Dövriyyəyə 200 manatlıq əksinaslar buraxılır

Mərkəzi Bankda müstəqil dövlətimizin qurucusu ümummilli lider Heydər Əliyevin 95 illik və Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileylərinin əbədiləşdirilməsi məqsədilə hazırlanmış xatirə pul nişanlarının və yeni 200 manatlıq pul nişanının təqdimat mərasimi keçirilib.

Tədbirdə Mərkəzi Bankın sədri Elman Rüstəmov milli valyutanın dövlət müstəqilliyinin əsas atributlarından biri olduğunu deyib. 

O bildirib ki, ölkə iqtisadiyyatının dinamik inkişafını, dövriyyədə olan nağd pulun strukturunda baş verən dəyişiklikləri nəzərə alaraq, eləcə də, nağd pul sferasında səmərəliliyin yüksəldilməsinin təmin edilməsi məqsədilə yeni 200 manatlıq pul nişanının tədavülə buraxılması barədə qərar qəbul edilib:

“Yeni pul nişanının dizaynı hazırlanarkən müsabiqədə ABŞ şirkəti “Crane Currency” tərəfindən təqdim olunan dizayn qalib seçildi. Bu dizayna bir sıra şirkətlərin təqdim etdiyi mütərəqqi mühafizə sistemləri inteqrasiya edilməklə pul nişanı “Giesecke+Devrient” şirkətində istehsal olundu”.

E.Rüstəmov qeyd edib ki, yeni banknotun üzərində ölkəmizin, paytaxtımızın ən müasir simvollarından biri olan Heydər Əliyev Mərkəzinin əzəmətli təsviri, Mərkəzin əsas eksteryer və interyerinin dizayn elementləri, milli xalça nümunələrinin elemetləri, digər milli ornamentlər əks olunub. 

Oxu.az-ın məlumatına görə, sonra MB sədri Heydər Əliyevin 95 illik yubileyinin əbədiləşdirilməsi məqsədilə hazırlanmış xatirə pul nişanını təqdim edib: 

“Bu gün də Mərkəzi Bank bir daha qürur hissi ilə Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş xatirə pul nişanının tədavülə buraxılmasını elan edir. Xatirə pul nişanları çəkisi 1 troy unsiyası (31.1 qr) olan yüksək əyarlı qızıldan və platin-qızıl kombinasiyasından ibarətdir.

Yubiley pul nişanının üzərində Azərbaycanın dövlət rəmzlərindən, eləcə də, memarlıq, şəbəkə sənətində geniş yayılmış ornamentlərdən istifadə olunub. Pul nişanının ön hissəsində xüsusi relyefdə əks olunmuş Dövlət bayrağının fonunda Heydər Əliyevin qızıl və platindən hazırlanmış portreti əks etdirilib. Arxa hissəsində isə Dövlət gerbi təsvir olunub.

E.Rüstəmov Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinin əbədiləşdirilməsi məqsədilə hazırlanmış xatirə pul nişanını təqdim edib. 

Məlum olub ki, xatirə pul nişanları çəkisi 1, ¾ və ½ troy unsiyası olan yüksək əyarlı qızıldan ibarətdir:

“Yubiley pul nişanının ön hissəsində azadlıq rəmzi olan günəş, Azərbaycan Respublikasının xəritəsi və onun üzərində dövlət himnimizdən bir parça, Dövlət bayrağının qrafiki dizaynı təsvir etdirilib.

Cümhuriyyətin yarandığı tarix, istiqlal mübarizəmizin qələbəsi kimi zəncirlənmiş qəfəsdən azadlığa çıxan göyərçinlər təsvir olunub. Yubiley pul nişanının arxa hissəsində Dövlət gerbi, aypara ilə səkkizguşəli ulduz və şəbəkə sənətində geniş yayılmış ornamentlər əksini tapıb”.

Qeyd edək ki, hər iki yubiley pul nişanları Böyük Britaniyanın “The Royal Mint” Kral Sikkəxanasında istehsal olunub.