Müsavat bəyanat yaydı: “Mustafa Hacıbəylinin Prokurorluğa aparılması qanunaziddir”

Müsavat Partiyasının Mətbuat Xidmətindən “Basta ya verilən məlumata görə, bu gün Müsavat Partiyası Divanının növbəti iclası keçirilib.

İclasda Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı qərarların icrası və  görülən işlər barədə   məlumat verib.

Partiyanın mərkəzi qərargahında ordumuzun 100 illiyi ilə əlaqədar keçirilmiş yubiley tədbiri təqdirəlayiq hesab edilib.

Müsavat Partiyasının başqanı Arif  Hacılı Amerikanın və İsveçin dövlət müstəqilliyinin ildönümü ilə əlaqədar səfirlikdə keçirilən tədbir barədə məlumat verib.

İclasda korrupsiyanın ölkənin bütün sahələrini əhatə etdiyi vurğulanıb. Məhz bunun nəticəsində ölkənin əsas strateji sahəsi olan energetikada baş vermiş dərin böhran dövlətimizin milli təhlüksizliyinin müdafiə sisteminin nə qədər zəif olduğunu üzə çıxardı.

Gəncədə baş verən cinayət hadisəsi idarəetmə sisteminin yararsızlığının göstəricisidir. Təqsirləndirilən şəxsə verilmiş işgəncələr qətiyyətlə pislənilib, istənilən şəraitdə işgəncələrin qadağan olunmasının mütləq hüquq olduğunu bir daha vurğulanıb.

Divanda vicdan məhbusu İlkin Rüstəmzadəyə qarşı cəzaçəkmə müəssisəsində olan pis rəftarın yolverilməz olduğunu bildirib, bütün siyasi məhbusların azad olunması tələb edilib.

İclasda Müsavat Partiyasının mətbuat xidmətinin rəhbəri Mustafa Hacıbəylinin  çağırış vərəqəsi göndərmədən, mülki geyimli polislər tərəfindən partiyanın qərargahından Bakı Şəhər Prokurorluğuna aparılmasının qanunazidd olduğu bildirilib.

Sonda cari məsələlərə baxılıb.

 

Bastainfo.com