“İnformasiya əldə etmək haqqında” qanuna düzəlişlər edilib

Bu gün Milli Məclisin insan hüquqları komitəsində “İnformasiya əldə etmək haqqında” qanuna düzəlişlər layihəsi müzakirə edilib.

Milli Məclisin vitse-spikeri, komitənin rəhbəri Bahar Muradova bildirib ki, qanunun 30.1-ci maddəsinə dəyişiklik nəzərdə tutulub.

Dəyişikliyə əsasən büdcə təşkilatının, dövlət adından yaradılan publik hüquqi şəxslərin, büdcədənkənar dövlət fondlarının, səhmlərinin (paylarının) 30 faizi və ya daha artıq hissəsi dövlətə məxsus olan təsərrüfat cəmiyyətlərinin illik maliyyə fəaliyyəti haqqında məlumatların, o cümlədən dövlət büdcəsindən verilmiş vəsaitdən və ya onlara ayrılmış əmlakdan istifadəyə aid olan informasiyanın internet informasiya ehtiyatlarında açıqlanması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir.

Bu səlahiyyət Nazirlər Kabineti tərəfindən həyata keçiriləcək.

Nəzərdə tutulan dəyişikliyin tətbiqi ilə çoxsaylı informasiya sorğularının sayı azaldılacaq, informasiya əldə edilməsində şəffaflıq artırılacaq və ictimai nəzarət imkanları gücləndiriləcək.

Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.

 

Bastainfo.com