Şəhla İsmayıl: “Onların uğur hekayələrinə sevinməmək mümkün deyil.“- REPORTAJ

Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyəti (RİQC) 16 illik fəaliyyət yolu keçsə də, yetərincə tanınmır. Buna səbəb təşkilatın fəaliyyətsizliyi yox, özlərinin gözdən, nəzərdən kənarda qalması, bu illər ərzində media təbliğatına yer verilməməsidir. RİQC-in “Azərbaycan Qadınları: 100 illik Yol” adlı proqramı çərçivəsində keçirdiyi tədbirlərin izi ilə təşkilatın qonağı olduq. Təşkilatın rəhbəri Şəhla İsmayıl və onun kollektivi ilə söhbətləşdik.
                                Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyətinin sədri Şəhla İsmayıl
– Şəhla xanım, Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyəti qadın hüquqları və gender siyasətinin daha çox qabardıldığı təşkilatlardan biridir.  Bu sahədə fəaliyyətinizlə töhfə verə bilirsiniz?
 
Şəhla İsmayıl: Məncə, verə bilirik. Çünki qarşımızda planlar var. Həm heyət səviyyəsində, həm də dəyərlənənlər səviyyəsində çox gözəl uğur hekayələrimiz var. Yəni tamamən təcrübəsiz xanımlar gənc yaşlarında bura gəlib və artıq elə bir vəzifəyə gəlib çatıblar ki, həm təşkilat daxilində, həm beynəlxalq səviyyədə tanınmış mütəxəsis olurlar. Onların uğur hekayələrinə sevinməmək mümkün deyil. Bu çox kiçik səviyyədə olsa da, onların hər biri bizim qəlbimizi isidən bir göstəricidir ki, biz doğru yoldayıq. Çünki biz insanların həyatını dəyişməyə yönəlik bir təşkilatıq. Bunu həm fərdi qaydada edirik, həm kollektiv şəkildə. Gördüyümüz işlər tək təşkilatın deyil, ölkənin qadınlarının həyatını dəyişdirir. Amma kiçik addımlarla böyük miqyaslı işlərə doğru irəliləmək istəyirik.  
– Bəs Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyəti işini necə qurur?  Müstəqil, asılı, yarımasılı?
Şəhla İsmayıl: Biz müstəqil təşkilatıq. Bizim 14 yerli və beynəlxalq təşkilatlarda, koalisiyalarda üzvlüyümüz var. Amma heç vaxt bizim asılı vəziyyətimiz olmayıb. Nə hansısa şəbəkənin vəziyyətindən asılı bir bəyanatımız, statusumuz olmayıb, nə də maddi cəhətdən biz heç bir donordan, sponsordan heç vaxt asılı vəziyyətə düşməmişik.  Nə əvvəllər, nə də böhran dövründə. Baxmayaraq ki, böyük həcmdə layihələrimiz olub, biz heç vaxt bu vəziyyətə özümüzü salmamışıq ki, həmin mənbə yeganə mənbə olsun, ikincisi də ən böyük donordan belə asılı vəziyyətdə olmamışıq. Həmişə öz prioritetlərimiz olub. Həmişə qiymətləndirmə əsasında mülahizələrimizi irəli sürmüşük, maksimum müstəqilliyimizi saxlamışıq. O da bizə çox böyük avantaj gətirib. Bizim heç bir gizli agendamız, gizli bir niyyətimiz olmadığı üçün hər şey çox şəffaf, çox rahat və konstruktiv olub. Həm dövlətlə, həm müxalifətlə, həm beynəlxalq təşkilatlarla, həm də yerli ekspertlərlə çox rahat konstruktiv münasibətlər qura bilirik.
 
– Müxtəlif peşə sahibləri, təşkilatlar, diplomatik korpuslarla əməkdaşlıq edirsiniz. Təşkilatın əməkdaşlıq siyasəti hansı istiqamətdə qurulub?
Şəhla İsmayıl: Ümumiyyətlə bizim fəaliyyətimiz dəyərlər üzərində qurulub. Ən azından parola oxşar bir dəyərlər toplumuz var ki, onun içində pozitivlik, əlçatanlılıq, bilik, müdriklik, obyektivlik, məsuliyyət, həmrəylik hissinin güclü olmasıdır. Cəmi 7 dəyər üzərində qurulan təşkilatdı. Bu dəyərlər bilavasitə bizi gətirib bu müsbət nəticəyə çıxarıb. Xoşməramlı təşkilatıq. Bayaq dediyim kimi heç bir mənfi niyyətimiz, daxili gizli mesajımız olmayıb. Hər şey çox açıq olduğundan biz mandatımızı çox açıq bəyan edə bilirik. Çox rahat ifadə edə, çox rahat əlaqələndirə bilirik. Xüsusi oyunlarımız və xüsusi gizli işlərimiz olmadığı üçün hamıya bərabər zaman, bərabər diqqət ayıra bilirik. Hər kəs üçün də əlçatanıq. Səfirliklə, dövlətlə, yerli QHT–lər və beynəlxalq təşkilatlarla işləməyə maraqlıyıq. 16 il ərzində elə bir hal olmayıb ki, bu təşkilatın qapısını döyən əliboş qayıtsın. Əgər birbaşa köməklik edə bilməmişiksə də, onu ən azından məlumatlandırıb harasa yönləndirmişik. Heç vaxt bu bizə aid deyil, niyə bura gəlmisiniz  sözü olmayıb. Bu münasibətimiz də istər-istəməz öz bəhrəsini verir və təşkilat üzvləri, komanda pozitiv olur.
Təşkilatda təmsil olunan insanlar da işini o dəyərlər üzərində qurub. O meyarla seçilmiş insanlardı. Burada çalışan insanlar dəyərlərə hörmət edən insanlardı, iliyində, damarında, qanında o dəyərləri daşıyan insanlardı. Ona görə də iş birliyi alınır. Bunlar olmasa komanda işini qurmaq mümkün deyil. Burada bizi birləşdirən tək həmfikirlilik deyil, həm də eyni dəyər daşıyıcısı olmağımızdır. Belə olanda iş uğurlu alınır. Hesab  edirəm ki, görülən iş əməkdaşlıq səviyyəsində çox yüksək olur. 
– Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyətinin fəaliyyət tarixcəsinə nəzər saldıqda zəngin keçmişiniz və gələcək üçün dolğun inkişaf planınız olduğunu görmək mümkündür. Təşkilatın çalışanları bu layihələri birgə işləyir, ya hər kəsin öz vəzifəsi var?
Şəhla İsmayıl: Bizdə təbii ki, iş bölgüsü var. Amma  mənim, sənin söhbəti yoxdu. Burada nəyəsə kömək lazımdırsa hamı vəzifəsindən, imkanlarından, məşğuliyyətindən  asılı olmayaraq eyni səviyyədə səfərbər olunur. Bu bəzən texniki bir iş olur. Məsələn, kampaniya zamanı biz bir gündə 500 insana məktub çatdırmalı idik. O vaxt hər kəs öz işini kənara qoyub o işə cəlb olundu. Harada köməyə ehtiyac varsa biz o köməyi etməliyik və bu hamıya aiddir. Ruhumuz eynidir, bu işi birgə qurmuşuqsa və yaxud birgə qurmasaq da sonradan birgə yürüdürüksə, bütün çətinliklərin də öhdəsindən birgə gəlməliyik.
– Çalışanlar barədə, xüsusi qeyd etmək istədiyiniz nəsə varmı?
Şəhla İsmayıl: Mən öz kollektivimi çox sevirəm. İşimi çox sevirəm. Ümumiyyətlə bu işi bütün işlərim kimi böyük sevgi ilə qurmuşam. 16 il bundan əvvəlki təsis yığıncağımız, o emosiyalar, o hisslər indiki kimi yadımdadır. Təbii ki, yetişmişik, 16 il bundan əvvəlki idealist düşüncə indi daha realist düşüncəyə çevrilib. Bu yolda mənim ən böyük avantajım yəqin bu qədər gözəl insanlarla çalışmağımdır. Bu heyətlər mütəmadi olaraq dəyişir. Bizim təşkilatın ən böyük çətinliyi ondan ibarətdir ki, biz gənclərlə işləməyə çox üstünlük veririk. Gənclərin də hər zaman inkişaf planları, ailə qurmaq, təhsil almaq planları olur. Düzdü ailə quran vaxtdan sonra qayıdan da olur, qayıtmayan vaxtlar da olur. Yəni bu dinamik bir prosesdir. Biz statik bir təşkilat deyilik. Mənim işçi heyətimdə 9 il çalışan əməkdaş da olub, bir neçə ay müddətində çalışan mütəxəssislər də. Mən hər birinə minnətdaram. Çünki hər birindən nəsə öyrənmişəm, hər birinin təşkilata töhfəsi olub. Bəzən özünün dərk etdiyindən də artıq böyük töhfəsi olub. Bu insanlar o töhfəni verdiyinə görə də təşkilat bu gün ayaqda qalıb. Bir az çox, bir az az, hamının öz rolu var.   
Mənim üçün təşkilat bir orqanizmdir. Təşkilatın başı, əli, ayağı, ürəyi olmalıdır. Ona görə də burada lazımsız bir bilik yoxdur. Kimsə texniki işləri, kimsə logistik işləri, kimsə də maliyyə işlərini əla bilir. Təbii ki, funksiyalar da ona görə paylaşılıb, işimiz bu bilik və bacarıqların üzərində qurulub. Biz olmayan şeylər üzərində iş qurmuruq. Bu təşkilatda işləməyin üstünlüyü ondan ibarətdir ki, burada “Sən niyə bunu bacarmırsan?”, kimi bir irad yoxdur. Əksinə “Sən nəyi yaxşı bacarırsan mən sənə onu həvalə edəcəm və sən orada parlayacaqsan” ideyası var. Bu yanaşma hər zaman bizi uğura aparıb. Buna yeni psixologiyada “yaşıl karandaş” metodu deyirlər. Bir var qırmızı qələmlə səhvləri düzəltmək, bir var yaşıl qələmlə düzgün olan məqamları qeyd etmək. Biz düzgün tərəflərimizin üstünə basaraq komanda işini elə qururuq və üstünlüklərimizi təqdir edirik. Hesab edirəm ki, bu bizdə alınır. 
Bu qızların hər birini çox istəyirəm. Burada tam demokratik mühit yarada bilmişik. Özümüzün demokratik dünyamız var. Burada onu doya-doya yaşayırıq. Mən bacardığım qədər açıq olmağa çalışıram, hesab edirəm ki, bunu bacarıram. Tənqidi normal qarşılayıram, ümumiyyətlə geri bildirimi çox sevirəm. Təqdir etməyi və edilməyi də çox sevirəm. Bu təşkilatda təqdir olunmamaq krizi yaşanmır. Cəmiyyətimizdə təqdir etmək keyfiyyəti yox olmağa doğru gedir. Biz cəmiyyət olaraq bu krizi yaşayırıq. Bu təşkilatda o yoxdur. Hərdən mənə deyirlər ki, “Şəhla xanım niyə təşəkkür edirsiniz? Bu mənim işimdir də, təşəkkürlük bir şeymi var?”  Məncə təşəkkür etmək mədəniyyətin bir növüdür. Bu mədəniyyət bizi zənginləşdirir. Mən çalışanlarımın hər birinə təşəkkür edirəm.
                                       RİQC-nın icraçı direktoru Leyla İsgəndərova
“Qısa müzakirədən sonra mən dərs keçmək əvəzinə təşkilatda işləmək təklifi aldım. O görüş bizim üçün uzun və uğurlu əməkdaşlığın başlanğıcı oldu”.
RİQC-də çalışmağım mənə zəngin iş təcrübəsi, geniş şəbəkə, əlaqələr, peşəkar bacarıqlar, müxtəlif sahələrdə biliklər verib. Amma düşünürəm ki, ən əsas qazancım cəmiyyətdəki problemlərə etinasız qalmamaq istəyidir. Hər bir problemin həllinə və həllində mənim də rolumun ola biləcəyinə, öz gücümə inamdır. Cəmiyyətdə haqsızlıq görəndə dərhal müdaxilə etmək istəyidir.
Şəhla xanım o vaxtlar işlədiyim iş yerinə ingilis dili müəlliməsi axtardığı üçün təsadüfi bir insanın tövsiyəsi ilə məni ziyarətə gəlmişdi. Qısa müzakirədən sonra mən dərs keçmək əvəzinə təşkilatda işləmək təklifi aldım. O görüş bizim üçün uzun, uğurlu və dəyərli əməkdaşlığın və dostluğun başlanğıcı oldu. Təşkilata ürəkdən bağlandım və layihə assistentliyindən icraçı direktor vəzifəsinə qədər yüksələ bildim. RİQC mənim ikinci evimə və ailəmə çevrildi.
Biz burada böyük missiyaları olan bir komandayıq və bizim üçün əsas məsələ uğrunda çalışdığımız məqsədlərə birlikdə irəliləmək və gördüyün işdən asılı olmayaraq onu layiqincə yerinə yetirməkdir. 
Məni təşkilata ən çox bağlayan məqamlar qarşılıqlı hörmət, ideyalara və fikirlərə dəyər verilməsi, komanda ruhu, hamının bir-birilə xoş rəftarı və münasibəti və Şəhla xanımın bizi daim cəsarətləndirməsi, dəstəkləməsi və ruhlandırmasıdır. Məni bu qədər il bu təşkilata bağlayan başqa bir məqam da işimin qeyri-monoton olmasıdır (bir istiqamətli olmamasıdır). Təşkilatımız qadın mövzularında və prioritetlərimizə uyğun o qədər müxtəlif layihələr həyata keçirir ki, işdən sıxılmağa imkan olmur. Heç bir layihə növbəti layihəyə oxşamır, bu da daimi olaraq yeni işlər görməyə və fərqli bacarıqlar qazanmağa, yeni biliklər öyrənmək və təşkilatı təmsil etmək üçün müxtəlif ölkələrə səyahət etməyə, ən önəmlisi də hər gün işə həvəslə gəlməyə yardımçı olur.
 
                                    Təşkilatın mühasibi və maliyyə meneceri Əliyeva Gülarə
“Buna qədər mənim iş həyatımda rəhbərlərin heç biri Şəhla xanım kimi olmayıb”.
Təşkilatda fasilələrlə 2012-ci ildən çalışıram. Demək olar ki, artıq 6 ildir. Təşkilatın mühasibi və maliyyə meneceriyəm. Bu təşkilatda olduğuma görə,  mənim bir şəxs kimi cəmiyyətimizdə olan təzahürlərə vətəndaş nöqteyi-nəzərim dəyişib. Onlara olan mövqeyim dəyişib. Şəxs olaraq daha çox tolerantlıq, demokratiklik qazanmışam. Yəni daha çox dözümlülük gəlib. Təşkilata gələndə sadə, sırf azərbaycanlı qadını idim, amma təşkilatda, təşkilatın özü, Şəhla xanım başda olmaq şərti ilə, həmçinin işçiləri, əməkdaşları, öncül düşünən xanımları sayəsində həyata baxışımda, insanlara baxışımda əməlli-başlı dəyişiklik baş verib.
RİQC-də fəaliyyətimi həyatımda çox gözəl bir hekayə hesab edirəm. Onu da deyim ki, ilk demokratik idarəedici rəhbər Şəhla xanımı görmüşəm. Buna qədər mənim iş həyatımda rəhbərlərin heç biri Şəhla xanım kimi olmayıb. Mən hətta təəccüb qalmışam. Mən ilk dəfə bura gələndə, Şəhla xanım içəri girib öz əməkdaşlarından tədbirin necə keçdiyi barədə soruşanda, onun tənqidlərə verdiyi reaksiyanı görəndə təəccüb qalmışam ki, insan bu qədər tənqidi qəbul edir və çox rahat yanaşır bu məsələyə. Yəni həyatımda RİQC gözəl bir hekayədi, nə qədər uzaq qalsaq da təşkilat bizi maqnit kimi çəkərək geri gətirir. Mən daha çox RİQC-in və  əməkdaşlarının uçotu, hesabatları ilə məşğulam. Amma keçirdiyimiz proqramlar barədə mənim özümün də fikrim var. Ətrafımda olan insanlara təşkilatımız barədə sevə-sevə danışır, fəaliyyətini xüsusi vurğulamaqdan zövq alıram. Təşkilat həqiqətən də çox gözəl fəaliyyətlə, marifləndirmə ilə məşğuldur. Mən fəxr edirəm ki, bu kollektivdə olan xanımlarla çalışıram. 
                                              Layihə araşdırmaçısı Kəklik Kərimli
“Bu təşkilatda işə başlamağım mənim üçün o prosesi daha da gözəlləşdirən, “Həqiqətən də doğru yerdəyəm, doğru insanlarlayam”,  düşüncəsini gətirən bir başlanğıc oldu”.
2016-cı ilin dekabrından RİQC-də proqram işçisi kimi işə başlamışam. Onu qeyd edim ki, özümü müəyyən qədər çoxluğun düşüncələrindən fərqli düşüncəsi olan biri kimi görürəm. Mənim üçün arzuladığım kollektivlə iş tapmaq həqiqətən çətin və ağrılı bir proses oldu. Amma bu təşkilatda işə başlamağım mənim üçün o prosesi daha da gözəlləşdirən, “Həqiqətən də doğru yerdəyəm, doğru insanlarlayam”,  düşüncəsini gətirən bir başlanğıc oldu. 
Sual vermişdiniz ki, həyat hekayəniz, mənim üçün də həyat hekayəsi RİQC-də ilk iş təcrübəm olduğu üçün, həm təşkilatda demokratik iş mühitinin olması, sədrin öz əməkdaşları ilə supervayzer, dəstəkləyici, motivasiyaedici rolda olması, kolleqalarımın həmişə öyrətməyə və paylaşmağa açıq olması məni cəzb edib. Biz təşkilatda sadəcə işləməmişik. Bura bizim üçün qızğın müzakirələr, cəmiyyətin sosial problemlərini müzakirə edə biləcəyimiz bir mühitdir.
Mən təşkilatda əsasən araşdırma pozisiyasında olmuşam. Bir neçə araşdırmada, gender qiymətləndirməsində, daha sonra reproduktiv sağlamlıqla bağlı araşdırmalarda iştirak etmişəm. Layihələrdə araşdırmaçı olaraq çalışmışam. 
                                           Layihə araşdırmaçısı Məlikova Səriyyə
“Yarmarka qalmışdı bir qıraqda, qadınların şəxsi problemləri, ailə üzvlərinin sağlamlıqla bağlı problemləri ilə o qədər maraqlandıq, içinə daldıq ki, bu 6 ay ərzində sanki o cəmiyyətin üzvü olduq”.
2017-ci ilin iyul ayından təşkilatda çalışıram. Reproduktiv sağlamlıqla bağlı layihələrdə araşdırmalarda iştirak etmişəm. Mənim həyatımda RİQC–in rolu danılmazdır. Olub, olacaq da. Təşkilatın icraçı direktoru, rəfiqəm Leyla İskəndərova həmişə təşkilat barədə, layihələr barədə o qədər yüksək fikirlər bildirirdi ki, “Biz filan rayona getdik, belə bir layihə etdik, qadınlara kömək etdik.”  Bu mənim üçün həmişə ideal bir iş kimi görünürdü. Əvvəllər mən oyunlarda çalışırdım, sonra təhsillə bağlı xaricə getdim, qayıtdım. 
Leyla bir dəfə mənə təklif etdi ki, istəsən mən səni Şəhla xanımla tanış edim. Buna görə şox sevindim. Çünki mən Şəhla xanımı tanımağı çox istəyirdim, onu tanımadan belə özümə rol modeli olaraq görürdüm. Sonra təşkilata gəldim, RİQC BMTin İnkişaf Proqramının layihəsi çərçivəsində Biləsuvar rayonunda əmək yarmarkasını təşkil edirdi. Hardasa 6-7 ay ərzində rayona gedib-gəldik. Biləsuvarda iş axtaran qadınlarla görüşdük, mən onlara təlimlər keçdim. Yarmarka qalmışdı bir qıraqda, qadınların şəxsi problemləri, ailə üzvlərinin sağlamlıqla bağlı problemləri ilə o qədər maraqlandıq, içinə daldıq ki, bu 6 ay ərzində sanki o cəmiyyətin üzvü olduq. İş təcrübəsindən əlavə olaraq da, mənim həyatımda böyük rol oynadı. Sən o qədər kreativ olursan ki, qadınların problemlərinin həlli yolunu tapmaq üçün hər vasitəyə üz tutursan. 
Əlavə, layihədən kənar işlər gördük. Məsələn, biz Biləsuvardan olan uşağın təhsil haqqını toplamaq üçün xeyirsevər insanlardan dəstək almaq məqsədi ilə facebookda kampaniya başlatdıq. Bu layihə ərzində sağlamlığı ilə bağlı əziyyət çəkən bir nəfərə də kömək etmək məqsədi ilə bəzi strukturlara müraciət etdik, özümüz də kömək etməyə çalışdıq. Mən həmin layihənin layihə koordinatoru idim. Ondan əlavə olaraq da, bizim təşkilatın iş prinsipinə görə, fərqi yoxdur, hansı layihə olur-olsun həmişə hamı bir-birinə bütün məsələlərdə kömək etməlidir. Hər il bizim 16 günlük “Qadınlara qarşı zorakılığa yox deyək!”,  kampaniyamız olur, keçən il də var idi. Onda biz açıqcalara qədər aparıb ünvanlara çatdırırdıq. Çünki biz komandayıq və həmişə bir-birimizə dəstək olmalıyıq. Həqiqətən də, bizim təşkilatda çalışan xanımlar seçmə insanlardır. Onlar stereotiplərə qarşı çıxan, öz düşüncə tərzi olan, təhsilli, savadlı insanlardır. Ona görə də ətrafımda olan insanlar da, çalışdığım kollektivə görə bəzən mənə həsəd aparırlar. Bu təşkilatda olduğum üçün, Şəhla xanımı tanıdığım üçün çox xoşbəxtəm.
 
                                                 Layihə rəhbəri Gülnarə İsmayılova
“Hesab edirəm ki, qadınların siyasətdə bərabər şəkildə təmsil olunması, Milli Məclisdə, bələdiyyə seçkilərində iştirak etməsi təmsilçilik və sairə məsələlərdə qadınlarımıza imkan yaradılmalıdır”.
Mən RİQC-ə ötən ilin dekabr ayında gəlmişəm. Mən, gənc qadın siyasətçilərin gücləndirilməsinə və qadınların səsvermə hüququnun 100 illiyinə həsr olunmuş iki layihə ilə əlaqəli çalışıram. 
Uzun müddət Azərbaycanda və xaricdə olan beynəlxalq təşkilatlarda çalışmışam. Bu mənim yerli təşkilatda ilk təcrübəmdi. Mənim tanışlarım eşidəndə ki, mən bu təşkilata gəlmişəm, çox təəccübləndilər. Hətta mənə deyirdilər ki, sənin orada nə işin var, sən həmişə beynəlxalq təşkilatlarla çalışmısan, yəni başqa mühitdə olmusan. 
Mən təxminən 7 aya yaxındır ki, bu təşkilatdayam, layihə artıq yekunlaşıb, artıq son tamamlama işlərinin üzərindən keçirik. Mən hesab edirəm ki, yerli bir təşkilatı daha dərindən, daha yaxından tanımaq fürsətim oldu. Çünki Şəhla xanımı uzun illərdi tanıyıram, çox yaxşı münasibətlərimiz var, rəfiqə hesab edirəm. Əvvəl biz bir-birimizi ekspert kimi tanıyırdıqsa, bu təşkilatda çalışmağım yeni bir təcrübə idi. Bayaq Səriyyənin qeyd etdiyi kimi, burada daha çox xoşuma gələn təşkilatda müxtəlif profilli ali təhsilli, savadlı, cəmiyyətdə fəal rolu olan, sözünü deyə bilən, örnək ola biləcək xanımlar qadınların inkişafı üçün, belə vacib bir məqsəd üçün bir yerə yığılıb. Mənə elə gəlir ki, bu təşkilatın ən böyük uğurudur. Çünki buradakı xanımlar hansı sahəyə çıxarılsa, bir örnəkdir və onlar arxasınca onlarla insanı apara bilər.Təşkilatın ən birinci uğuru özünün insan resurs kapitalının güclü olmağıdır. Bu da idarəciliklə əlaqədardır. Şəhla xanım da, Leyla da xoşlayırlar ki, təşkilatda yeni insanları sınaqdan keçirsinlər. Tutaq ki, siz bu təşkilata yeni gəlmisiniz və sizin yeni ideyalarınız var, sizin üçün o imkan var ki, ideyalarınızı burada həyata keçirəsiniz.  
 
 Təbii ki, müəyyən çətinliklər də var. Maliyyə imkanlarına görə daha geniş şəkildə fəaliyyət göstərə bilmir. Mən arzu edirəm ki, bu qızlar böyük layihələrə imza atıb, sərbəst şəkildə öz layihələrini həyata keçirə bilsinlər. Bu təşkilatda olmaq mənə bir şəxs kimi nə verib soruşsanız, mənim üçün çalışdığım komanda çox önəmlidir. Burada iş varsa bu iş görülməlidir, insanlar saat 9-dan, 6-ya iş prinsipi ilə işləmir. Lazımdırsa həftə sonları da gəlirik və işləyirik. Hansısa bürokratik əngəllər var, bunu aşmaq üçün çalışmaq lazımdır, bunu etməliyik. Mənim layihəmdə bir çətinlik varsa mən rahatlıqla digər kolleqalarıma müraciət edib, onlardan dəstək ala bilərəm. Hamı bir-birinə çox qaynaşmış şəkildə kömək etməyə hazırdır. Mənə elə gəlir ki, bu komanda işini qurmaq üçün yaxşı haldır və yaxşı təcrübədir. 
Mən öz layihəmlə bağlı onu demək istəyirəm ki, bu layihə Azərbaycanda ilk dəfə həyata keçirilən qadın siyasətçilərin gücləndirilməsi layihəsidir. Məndə bir qədər narahatlıq var idi buna görə. Cəmiyyətdə ümumiyyətlə qadınların siyasətdə olmağı çox gözə çarpmır, son illərdə də qızlar arasında siyasi elmlərə maraq o qədər də güclü deyil. Amma proses vaxtı mən özüm də görürdüm ki, o qədər maraqlı insanlar müraciət edirdilər və çox həvəslə.  Mənim özümün ixtisasım politologiyadır, həm də buna görə mənim üçün bu çox önəmli idi ki, onlar bu prosesə cəlb olunmaq istəyirlər, maraq göstərirlər. Mən özümdə onu da analiz etdim ki, bu marağın əsas səbəblərindən biri də RİQC-in rayonlarda tanınmasıdır.  Ən yaxşı cəhət o idi ki, bizim regionlardan müraciətlərimiz var idi. Onlar layihəyə qatılmaq imkanı əldə etdiklərini biləndə çox sevinirdilər. Bizim Bərdədən bir iştirakçımız var idi, onlar bir neçə mərhələdən keçdilər və indiyə qədər onun səsi mənim qulağımdadır ki, o müsabiqədən keçdiyini eşidəndə necə sevinirdi. Hesab edirəm ki, qadınların siyasətdə bərabər şəkildə təmsil olunması, Milli Məclisdə, bələdiyyə seçkilərində iştirak etməsi, təmsilçilik və sairə məsələlərdə qadınlarımıza imkan yaradılmalıdır. Çalışdıq ki, siyasətə maraq göstərən həm iqtidar, həm müxalifətdən olan, həmçinin müstəqil fikirli gənc qadınlar layihəmizdə iştirak etsinlər və bu baxımdan tam balans saxlaya bildik.
Mənim ən çox xoşuma gələn həmin xanımların arasında siyasi elmlər üzrə tədqiqat aparan qadınların da olması idi. Səhv etmirəmsə 3 nəfər artıq dissertasiyalarını işləyirlər və həmin yöndə özlərini inkişaf etdirirlər. 
                                           RİQC-də layihə işçisi Mabilə Mürsəlova
                            “Bu təşkilatda insanlara mənəvi cəhətdən dəstək olmağı öyrənmişəm.”
2017-ci ilin noyabr ayında təşkilata gəlmişəm. Qadınlara qarşı zorakılığın aradam qaldırılması ilə bağlı 16 günlük kampaniyada layihə assitenti kimi işə başladım. Sınaq müddətim idi, bitəndən sonra fəaliyyətimdən razı qaldıqlarını bildirdilər və bu təşkilatda əməkdaşlığımı davam etdirməyə başladım. Layihə işçisi kimi başladım. Bu təşkilatda layihə işçisi olmaq əlindən gələn nə varsa etmək deməkdir. Kimin layihəsi olmasından asılı olmayaraq hamıya kömək etməlisən. Bu təşkilatda fəaliyyətim mənim ilk iş təcrübəm olduğu üçün həyatımda mühim rol oynayıb. Universitetdə magistr təhsilimi bitirən kimi burada işə başladım və burada işləməyə valideynlərimin məsləhəti ilə gəldim. Atam təşkilatın fəaliyyətindən xəbərdar idi və burada işləməyimin gələcəkdə iş həyatımda uğur qazanmağıma böyük təkan olacağını, təşkilatda qadınların inkişafı üçün faydalı işlər görüldüyünü və mənim də burada olmağımı istədiyini bildirdi. Burada işə başlayanda özüm də gördüm ki, həqiqətən də elədi. 
Həm kollektiv, həm idarəçilik baxımından RİQC başlanğıc üçün ən uğurlu iş yeridir. Mənim özümün bu təşkilatda olmağımın mənim üçün əhəmiyyətini soruşsanız, deyərəm ki, cəmiyyətin normal inkişafı uğruna atılan addımlarda kiçik bir payımın olması məni sevindirir. Digər tərəfdən də, mənim şəxsi həyatım üçün əhəmiyyətli oldu. Çünki bu təşkilatda hər şeydən başın çıxmalıdır. Bir layihə işçisi lazım gələrsə yer, məkan tapmaq, banklarla işləmək, dil biliklərinin olması, kitablarla tanışlıq, hər şey barədə məlumatlı olmalıdır. 
Təşkilatda işləməyə başlayandan sonra daha çox cəsarətli olmağa başlamışam deyə bilərəm. Əvvəllər özümə qapanıq insan olmuşamsa, ictimai işlərə o qədər də qatılmamışamsa, ailəm biraz konservativdi deyə müəyyən sərhədlər daxilində hərəkət etməyə məcbur olmuşamsa, təşkilata qoşulandan sonra öz hüquqlarımı da müəyyən dərəcədə müdafiə etməyə başlamışam, etiraz etməyi öyrənmişəm. Bu təşkilatda insanlara mənəvi cəhətdən dəstək olmağı öyrənmişəm. Bu təşkilata gələnə qədər ailəsindən ayrı ölkə sərhədlərini keçməyən bir adam idim, bura gələndən sonra işlə bağlı Neftçalaya səfərim oldu, bu yaxınlarda proqram ilə bağlı Qaxa getmişdim və ailə üzvlərim yanımda deyildi. Bunları ona görə deyirəm ki, bu təşkilat cəsarətli olmaq, dünyaya açılmaq üçün bir vasitədir. Buna görə də mənim üçün ideal təşkilat oldu. 
 
                                               Layihə koordinatoru Rigina Baxşəliyeva
“Təşkilatımız 16 ildir ki, fəaliyyət göstərir, Beynəlxalq təşkilatlar təşkilatımız barədə çox pozitiv düşüncədədir, təşkilatımız barədə məlumatı olanlar barəsində xoş sözlər söyləyirlər və bu bizim çox xoşumuza gəlir”.
2017-ci ilin fevral ayından bu təşkilatda çalışıram. Bu təşkilatı Şəhla xanım mənim mentorum olandan tanıyıram. Bir İsveç təşkilatı var, onlar Balkan, Qafqaz ölkələri üçün Sülh proqramı layihəsi təşkil etmişdilər. Həmin proqramın bir hissəsi kimi Azərbaycandan 2 mentor seçmişdilər və onlardan biri Şəhla xanım idi. Mən çox sevinirəm ki, mənim mentorum Şəhla xanım olub. O, mənim üçün rol modellərdən biridir. Sonra Şəhla xanım mənə həm şəxsi, həm professional baxımdan çox kömək oldu və məni komandasına qoşulmağa dəvət etdi. Amma çox təəssüf ki, xaricə getmək barədə planlarım olduğu üçün təklifdən imtina etdim. İndiyə qədər buna peşmanam ki, niyə təklifi qəbul etmədim, bu imkandan istifadə etmədim. İkinci dəfə təklif edəndə isə düşünmədən razılaşdım. Vəzifəm layihə koordinatorudur. Kəklik xanımla birlikdə Azərbaycanda qadınların reproduktiv sağlamlıq vəziyyəti ilə bağlı layihə üzərində çalışırıq. 
Fərqli layihələrdə, biznez, özəl sektor, dövlət təşkilatlarında da çalışmışam. O kollektivlər də yaxşı idi, təşkilatın rəhbəri isə burada daha çox bizim inkişafımıza maraqlıdır. Əsas fərq isə Şəhla xanımın bizim irəli getməyimizə, yüksəlməyimizə maraqlı olmasıdır. Biz nəinki layihələri işləyərkən, təlimlərə gedərək müxtəlif sahələrdən olan insanlarla işləyərək, eyni zamanda bir-birimizdən də çox şey öyrənirik. 
Təşkilatımız 16 ildir ki, fəaliyyət göstərir, Beynəlxalq təşkilatlar təşkilat barədə çox pozitiv düşüncədədir, təşkilatımız barədə məlumatı olanlar barəsində xoş sözlər söyləyirlər və bu bizim çox xoşumuza gəlir. Bu da bizim təşkilatımızla  fəxr etməyimizə, işimizə motivasiya olmağımıza kömək edir. 
Söhbətləşdi:  Könül Alı
Bastainfo.com