədə Gina Haspel Mərkəzi Kəşfiyyat İdarəsinin bir daha belə metodlardan istifadə etməyəcəyini bildirmişdi.

 

Bastainfo.com