“Azərenerji” ASC qəzanın detallarını açıqladı

“Azərenerji” Açıq Səhmdar Cəmiyyəti (ASC ) Mingəçevirdəki İstilik Elektirik Sstansiyasında baş verən qəza və onun doğurduğu fəsadların aradan qaldırılması yönündə görülmüş işlər haqda məlumat yayıb

İyulun 7-də yayılan məlumatda qəzanın detallarından da bəhs edilir.

“2018-ci il iyulun 3-də, saat 00:20 radələrində baş vermiş 1 fazlı qısa qapanma 3 fazlı qısa qapanmaya çevrilib və ani olaraq Azərbaycan İistilik Eelektrik Stansiyasında (İES) işdə olan 7 enerji bloku rele mühafizəsindən şəbəkədən açılıb. Böyük güc çatışmazlığı səbəbindən qəzanın 1-ci saniyəsində əks-qəza avtomatikasının təsirindən Azərbaycanın enerji sistemi Rusiya enerji­ sistemindən ayrılıb”, məlumatda bildirilir.

“Azərenerji” ASC bildirir ki, Azərbaycan İES-də istehsal gücü 1500 MVt olub. Həmin gücün 1000 MVt-ı Bakı və Abşeronun tələbatının ödənilməsi məqsədilə ötürülüb.

Mingəçevir İES-də yanğın
Mingəçevir İES-də yanğın

Açıqlamada vurğulandığına görə, qəzanın ilk saniyələrində “Mingəçevir-Abşeron” yük ötürülməsi dəhlizinə daxil olan sistemtəşkiledici 330 kV-luq 1-ci Abşeron elektrik verilişi xətti Azərbaycan İES-də cərəyan transformatorunun dağılması səbəbindən rele mühafizəsindən ayrılıb. 500 kV-luq 2-ci Abşeron elektrik verilişi xətti isə asinxron gedişin ləğvi avtomatikasından açılıb.

“Sistem əks-qəza avtomatikasının işləməsinə baxmayaraq, böyük aktiv və reaktiv güc çatışmazlığı, qəzanın selvari xarakter almasına, enerji sisteminin tam dayanmasına səbəb olub”.

“Azərenerji” ASC habelə bildirir ki, bütün resurslar səfərbər edilib və enerji sistemi fövqəladə iş rejiminə keçib.

“Hal-hazırda enerji sisteminin dayanıqlı işi və respublikanın etibarlı elektrik enerjisi ilə təchizatı tam təmin edilir. Gürcüstan enerji sistemindən elektrik enerjisinin idxalı dayandırılıb və Rusiya enerji sistemi ilə paralel iş rejimində razılaşdırılmış qrafik əsasında elektrik enerjisinin ötürülməsi həyata keçirilir”, deyə məlumjatda bildirilir.

Xatırlatma

İyulun 2-dən 3-nə keçən gecə ölkənin böyük bir ərazisi elektriksiz qalıb.

Rəsmi məlumatda həmin vaxt Mingəçevir İstilik Elektirik Stansiyasında qəza baş verdiyi bildirilir.

Bakı metrosu
Bakı metrosu

İyulun 3-də səhər saatlarından Bakıda, bölgələrdə elektrik verilişi tədricən bərpa edilsə də,saat təxminən 18:45 radələrində paytaxt və ölkənin bir çox hissələrində yenidən elektik enerjisi kəsilib.

Sərnişinlər Bakı metrosunda tuneldə qalıblar.

Yalnız gecə saatlarında Bakıda və bölgələrdə elektirikin verilişi nisbətən bərpa edilib.

AzadlıqRadiosu