Naxçıvandan qara xəbər

Üç zabitin Günnüt istiqamətində baş verən qəzada həlak olduğu bildirilir

Naxçıvan Muxtar Respublikası ərazisində xidmət edən 3 hərbçinin həlak olduğu bildirilir. Hərbçilərdən birinin yaxınlarının Meydan TV-yə verdiyi məlumata görə, hadisə iyulun 5-də baş verib. Kəşfiyyatçı zabitləri avtomobil qəzasında həlak olublar. Onların Şərur rayonunun Maxta kənd sakini Həsənov Novruz Nəbi oğlu, Şərur rayonunun Şəhidmirməmməd sakini, MAXE (Müddətdən artıq xidmət edən hərbi qulluqçu) Seyidov Ramal Mirsalam oğlu və Tovuz rayon, Qaraxanlı kənd sakini Orxan Hümbətov olduğu bildirilir.

Məlumatda deyilir ki, zabitlər Günnüt istiqamətində posta qalxarkən avtoqəza baş verib və nəticədə həyatlarını itiriblər.

Məsələ ilə bağlı Müdafiə Nazirliyi açıqlama yaymayıb. Qurumdan Meydan TV-nin suallarını cavablandırmayıblar.

Deputat Adil Əliyev isə öz “Facebook” səhifəsində hadisə ilə bağlı məlumat paylaşıb:

“Şərur rayonunun Günnüt kəndi istiqamətində Şərur rayon Maxta kəndindən olan igid, Vətən oğlu Həsənli Novruz Nəbi oğlu şəhid olmuşdur. Novruz Günnüt kəndinin azad olunmasında fəallıq göstərmişdir. Allah rəhmət eləsin. Ruhu şad olsun. Doğmalarına Allah səbr versin”.

Meydan TV