Azərbaycanda orta aylıq əmək haqqı 538 manata çatıb?

Dövlət Statistika Komitəsinin bu gün, iyunun 11-də yaydığı məlumata görə, 2018-ci ilin yanvar-aprel aylarında Azərbaycanda orta aylıq əmək haqqı 538 manata çatıb. Bu, ötən ilin ilk altı ayı ilə müqayisədə 3.5 faiz artım deməkdir.

İqtisadçı, Bakı Dövlət Universitetinin İqtisadiyyat kafedrasının müəllimi Toğrul Maşallı deyir ki, Azərbaycanda dövlət qurumlarında çalışanların əmək haqları arasında böyük bir fərq var. Belə ki, bir tərəfdə azı 2 min manat maaşı alan millət vəkilləri, hakimlər, ombudsman və başqaları var, digər tərəfdə isə aşağı əmək haqqı alan həkimlər, müəllimlər, sosial işçilər:

“Yüksək vəzifəli dövlət qulluqçularından, məmurlardan başqa digərlərinin maaşı 350-500 manat arasında dəyişir. Yalnız yüksək vəzifəli məmurların və dövlət qulluqçularının maaşı bundan bir qədər yüksəkdir. Əgər biz dövlətə məxsus şirkətlərə baxsaq, ən yüksək maaşlar Dövlət Neft Şirkəti olan SOCAR-dadır. Amma dövlət maaş müəyyən edərkən, ancaq minimum əmək haqqına və İstehlak səbətinə əsaslanır. Ona görə də digərlərinin maaşları daha aşağıdır”.

21 il ibtidai sinif müəlliməsi işləyən Aysel Məmmədova deyir ki, 9 ildir maaşların azlığı səbəbindən müəllimliyin daşını atıb. Tam başqa sahədə çalışır:

“Yəni, aldığım əmək haqqı qane etmirdi məni. Əsəb, stress, valideynlərin hərəsi gəlib bir söz deyirdi. Amma bu gün bir balaca normaldır”.

Millət vəkili Vahid Əhmədov da razılaşır ki, Azərbaycanda əmək haqları arasında böyük bir uyğunsuzluq var. Amma o düşünür ki, hökumət zamanla bu fərqi aradan qaldıra bilər:

“Çünki birdən-birə maaşların hamısını eyni səviyyəyə gətirib çıxarmaq qeyri-mümkündür. Son vaxtlar dövlət büdcəsindən maliyyələşən həkimlər, müəllimlərin maaşları ilə bağlı müəyyən addımlar atılıb. İndi attestasiyadan keçən, yüksək qiymətlər alan müəllimlərin maaşlarında ciddi artımlar var. Ümumiyyətlə, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda müəllimlərin maaşlarına mütamadi baxılır. Düzdür, yüksək səviyyətdə addımlar olmasa da, 10-15 faiz artımlar olur. Maaşları birdən-birə artırmaq da qeyri-mümkündür, çünki bu inflyasiyaya gətirib çıxara bilər”.

Bəs hökumət maaş siyasətini necə aparır? Məsələn, hökumət necə müəyyənləşdirir ki, insan haqları müvəkkili ayda 2230 manat, müəllim deyək ki, 350 manat alsın.

Azərbaycanda prezident 15 min manat, milli məclisin sədri əlavələrlə birlikdə ayda 4712 manat, sıravi millət vəkili bunun 70 faizi qədər, yəni, 2887 manat əmək haqqı alır. Ali məhkəmənin sədri 2280 manat maaş alır. Müəllimlərin və həkimlərin orta aylıq əmək haqqı isə 300-400 manat civarındadır. İqtisaçdı, Bakı Dövlət Universitetinin İqtisadiyyat kafedrasının müəllimi Toğrul Maşallı deyir ki, Azərbaycandan fərqli olaraq, inkişaf etmiş ölkələrdə hökumət dövlət qurumlarında çalışanlara daha yüksək maaş verir:

“Bu sahədə problemlərin, korrupsiya və rüşvətxorluğun qarşısını almaq üçün onlara nisbətən daha çox əməkhaqqı verirlər. Eyni zamanda dövlət məktəb, xəstəxanalarında çalışanlara da nisbətən yüksək maaş verir, çünki onları dövlət qurumlarında çalışmağa cəlb etmək lazımdır”.

Buna görə də Toğrul Maşallı özəlliklə, müəllimlərin, həkimlərin və digər sosial işçilərin maaşlarının artırılmasına ciddi ehtiyac olduğunu vurğulayır.

Prezident seçkiləri ərəfəsində müəllimlərin, həkimlərin maaşları 10 faiz artırıldı. Prezident seçkisindən sonra isə hakimlər, millət vəkilləri, insan haqları müvəkkillərinin maaşları qardırıldı. Məsələn, ombudsmanın maaşı 205 manat artaraq, 2230 manat olub.

Amerikanın Səsi