AXCP-nin üç fəalı saxlanıldı – Müxalifətdən reaksiyalar

Azərbaycan Xalq Cəbhəsi Partiyasının üç fəalı saxlanılıb.

Polis AXCP Ali Məclisinin Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmovu, partiyanın Gənclər Komitəsinin Məclis sədri Ruslan Nəsirlini və Qarabağ müharibəsi veteranı, keçmiş “vicdan məhbusu” Babək Həsənovu həbsə alıb.

Nəsirlinin və Həsənovun evlərində axtarış aparılıb.

“Prokurorluq və daxili işlər orqanları tərəfindən ölkənin  iqtisadi maraqlarına qarşı yönəlməklə sahibkarlıq fəaliyyətinin qanunla müəyyən edilmiş qaydalarına qəsd edən cinayətlərin aşkarlanaraq qarşısının alınması istiqamətində həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində Ədliyyə Nazirliyində qeydiyyatdan keçməyən Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) adlı qurumun funksionerlərindən Əli Kərimli, Qənimət Zayidov, Saleh Rüstəmov, Vidadi Rüstəmli, Aqil Məhərrəmov, Ruslan Nəsirov, Babək Həsənov və digərlərinin Bakı şəhər sakinləri Ceyhun Hüseynov, Rauf İsgəndərov, Heydər Əhmədov, Tural Mehdixanov və qeyrilərinin üzv olduqları qurumun respublikamızda və xaricdə dövlətimizə, dövlətçiliyimizə və milli maraqlarımıza zidd olaraq keçirilən tədbirlərinin maliyyələşdirilməsi üçün qanunsuz sahibkarlıq fəaliyyəti nəticəsində əldə edilmiş külli miqdarda çirkli pul vəsaitlərinin leqallaşdırılması əməllərini törətmələrinə dair kifayət qədər sübutlar toplanıb”.

APA-nın xəbərinə görə, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə yaydığı məlumatda bildirilib. Məlumatda qeyd olunub ki, “Rusiya Federasiyasında yaşayan Saleh Rüstəmov çirkli pul vəsaitlərinin əldə edilməsinin mənbəyini gizlətmək məqsədilə “Sahibkarlıq fəaliyyəti haqqında” qanunun, Vergi Məcəlləsi və digər normativ-hüquqi aktların tələblərini pozaraq qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan, vergi ödəyicisi kimi uçotda durmadan, həmçinin xüsusi razılıq (lisenziya) olmadan banklar və digər kredit təşkilatlarının müstəsna funksiyalarına aid faktiki bank fəaliyyətini həyata keçirmək məqsədi ilə AXCP-nin fəaliyyətinin maliyyələşdirilməsi üçün Rusiyada təbliğat aparıb”.

Prokurorluğun məlumatına görə, Saleh Rüstəmov daha sonra biznes strukturlarında çalışan və əvvəllər tanıdığı ayrı-ayrı Azərbaycan vətəndaşlarından hər ay toplayaraq Moskva şəhərində kommersiya bankında açdığı hesabına keçirdiyi 30 min ABŞ dollarını 2016-cı ilin mart ayından etibarən, Bakı şəhərində valyuta əməliyyatlarının qanunsuz köçürülməsi ilə məşğul olan Ceyhun Hüseynov, Rauf İsgəndərov, Heydər Əhmədov və Tural Mehdixanov vasitəsilə Vidadi Rüstəmliyə çatdırılmasını təmin edib. V. Rüstəmlinin həmin vəsaitləri qəbul edib Aqil Məhərrəmov, Ruslan Nəsirov və Babək Həsənova, onların isə AXCP-nin funksionerlərinə vermələri ilə, ümumilikdə 412 min ABŞ dollarını AXCP-nin tədbirlərinin maliyyələşdirilməsinə, dəstə üzvlərinin iqtisadi maraqlarının təmin olunmasına və digər maliyyə əməliyyatlarının həyata keçirilməsinə, beləliklə də cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərinin leqallaşdırılması əməllərini törətmələrinə əsaslı şübhələr müəyyənləşib.

Qeyd edək ki, Saleh Rüstəmov 1992-93-cü illərdə Gədəbəy rayon İcra hakimiyyətinin başçısı olub.

AXCP-də hesab edirlər ki, bu şəxslərin saxlanması müxalifətin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar mayın 28-də Novxanı qəsəbəsində keçirəcəyi mitinqlə bağlıdır.

Öz növbəsində, Demokratik Qüvvələrin Milli Şurasının rəhbəri Cəmil Həsənli AXCP fəallarının həbsini pisləyib. Onun sözlərinə görə, son iki həftədə 10 AXCP fəalı saxta ittihamlarla həbs edilib.

Müsavat Partiyasının mətbuat xidməti də Cümhuriyyətin 100 illiyi ərəfəsində hakimiyyətin repressiv tədbirlərini pisləyən açıqlama yayıb.

“Müsavat Partiyasının Xətai rəyon təşkilatının sədr müavini, keçmiş vicdan məhbusu Elvin Abdullayevin, ardınca AXCP Ali Məclisinin Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmovun, partiyanın Gənclər Komitəsinin Məclis sədri Ruslan Nəsirlini və Qarabağ müharibəsi veteranı, keçmiş vicdan məhbusu Babək Həsənovun həbsi hakimiyyətin müxalifətə qarşı repressiya siyasətinin tərkib hissəsidir. Müsavat Partiyası hakimiyyətdən bu repressiyaları dayandırmağı, siyasi motivlə həbs olunanların azadlığa buraxılmasını tələb edir”, -deyə, Müsavatın mətbuat xidmətinin açıqlamasında deyilir.

 

Bastainfo.com