Qum adasında balıqların kütləvi ölümü baş verib

Xəzər dənizindəki Qum adasında balıqların kütləvi ölümü suda həll olmuş oksigenin miqdarının qeyri-optimal səviyyəyədək azalması ilə bağlıdır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatında belə deyilir.

Nazirlik qeyd edir ki, iyulun 4-5-də Qum adasının 3-4 km olan sahilboyu dayaz akvatoriyasında kütləvi balıq ölümü müşahidə olunub. Hadisənin səbəblərini araşdırmaq üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və AMEA-nın Zoologiya İnstitunun Hidrobiologiya laboratoriyasının əməkdaşları əraziyə baxış keçiriblər.

Baxış zamanı müəyyən edilib ki, tələf olan balıqlar sivriburun kefalın körpələridir. Balıq və su nümunələri üzərində analizlər zamanı balıq nümunələrində infeksion xəstəliklərin törədiciləri və zəhərlənmə halları aşkar edilməyib.

Su nümunələrinin analizi zamanı müəyyən edilib ki, balıqların yaşadığı mühitdə suda həll olmuş oksigenin miqdarı qeyri-optimal səviyyəyədək (suda həll olmuş oksigenin miqdarı 1.5-4.0 mq/litrə-dək (norma-6 mq/litr)) azalıb. Balıqlar orqanizmləri bu dəyişikliklərə uyğunlaşmadığından kütləvi tələf olublar.

 

Turan