Oqtay Əsədov: “AŞPA-nın sanksiyaları bizi narahat etmir”

Rəsmi Bakı özünü elə aparır ki, sanki AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidova qarşı tətbiq edilən sanksiyanın heç bir əhəmiyyəti yoxdur. Bu barədə cümə günü Milli Məclisin plenar iclasında spiker Oqtay Əsədov bildirib.

O, AŞPA sanksiyalarının əhəmiyyətini şişirtməməyə çağırıb. Halbuki, sanksiya S.Seyidovun mandatının və AŞ tədbirlərində iştirakının dondurulmasını nəzərdə tutur.

O.Əsədovun sözlərinə görə, birinci dəfə deyil ki, AŞPA Azərbaycana qarşı sankiyalara dair qərar qəbul edir. Onlar ədalətsizdir, ancaq onların önəmini şişirtmək lazım deyil. S.Seyidov AŞPA-nın işində iştirakını davam etdirəcək.

Sonra O.Əsədov ermənipərəst qüvvələrin təsirinə görə AŞPA-nın bir dəfə də olsun Qarabağ münaqisəsini müzakirə etməməsi barədə ənənəvi və yalnış tezisi təkrarlayıb.

Görünür, O.Əsədov dövlət başçısı İlham Əliyevin çıxışlarını diqqətlə dinləmir. Belə ki, İ.Əliyev AŞPA-nın Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə bağlı qətnaməsini yüksək qiymətləndirib.

Eyni zamanda Azərbaycan hökumətinin nümayəndələri Azərbaycanda insan hüquqlarının pozulmasına dair qətnamənin qarşısının alınması üçün AŞPA deputatlarına milyonlarla avronun ödənilməsi barədə konkret ittihamlara cavab vermirlər.

 

Bastainfo.com