Qubada kanat qırıldı: Ölən və yaralananlar var

İyulun 9-da Quba rayonunda (Bakıdan 167 kilometr şimal) otellərin birində kanatın qırılması nəticəsində ölən və xəsarət alanlar var.

Xəbəri Quba rayon Polis Şöbəsi və Quba rayon Prokurorluğundan təsdiq ediblər.

Hadisə nəticəsində bir nəfər ölüb, xəsarət alanlar var. Hazırda hadisə yerində hüquq mühafizə orqanlarının əməkdaşları araşdırma aparır.

APA agentliyinin xəbərinə görə, kanatın qırılması nəticəsində hotelin əməkdaşı, Qubanın Amsar kənd sakini 1992-ci il təvəllüdlü İsayev Rüzgar Mürvət oğlu ölüb. 

Bundan başqa, Quba sakinləri 1958-ci il təvəllüdlü Həsənov Rafiq Əziz oğlu və 1985-ci il təvəllüdlü Əliməmmədov Ruhid Mehman oğlu xəsarət alaraq Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Hoteldən kanatın qırılması və insanların xəsarət alması xəbərini Oxu.Az-a təsdiqləsələr də, ölən və yaralananların sayı barədə fərqli məlumat açıqlanıb:

“Bu məsələdə günah hotelin deyil, kanat üçün hotelə gələn şirkətin günahıdır. Təhlükəsizliyə riayət edilməyib. Hazırda araşdırma aparılır. Daha sonra ətraflı məlumat veriləcək”, – deyə, bildirən hotel nümayəndəsi hadisə zamanı bir nəfərin öldüyü, bir nəfərin isə yaralandığını qeyd edib