Mingəçevirdə nə baş verib? FHN “yanğın”, “Azərenerji” “açılma” deyir

Ötən gecə ölkə ərazisində elektrik təchizatının dayandırılması Mingəçevir elektrik stansiyasında baş verən yanğınla bağlı olub. FHN-dən APA-ya verilən məlumata görə yanğın söndürülüb, soyutma işləri aparılır. “Ölkə ərazisində elektrik enerjisinin verilişi mərhələli şəkildə bərpa ediləcək. Heç bir panikaya əsas yoxdur”,  deyə FHN rəsmisi bildirib.

Bildirilir ki, hadisə nəticəsində ölən və yaralanan olmayıb. 

Azərbaycan Energetika Nazirliyi və “Azərenerji” ASC-nin birgə operativ məlumatında isə ölkənin zülmətə qərq olması başqa səbəblə izah edilir:

“Bir necə gündür havaların kəskin isti keçməsi ilə əlaqədar olaraq elektrik enerjisinə tələbatın kəskin şəkildə artması (təqribən 40 faiz) və elektrik avadanlıqlarının istismarında açılmalar nəticəsində baş vermiş qəzanın nəticələri aradan qaldırılır”.

İyulun 3-də səhərə yaxın yayılmış məlumatda deyilir ki, elektrik enerjisi təminatı Şimal və Qərb bölgələrində tam, Mərkəzi Aran bölgəsində 60 faiz, Bakı şəhərinin Yasamal rayonunda 100 faiz, Sabuncu 30, Xəzər rayonunda 80 faiz, Binəqədi rayonunda 90 faiz, Nəsimi rayonunda 40 faiz, Nərimanov rayonunda 30 faiz, Səbail rayonunda 20 faiz və Nizami rayonunda 10 faiz bərpa olunub. Həyati vacib əhəmiyyətli obyektlərin enerji ilə təminatı tam bərpa edilib.

“Qısa müddət ərzində ölkənin digər bölgələrində də enerjinin verilişi bərpa ediləcəkdir”, – xəbərdə bildirlir.

Qəzanın səbəbləri hələ tam aydınlaşdırlmayıb. Birgə məlumatda deyilir ki, ilkin ehtimala görə, qəzaya səbəb Mingəçevirdə əsas düyün yarımstansiyasında baş vermiş açılma olub. 

Bakı metrosunda da işıq sönüb

Xatırladaq ki, elektrik enerjisinin verilməsində fasilə saat gecə saat 1-ə işləmiş yaranıb. həmin saatda hələ xəttə olan metro qatarları tunellərdə qalıb.

Bakı metropoliteninin Bənövşəyi xəttində – “Avtovağzal” və “Memar Əcəmi” stansiyaları arasında hərəkət yalnız bu gün bərpa edilib.

“APA-Economics”in məlumatına görə, bunu “Bakı Metropoliteni“nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. Onun sözlərinə görə, bununla əlaqədar, Bakı Nəqliyyyat Agentliyi Sumqayıt və ətraf ərazilərdən Beynəlxalq Avtovağzal Kompleksinə gələn marşrut xətləri üzrə avtobusların, müvəqqəti olaraq, metronun “İnşaatçılar”, “Memar Əcəmi” və “Nizami” stansiyalarına hərəkətini təşkil edib.

Qatarlar hələ işləmir

Mingəçevirdə əsas düyün yarımstansiyasında baş vermiş açılma səbəbindən,  bölgələrdən Bakı sərnişin stansiyasına gələn sərnişin qatarların hərəkətində gecikmələr qeydə alınır.

“Azərbaycan Dəmir Yolları”dan “APA-Economics”ə veilən məlumata görə, ölkə ərazisində elektrik enerjisinin verilməsində yaranan problemlə bağlı bu gün günün birinci yarısında Bakı-Sumqayıt-Bakı marşrutunda işləyən elektrik qatarları hərəkətdə olmayacaq. 

“Azərbaycan Dəmir Yolları” QSC sərnişinlərdən yaranmış müvəqqəti narahatçılığa görə üzr istəyir.

 

Bastainfo.com