Türkiyə seçkiləri: rəy sorğuları nə göstərir?

Türkiyədə iyunun 24-nə təyin olunan növbədənkənar prezident və parlament seçkiləri yaxınlaşdıqca, ictimai diqqət bu ölkədə keçirilən rəy sorğularına köklənib.

Parlament seçkilərində əsas rəqabətin AKP və MHP-nin yaratdığı “Cumhur İttifaqı” ilə müxalifətdə olan CHP, İyi Partiya, Səadət Partiyası və Demokrat Partiyasının birləşdiyi “Millət İttifaqı” arasında gedəcəyi şübhə doğurmur. Hər iki koalisiya parlamentdə yerlərin yarıdan çoxunu qazanmağa iddialıdır. Burada kürd seçicilərin daha çox səs verdiyi HDP-nin 10 faizlik seçki barajını aşıb-aşmayacağı müzakirə edilməkdədir. HDP bəzi sorğu nəticələrinə görə  9 faiz, bəzi sorğulara görə isə 11 faiz səs toplayacaq.

Prezident seçkilərinə gəlincə, burada prezident Rəcəb Tayib Ərdoğanın favorit olduğu hamı tərəfindən qəbul edilir. Siyasi qüvvələr sorğu şirkətlərinin xidmətlərindən həm də təbliğat məqsədləri üçün istifadə edirlər. Ərdoğanın reytinqi bəzi sorğularda 30 faiz, bəzi sorğularda isə 53-55 faiz arasındadır.

Əvvəlki seçkilərdə cəmi 2 faizədək xəta ilə əhalinin rəyini qabaqcadan öyrənə bildiyi üçün obyektiv sorğu şirkəti imici qazanmış SONAR-ın keçirdiyi son anket araşdırması Türkiyə mediasında böyük əks-səda doğurub.

SONAR “Seçkilər bu bazar günü olsa, kimə səs verərdiniz” sualı ilə 26 müxtəlif ərazidə 3 min nəfərə müraciət edib və aşağıdakı nəticələri açıqlayıb:

AKP lideri Rəcəb Tayyib Ərdoğan – 42%;

CHP-nin namizədi Məhərrəm İncə – 21.91%;

İYİ Partiyanın başqanı Meral Akşener – 21%;

HDP-nin namizədi Səlahəttin Dəmirtaş – 11.01%;

Səadət Partiyasının lideri Temel Karamollaoğlu – 2.1%;

Vətən Partiyasının namizədi Doğu Perinçek – 1.98%;

Sorğunun nəticələri iyunun 24-də Ərdoğanın 50%+1 səs toplamayacağını və seçkilərin ikinci tura qalacağını göstərir.

CHP-nin namizədi Məhərrəm İncənin Adana mitinqi

İkinci tur olarsa, ən çox səs toplayan 2 namizəd iyulun 8-də yenidən yarışacaq. CHP və İyi Partiya ikinci tura qalan müxalif namizədi dəstəkləyəcəklərini bəyan ediblər. 

 

Bastainfo.com