Bakıda kafedə partlayış: Ölənlərin sayı artdı – Video

Bakıda kafedə baş verən partlayışda xəsarət alanlardan biri xəstəxanada keçinib.

Bu barədə Trend-ə açıqlamasında Respublika Yanıq Mərkəzinin baş həkimi Şöhrət Məmmədov deyib.

Baş həkim bildirib ki, hadisə nəticəsində bədən səthinin 100 faizi yanan, 1974-cü il təvəllüdlü İbrahimov Natiq Zahid oğlu mayın 22-də gecə saat 02:00 radələrində dünyasını dəyişib. Hazırda mərkəzdə müalicəsi davam etdirilən, 1965-ci il təvəllüdlü İbrahimova Şəkər Xosrov qızının vəziyyəti isə ağır olaraq qalır. Hadisə nəticəsində qadının bədən səthinin 95 faizi yanıb.

***

Mayın 21-də günorta saatlarında Bakıda, Binəqədi rayonu, “Elit” Ticarət Mərkəzi yaxınlığında yerləşən kafedə partlayış baş verib. Partlayış nəticəsində iki nəfər həlak olub. Bu haqda FHN məlumat yayıb. 

Məlumatda bildirilir ki, Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 25 m2 olan (10 m2 hissəsi daşdan, qalan hissəsi taxta konstruksiyalardan ibarət) tikilinin (çayxana kimi fəaliyyət göstərir) içərisində propan qaz balonu partlayıb.

Nəticədə tikilinin yanar konstruksiyaları yanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı şəxsiyyəti məlum olmayan iki nəfərin (qadın və kişi) yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib.

Daha iki nəfər (İbrahimov Natiq Zahid oğlu, 44 yaş; İbrahimova Şəkər Xosrov qızı, 53 yaş) yanğınsöndürənlər hadisə yerinə çatana kimi xəstəxanaya aparılıb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

 

oxu.az