Bu gün Rusiyada dünya çempionatı başlayır

Bu gün Rusiyada futbol üzrə dünya çempionatı başlayır.

Oyunlar 11 şəhərdə – Moskva, Kalininqrad, Yekaterinburq, St. Peterburq, Soçi, Nijni Novqorod, Volqoqrad, Samara, Kazan, Saransk və Rostovda baş tutacaq.

Dünya kuboku hazırlıqlarına – stadionlar və infrastrukturun qurulmasına təxminən 360 milyard rubl xərclənib.

Mundial zamanı Rusiya xüsusi rejim tətbiq edir: turnirlər üçün biletləri olan əcnəbilərə vizasız giriş imkanı verilir; dünya çempionatına ev sahibliyi edən ölkəyə oturum icazəsi olmadan üç gündən artıq müddətə gəldikdə qeydiyyatdan keçmək lazım gələcək; dünya kuboku üçün bütün bilet və akkreditasiya sahibləri ictimai nəqliyyat vasitələrindən, qatarlardan pulsuz istifadə edə biləcəklər.

Açılış mərasimi Moskva vaxtı ilə saat 16:00-da turnirin açılış matçı ərəfəsində Moskvanın “Lujniki” stadionunda başlayacaq və iki saat davam edəcək.Tədbirdə Rusiya prezidenti Vladimir Putin başda olmaqla, hökumət nümayəndələri iştirak edəcəklər.

Açılış konsertində tanınmış ingilis müğənni Robbiye Villiams, amerikalı aktyor, hip-hop ifaçısı Vill Smith və Niki Jam, eləcə də alban müğənni Era Istrefi çıxış edəcəklər.

Həmçinin tanınmış rus opera müğənnisi Aida Qarifullina oxuyacaq. Bundan əlavə, konsertdə məşhur braziliyalı futbolçu Ronaldo iştirak edəcək.

Açılış mərasiminin sonunda Rusiya və Səudiyyə Ərəbistanı arasında oyun başlayacaq.

Qeyd edək ki, Britaniya mediası Rusiyanın ilk FIFA dünya kubokuna ev sahibliyini korrupsiya yolu əldə etdiyini iddia edib.

 

Heybət Əmrah

Bastainfo.com