Navalnını dəstəkləyən mer istefa verdi

Rusiyanın dördüncü böyük şəhəri olan Yekaterinburqun meri Yevgeni Roizman istefa verdiyini açıqlayıb. O, merin birbaşa seçilməsinin ləğvinə etiraz olaraq belə bir addım atıb.

Şəhər sakinləri tərəfindən seçildiyim üçün onların maraqlarını müdafiə edirəm. Elə bir duruma salınmışıq ki, başqa birisinin qərarını qanuniləşdirməliyik. Belə bir şəraitdə bunda iştirak etməyəcəyəm. Bugünkü toplantı bitib. Sizə buna qatılmaq istəmədiyimi elan edir və istefa verirəm”, – Roizman mayın 22-də şəhər şurasının iclasında deyib.

ÜZÜYOLA MER “TƏYİN OLUNACAQ”

O, həmin açıqlamadan öncə şəhər merinin seçilməsinin ləğviylə bağlı şəhərin xartiyasına dəyişikliklər edilməsini toplantının gündəliyinə salmaqdan imtina edib.

Yevgeni Roizman mer seçkisinin ləğvi planlarına qarşı etiraz aksiyasında, 2 aprel, 2018-ci il

Aprelin 3-də Sverdlovsk regionunun deputatları qanun layihəsi qəbul ediblər. Sənədə görə, regionun paytaxtı olan Yekaterinburgun merini şəhər şurası seçəcək. Namizədlərin siyahısını isə komissiya hazırlayacaq. Bu addım Roizmanın və şəhər sakinlərinin etirazına səbəb olub.

Roizman regionun qubernatoru Yevgeny Kuvaişevin təqdim etdiyi bu qanunvericiliyi pisləyib. O deyib ki, birbaşa seçkilərin ləğvi demokratiyaya zərbə olar, şəhərin maraqlarına ziyan vurar. Onun fikrincə, Kremlə sadiq yerli hakimiyyət bu sənəddən yararlanaraq üzüyola mer “təyin edəcək”.

Tənqidçilərin sözlərinə görə, prezident Vladimir Putin 18 illik hakimiyyəti dövründə Kremlin seçki siyasəti üzərində nəzarətini gücləndirib.

Roizaman Putini açıq tənqid edən, müxalifət lideri Aleksey Navalnını dəstəkləyən azsaylı yerli rəsmilərdəndir.

Ancaq onun vəzifəsi daha çox protokol xarakterlidir, Yekaterinburda icraedici səlahiyyətin çoxu şəhər administrasiyasının rəhbəri Aleksandr Yakob-a məxsusdur.

 

AzadlıqRadiosu