Türkiyənin İlham Əliyevi və İsa Qəmbəri

Mustafa Hacıbəyli

Komanda qol vuranda hamı qucaqlaşır, bir-birini təbrik edirlər. Top buraxılanda isə heç kim komanda yoldaşının üzünə belə baxmaq istəmir. 

Döyüşdə də belədir: kiçicik uğur hamını ruhlandırır, mehribanlaşdırır, hər bis əsgər son tikəsini də silahdaşı ilə bölüşür, yox, düşmən üstələdisə, hər kəs “xain” axtarır. 

ABŞ-ın 35-ci prezidenti Con Kennediyə məxsus olan “Qələbənin min atası var, məğlubiyyət isə həmişə yetimdir” ifadəsi az qala bütün dünyada zərb məsələ çevrilib. 

Məncə, “Qələbəyə şərik olacaqdınsa, məğlubiyyətə də şərik olmalısan” ifadəsinin də zərb məsələ çevrilməyə haqqı var…

Son günə qədər Məhərrəm İncəni dəstəkləyən, onun qələbəsini arzulayanların bir çoxu, indi onun səhvlərindən, bəziləri hətta qorxaq və satqın olmasından danışır, yazırlar.

Əgər qalib gəlsəydi, “biz udduq” deyəcəkdilər. Məğlub oldu deyə, “qorxdu”, “geri verdi”, “satıldı” deyirlər.

Eynən 2003-cü ildə Azərbaycanda olduğu kimi…

İncənin məğlubiyyəti tək onun məğlubiyyəti deyil. Bu, azadlığın irtica qarşısında məğlubiyyətidir.  Bu, məzlumun zülmkar qarşısında, əzilənin əzən qarşısında, mərhəmətin zorba qarşısında, kamilliyin cahillik qarşısında, demokratiyanın diktatura qarşısında məğlubiyyətidir. 

Bu mənada İncənin məğlubiyyəti, əslində, hamımızın – azadlıq istəyən və demokratiya dəyərlərini bölüşən hər kəsin məğlubiyyətidir.

İncənin uğurlu seçki kampaniyasının əsas səbəbi təkcə onun şəxsi keyfiyyətləri yox, Türkiyədə dəyişiklik istəyən toplumun dirənişi idi. İncənin sonrakı davranışlarının da səbəbi yenə toplumdakı sonrakı ovqatdır. 

İncə elə 3 gün əvvəlki İncədir. Dəyişən – ona olan münasibətdir. Kütlə psixologiyası məğlubiyyəti qəbul etmir, hətta məğlub olanı günahlandırmaq üçün əsas olmasa belə, bunu uydurur. Necə ki, İncənin, onun xanımının  qaçırıldığı, təhdid edildiyi, bu səbəbdən geri çəkildiyi haqda əfsanələr elə öz düşərgəsində uydurulmuş, kütlə buna asanlıqla inanmışdı.

İncə seçki ərəfəsində niyə cəsarətlənmişdi? Çünki toplum ondan cəsarət tələb edirdi. İncə niyə gündə 3-4 mitinq keçirirdi? Çünki görürdü ki, hər mitinqinə əvvəlkindən daha çox adam gəlir. Seçki günü niyə əvvəlkitək cəsur və fəal görünmədi? Çünki o, bütün pozuntularla yanaşı, məntəqələrdə səsvermənin real nəticələri və toplumun ovqatı haqqında hamımızdan daha çox məlumatlı idi. O gün bütün Türkiyə həyacan içində idi.

“Seçki günü İncənin səsi çıxmadı” deyirlər. Adam səsvermə qurtaran kimi canlı yayımda açıqlama verib. Bundan 1 saat sonra “Sandıq başından ayrılmayın, Anadolu Ajansının manipulyasiyasına inanmayın” mesajı yayıb. Sonra deyib ki, “Açıqlama vermək üçün YSK-nın məlumatını gözləyirəm”. Bu arada iki dəfə CHP rəsmiləri də efirə çıxıb, əllərində olan protokolların AA-nın açıqladığı rəqəmlərlə üst-üstə düşmədiyini, seçkinin ikinci tura qalacağını deyiblər. 

İncə nə etməli idi ki, bunu etmədi?!

Deməliydi ki, seçki saxtalaşdırılıb və hamını öz səsləri uğrunda meydanlara çağırıram?! Əminəm ki, bunu desəydi, Ərdoğan irticası meydanları qana bulayacaqdı. Heç bu çağırış olmadan da, AKP-lilər küçələrə silahlarla çıxmışdılar, havaya atəş açırdılar.

Seçki günü Surucda AKP-lilərin öldürdüyü 3 vətəndaşın, o cümlədən İyi Partiyanın yerli təşkilat sədrinin qanı necə batdısa, İncənin çağırışı ilə meydanlara çıxası adamların da qanını elə batıracaqdılar.

Deyəcəkdilər ki, “FETÖ-nun təlimatı ilə hərəkətə keçiblər”. CHP-nin də adını “terrorçu təşkilat” qoyacaqdılar. Bundan sonra Türkiyədə daha bir neçə yüz min insan həbs olunacaqdı. Doğma Türkiyənin üzərinə indikindən daha qara bir zülmət çökəcəkdi.

Üstəlik, bütün bunlar İncəni kütlənin qınağından da xilas etməyəcəkdi. Əksinə, o daha sərt şəkildə, “xalqı qırğına verməkdə” günahlandrılıcaqdı. Bu gün “İncə niyə geri çəkildi” deyənlər də bu ittihamlara haqq qazandıracaqdılar. 

Nə yaxşı ki, İncə buna getmədi. 

İndi hər şeyi yenidən başlamaq, səhvləri düzəltmək şansı var. Haqq, Hüquq, Ədalət uğrunda mübarizəyə cəmiyyətin biganə hissəsini də cəlb etmək şansı var.

İncə yenidən mitinqlərə başlayacağını, 81 vilayətdə aksiyalar keçirəcəyini açıqlayıb. Nə yaxşı ki, Ərdoğanın yandaş mediasının təhriklərinə rəğmən, Kılıcdaroğlu ilə İncə arasında da ixtilaf yaranmadı. Bu gün İncə CHP üzvlərinə “heç kim istefa verməsin” çağırışı edib. Kamal Kılıcdaroğlu isə öz növbəsində bütün yerli təşkilat sədrlərinə təlimat verib ki, İncənin bundan sonra keçirəcəyi mitinqlərin təşkilinə yardımçı olsunlar. 

Azərbaycanda demokratik düşərgəyə mənsub olan, amma Ərdoğanı təbliğ edən siyasət adamları bir düşünsünlər:

İlham Əliyev Ərdoğanı niyə dəstəkləyir? Türkiyədə YSK-nın seçkilərlə bağlı ilkin rəyini belə gözləmədən, hətta AA-nın rəqəmlərinə görə də seçki qutularının yalnız 75 faizinin açıldığı bir məqamda İlham Əliyevin tələm-tələsik Ərdoğanı təbrik etməsinin səbəbi nədir? 

Səbəb sadədir: İrticaçı, zülmkar, korrupsioner saraylılar arasında həmkar təəsübkeşliyi var. Türkiyə Azərbaycandan fərqli dövlətdir, amma hər ikisinin liderinin amalı eynidir – hər ikisi əbədi hakimiyyət hərisidir. Hər ikisinin siyasətdə istifadə etdiyi əsas alətlər saxtakarlıq, repressiya, əleyhidarları susdurmaq, yaxud satın almaqdır. Hər ikisi üçün demokratiya bir kabusdur – çünki demokratiyada əbədi hakimiyyət nəzərdə tutulmur.

Məzlumların, əzilənlərin, azadlıq mücadiləsi aparanların arasında da həmkar təəsübkeşliyi olmalıdır.  

Seçki və demokratik mübarizə kontekstində Ərdoğan Türkiyənin İlham Əliyevidir. İncə isə Türkiyənin İsa Qəmbəri. 

Barmaqla göz çıxardan zorbalılara biət etməyə nə var ki?! Bunu qullar da edir.

Əqidən varsa, istinad etdiyin demokratik dəyərlərə sadiq qalacaqsan. Demokratiyanın məğlub olması, bu dəyərlərin pis olması anlamına gəlməz. Əqidən varsa, tərəfini əqidənə görə seçəcəksən…

Zülmün topu var, gülləsi var, qalası varsa,
Haqqın da bükülməz qolu, dönməz üzü vardır!
Göz yumma Günəşdən nə qədər nuru qaralsa,
Sönməz əbədi, hər gecənin gündüzü vardır!

Millət yoludur, haqq yoludur tutduğumuz yol.
Ey haqq yaşa, ey sevgili millət, yaşa var ol!…