Elmar Məmmədyarov Ermənistan XİN-in yeni rəhbəri ilə görüşəcək

Ekspertlər görüşün tanışlıq xarakteri daşıyacağı qənaətindədirlər

Brüsseldə iyulun 11-də Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Əndrü Sxofer (ABŞ) vasitəçiliyi və ATƏT-in Fəaliyyətdə olan Sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişikin iştirakı ilə Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyanla görüşəcək.

Bu barədə Azərbaycan XİN-in yaydığı məlumatda deyilir.

Məlumatda bildirilib ki, görüş əsnasında Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi müzakirə olunacaq.

Xarici işlər naziri Elmar Məmmədyarov “Azərtac” agentliyinə müsahibəsində qarşıdan gələn görüşün Ermənistanın, nəhayət, münaqişənin həllində konstruktiv rol oynamağa hazır olub, olmadığını göstərəcək.

“Seçim Ermənistan tərəfdədir”, – E.Məmmədyarov deyib.

O qeyd edib ki, Ermənistan rəhbərliyi başa düşməlidir ki, münaqişənin həll edilməsi onların ən çox ehtiyac duyduğu regional əməkdaşlıq imkanları yarada və regionda davamlı sülhü təmin edə bilər.

“Ermənistanda hakimiyyətə gələn yeni qüvvələr sağlam düşüncəli siyasət yürüdərlərsə, münaqişənin həllində irəliləyiş əldə etmək olar. Əgər onlar da Sarkisyan rejiminin yolu ilə gedərlərsə, onları da eyni aqibət gözləyir. Danışıqlar prosesində Azərbaycanın mövqeyi aydın, birmənalı və qətidir. Bu, ilk növbədə, beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanır”.

O bəyan edib ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesinin formatı və gündəliyi aydındır.

“Münaqişənin həllində irəliləyiş əldə etmək üçün ilk növbədə, işğal faktı aradan qaldırılmalı və BMT Təhlükəsizlik Şurasının qətnamələrində tələb olunduğu kimi, Ermənistan qoşunları Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmalıdır”.

Mühacirətdə yaşayan siyasi icmalçı Rauf Mirqədirov Meydan TV-yə nazirlərin Brüssel görüşündən ciddi gözləntisi olmadığını və Ermənistanda hakimiyyət dəyişikliyindən sonra ilk təmas olduğundan, görüşün tanışlıq xarakteri daşıdığını deyib.

O, bildirib ki, Ermənistanın yeni hakimiyyətinin Azərbaycan tərəfi ilə şəxsi kontaktları olmalıdır:

Rauf Mirqədirov foto sosial şəbəkə
Rauf Mirqədirov foto sosial şəbəkə.

“Yaxın vaxtlarda münaqişənin həllində ciddi dönüş olacağını hesab etmirəm. Çünki Ermənistanın yeni hökuməti hələ xalqdan mandat almayıb. Gərək parlament seçkiləri keçirilsin və yeni parlament yeni hökuməti formalaşdırsın. Bu, ölkə konstitusiyasının tələbidir. Belə bir şəraitdə indiki hökumətin ciddi danışıqlar aparmaq imkanı yoxdur”.

R.Mirqədirov deyib ki, seçkilər keçirilənə qədər Dağlıq Qarabağ münaqişəsinin həllində ciddi irəliləyiş gözləmir.

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı situasiya aydın olmayana qədər 11 iyul görüşündən hər hansı nəticə gözləmir.

Akif Nağı deyir ki, baş nazir Nikol Paşinyanın son bəyanatlarını nəzərə aldıqda, Ermənistanın güzəştli mövqe tutmaqdan çox uzaq olduğu ortaya çıxır.

Akif Nağı
Akif Nağı.

“Paşinyan Qərbə arxalanaraq Azərbaycana qarşı daha iddialı mövqedən çıxış edəcək. Çünki Brüsseldə o qonaq kimi iştirak edəcək, həm də Avropa Birliyinin rəhbərliyi tərəfindən qəbul olunacaq. Əgər ciddi dəstək alarsa, daha barışmaz mövqedə olacaq. Ona görə vəziyyət müəyyənləşməyibsə, ümumi fikirdən o tərəfə keçmək olmaz. Vəziyyətin müəyyənləşməsinə gəlincə, Ermənistanın qərbyönümlü, yoxsa Rusiyanın forpostu qalmasının sualına cavabın verilməsidir. Belə olduqda, hətta prezidentlər də görüşsə, ciddi nəticə gözlənilmir”.

 

Meydan Tv