“20 yanvar”da “taksi bazarı” – Nəqliyyat Departamenti hara baxır?

Sumqayıt-Bakı yolunda yaranan tıxac 1 manatlıq taksilərin 5 manata sərnişin daşımasına səbəb olub.

“Basta” nın məlumatına görə, artıq iki gündür ki, Bakı Beynəlxalq Avtovağzalı-Xırdalan dairəsində asfalt-beton örtüyünün üst qatının yenilənməsi işləri ilə əlaqədar olaraq sözügedən istiqamət üzrə hərəkətin hissə-hissə qismən məhdudlaşdırılması tıxac yaranmasına səbəb olub.

Saatlarla qızmar günün altında qalan sərnişinlər avtobusların vaxtlı-vaxtında işləməməsi ucbatından 20 yanvar metrostansiyası qarşısında gözləməli olurlar.

Nəqliyyat Departamentinin hərəkəti tənzimləmək istiqamətində iş aparmaması taksi sürücülərinin əlacsız sərnişinlərə qiymət oxumalarına rəvac verir.

Belə ki, avtobusların bilərəkdən gecikdirilməsi, taksi sürücülərinin özbaşınalığına şərait yaradır. Kiçik həcmli avtobusların 30 dəqiqədən bir gəlməsi sərnişinlərin sıxlığına, gecikən avtobuslara minmək istəyən insanların münaqişəsinə səbəb olur, az qala özlərini avtobusun altına atırlar.

Bir sözlə, normalda Sumqayıt-Bakı yolunda avtobus problemi yaşayan sərnişinlər, iki gündür ki, daha çətin vəziyyətlə üzləşiblər. “Nəqliyyat Departamentinin məsələyə laqeyd münasibəti bu anormal vəziyyəti bilərəkdən yaratmağından xəbər verir” – sərnişinlər belə düşünür.

 

Könül Alı

Bastainfo.com