Gecə yaranan zülmət ölkənin enerji təhlükəsizliyinin vəziyyətini göstərdi

Azərbaycanın təkcə özünün yox, həm də Avropanın yarısının, bəlkə də hamısının enerji təhlükəsizliyini təmin etməsi barədə dövlət məmurlarının hay-küylü bəyanatları ötən gecə alt-üst oldu.

Məlum oldu ki, bütün bu təhlükəsizlik Mingəçevirdəki 30 illik tarixi olan yeganə transformatordan asılıdır. Bu transformator qızınca “təhlükəsizlik” sistemi də naməlum istiqamətə yox olur.

Məlum olub ki, bu cür fövqəladə hallarda ölkənin enerji təchizatına alternativ sistem yoxdur.

Bir transformator sıradan çıxmaqla su təchizatı sistemi də pozulub və paytaxta su verilməsi dayanıb. Mütəxəssislər deyirlər ki, su var, ancaq elektrik enerjisinin kəsilməsi nəticəsində su nasosları sıradan çıxıb.

5 saatdan sonra hakimiyyət elektrik təchizatının bərpa olunduğunu bəyan edib. Sonra isə etiraf edib ki, Azərbaycan regionları təchiz etmək üçün Rusiya və Gürcüstandan elektrik enerjisi idxal edir. Mingəçevir İES-də vəziyyət dövlət başçısının nəzarətindədir. İES-də vəziyyətə gəlincə, bir blok sıradan çıxıb və bundan sonra digərlərində qısa qapanma baş verib.

2002-ci il, 14 iyul: taxıl zəmilərində yanğın baş verməsi səbəbindən ölkə işıqsız alıb, belə ki, alov yüksək gərginlikli xəttə keçib.

2006-cı il, 29 yanvar: Abşeron DRES -də qısa qapanma baş verib. Ölkənin yarısı, Bakı da daxil olmaqla, bir neçə saat işıqsız qalıb.

2010-cu il, 9 fevral: Bakı və regionlar işıqsız qalıb, metro işləməyib. Səbəb yüksək gərginlikli xəttdə qəzanın baş verməsidir.

Hər belə hadisədən sonra ölkə hökuməti gələcəkdə bu cür halların baş verməməsi üçün tədbirlərin görüldüyünü bildirib.

Avropanın təhlükəsizliyi problemini həll etməzdən öncə ölkə hakimiyyəti öz təhlükəsizliyi barədə ciddi düşünməlidir, əgər bu, bir trasformatordan və ya yüksək gərginlikli elekrik ötürücüsündən asılıdırsa.

 

Turan