Arif Hacılı Ramazan bayramı münasibətilə xalqı təbrik etdi

Müsavat Partiyasının başqanı Arif Hacılı Ramazan bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib.

Təbrikdə deyilir:

“Əziz həmvətənlər!

Əziz bacı və qardaşlarım!

Sizi müsəlmanların ən müqəddəs, ən sevimli bayramlarından biri olan Ramazan bayramı münasibəti ilə təbrik edirəm.

Sülh və əminamanlığı, insanların öz nəfslərini qoruyub, digərlərinə qayğı və yardım göstərməsini təbliğ edən Ramazan ayını mömin müsəlmanlar hər il səbirsizliklə gözləyir. Ramazan ayı ərzində dünyanın hər yerində olan müsəlmanlar oruc tutur, allaha ibadət edir, Allah qarşısında öz borclarını yerinə yetirirməyə, günahlardan uzaq olmağa, xeyirxahlığa çalışır. Bizim dualarımız sülh, əmin-amanlıq, ərazilərimizin bütövlüyü, ölkəmizdə hüquqi dövlətin, azad, demokratik cəmiyyətin qurulması, haqsızlığa son qoyulması ilə bağlıdır. Ramazan ayında tutduğunuz oruclar, qıldığınız namazlar, bütün xoş niyyətli dualarınız Allahın dərgahında qəbul olunsun.

Əziz həmvətənlər!

Sizi bir daha Ramazan Bayramı münasibəti ilə təbrik edir, Sizə şəxsi həyatınızda xoşbəxtlik, işlərinizdə uğurlar arzulayıram.”