Gəncə tapmacaları

Səxavət Soltanlı
Fərz edək ki, hakimiyyətin Yunis Səfərovla bağlı dedikləri doğrudur. O əvvəllər polis işçisinə zor tətbiq edib, onun xidməti silahını əlindən alıb ölkədən qaçıb. Sual yaranır bu haqda o zaman niyə ölkə mətbuatında hər hansı məlumat getməyib? ‬
Həmin şəxs niyə o zaman axtarışa verilməyib? Ölkə sərhəddini necə keçib? Ölkəyə dönərkən niyə sərhəd və xüsusi xidmət orqanları tərəfindən saxlanılmayıb? Ölkələrarası müqavilələrə görə niyə tutulub ölkəyə gətirilməyib? 
Hakimiyyətin səsləndirdiyi başqa bir fikir də ondan ibarətdir ki, o əvvəllər İranda, Qum şəhərində hansısa xüsusi təlimlərdə, daha sonra Suriyada döyüşlərdə iştirak edib və s..
 
O zaman başqa bir sual yaranır, haqqında bu məlumatlar olan şəxs niyə xüsusi nəzarətə götürülməyib?
Niyə və necə bu şəxs sərhəddən keçib, rahat şəkildə gəlib terror törədib?
Bütün bunlar tapmacadır.
Səslənən ittihamlar yoxlanılırsa, həm də bu şəxsin polisə müqavimət göstərməsini bü günə qədər gizlədənlər də, ölkədən çıxmasında, ölkəyə yenidən dönməsində yardımçı olan və ya bu məsələdə səhlənkarlıq edən şəxslər də məsuliyyətə cəlb olunmalıdır.
Bunlar edilmirsə, bu kimi ittihamlardan, biri digərini inkar edən açıqlamalar verməkdən çəkinmək, obyektiv araşdırma aparıb ictimaətə məlumat vermək lazımdır. 
Və əlbəttə, biz tərəfdən heç bir halda hansısa bir cinayət alqışlana və dəstəklənə bilməz. Cinayət də varsa, hüquq və qanunlar çərçivəsində araşdırılmalı, cinayətkara adekvat cəza verilməlidir.
Ən əsası da baş verən hadisələrdən ciddi nəticə çıxarıb doğru addımıar atmaq lazımdır. 
Bütün ölkə məmur özbaşınalıqdan əziyyət çəkir, bütün ölkəboyu insanlarla qul kimi rəftar olunur. İnsanlar pozulmuş hüquqlarını məhkəmələrdə, hüquq-mühafizə sistemində bərpa edə bilmir. Bu problemlər təcili həll edilməlidir. 
Bütün səslənən versiyalar yoxlanılmalıdır, amma məlum, aşkar problemlər də dərhal aradan qaldırılmalıdır. Əks halda problemlər hər keçən gün dərinləşəcək, qarşısıalınmaz prosesə çevriləcək. 
Həqiqətən hakimiyyətin bir qrupunun dediyi kimi xarici qüvvəllər ölkədə iğtişaş, qarışıqlıq yaratmaq istəyirsə, o qüvvəllərin adı dərhal açıqlanmalıdır. 
Bütün xarici təhlükələrin təsirini azaltmaq üçün ölkədə vətəndaş sülhünə, vətəndaş həmrəyliyinə nail olmaq vacibdir. Bunun üçün xalqla, ictimai-siyasi qruplarla qarşılıqlı anlaşma əldə edilməli, müzakirələr başladılmalı, hüquqi, siyasi, iqtisadi islahatlar həyata keçirilməlidir. İlk növbədə siyasi məhbuslar, digər günahsız insanlar azad edilməlidir. Demokratik insititutların- medianın, vətəndaş cəmiyyətinin və siyasi partiyaların normal fəaliyyət göstərməsi üçün şərait yaradılmalıdır. Ən qısa zamanda insanların öz hüquqlarını məhkəmələr vasitəsi ilə həll edə biləcəyi cəmiyyət bərpa edilməlidir.
Bastainfo.com