“Tofiq Zülfüqarovun Rusiyanın rolunu və əhəmiyyətini bu dərəcədə azaltması ciddi yanlışlıqdır”

Dili söz tutmayan, bər-bəzəkli danışmağa çalışan təbliğatçı “politoloq”lardan fərqli olaraq hörmətli Tofiq bəy reallığı bilən peşəkar təhlilçidir və onun münaqişənin həllində əsas geosiyasi aktor kimi Rusiyanın rolunu və əhəmiyyətini bu dərəcədə azaltması ciddi yanlışlıqdır və ictimai fikirdə çaşqınlıq yaradır.

Bu sözləri siyasi şərhçi, professor Qulu Məhərrəmli sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun Rusiya XİN rəsmisi Mariya Zaxarovanın “Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllinə yanaşması dəyişməyib” iddiasını şərh edərkən səsləndirdiyi  fikirlərə münasibət bildirərkən deyib.

“Tofiq Zülfuqarov xarici işlər naziri və ya xüsusi səfir vəzifəsi turmuş olsaydı, onun söylədiyi Qarabağ “münaqişəsinin həllində Rusiyanın rolu Azərbaycan cəmiuyətində həddindən artıq şişirdilib” fikrini diplomatik yanaşma kimi, bəlkə də qəbul etmək olardı. Amma indiki halda onun məsələyə ekspert kimi bu mövqedən şərh verməsi başa düşülən deyil. Axı Tofiq bəy bu münaqişənin səbəbləri, xarakteri və onun həlli üçün ən şox danışıqlar aparan, reallığı hər kəsdən yaxşı bilən, o cümlədən Moskvanın hansı riyakarlıqla münaqişənin həllini uzatmasını, bölgədə hərbi-siyasi vəziyyətə hansı üsullarla nəzarət etməsini və münaqişə tərəflərinə (Azərbaycan, Ermənistan) necə təzyiqlər göstərməsini hər kəsdən gözəl dərk edən diplomatdır. Yəni dili söz tutmayan, bər-bəzəkli danışmağa çalışan təbliğatçı “politoloq”lardan fərqli olaraq hörmətli Tofiq bəy reallığı bilən peşəkar təhlilçidir və onun münaqişənin həllində əsas geosiyasi aktor kimi Rusiyanın rolunu və əhəmiyyətini bu dərəcədə azaltması ciddi yanlışlıqdır və ictimai fikirdə çaşqınlıq yaradır.” -Qulu Məhərrəmli bildirib.

“Ola bilər ki, Rusiyanın bəzi deputat və politoloqlarının iştirakı ilə Cocuq Mərcanlıda keçirilmiş gərəkli forum və orada Azərbaycanın xeyrinə səslənmiş xoş bəyanatlar kimlərdəsə Rusiyanın mələk obrazını yaradır. Amma inanmıram ki, bu bəyanatlar rəsmi danışıqlarda həmişə Moskvanın həqiqi sifətini görmüş T. Zülfüqarov kimi təcrübəli diplomatda hansısa illüziyalar yaratsın. Ona görə də Qarabağ münaqişəsindən Cənubi Qafqazdakı gərginliyi artırmaq və Bakı ilə Yerevana təzyiq vasitəsi kimi istifadə etmək məqsədi güdən Rusiyanın günahlarını azaldan mövqe və yanaşmalara yalnız anlaşılmazlıq kimi baxıram.” -Qulu Məhərrəmli əlavə edib.

Qeyd edək ki, sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Rusiya XİN rəsmisi Mariya Zaxarovanın “Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllinə yanaşması dəyişməyib” iddiasını şərh edərkən bildirib ki, “Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanın rolu Azərbaycan cəmiyyətində həddindən artıq şişirdilib”.

“Bunu öhdəlik kimi qəbul etmək və Dağlıq Qarabağ münaqişəsinə aid etmək çətindir. Mən Rusiyanın Azərbaycana qarşı güc tətbiq edəcəyinə inanmıram. Buna baxmayaraq, ikimənalı açıqlamalar işğalçı dövlətdə arxayınçılıq yaradır. Ona görə, danışıqlar prosesinin perspektivi yoxdur. Rusiyanın bu münaqişədə rolu əsas deyil. Əsas həlledici qüvvə Azərbaycan xalqıdır. Çünki Azərbaycanın mövqeyinə görə, Ermənistanın iddialarını heç bir dünya dövləti qəbul etmir. Düzdür, məsələ uzanır, amma beynəlxalq ictimaiyyət Ermənistanın istəklərini, Azərbaycan torpaqlarını özünə birləşdirmək cəhdini qəbul etmir. Buna görə, əsas yekun nəticə Azərbaycandan asılıdır. Azərbaycan xarici siyasətini uyğun qurmaqla çalışır ki, Rusiyanın ikimənalı siyasətini aradan götürsün. Ermənistanın işğalçılıq siyasətindən əl çəkməsinə nail olsun. Düşmən başa düşməlidir ki, o öz qüvvəsinə istinadən hansısa siyasəti yürütməlidir. “Təhlükəsizlik çətiri” altında Azərbaycana güc nümayiş etdirməsi əlverişli nəticəyə gətirib çıxarmayacaq”. -Tofiq Zülfüqarov bildirib.
Bastainfo.com