Türkiyədə maliyyə böhranı haqqında narahatlıq doğuran təhlil

Bloomberq: “Dolların geriləməsi müvəqqətidir”

Türkiyədə valyuta böhranı son iki gündə nisbətən səngiyib və dolların məzənnəsi 6 lirədən aşağı düşüb. Qətər dövlətinin Türkiyəyə 15 milyard dollar yatırım edəcəyi haqqında xəbər və inzibati müdaxilə nəticəsində lirənin ucuzlaşmasının qarşısı alınıb. Lakin dünya mətbuatının iqtisadçı-ekspertlərə istinadən yazdığı məqaləyə görə, dolların geriləməsi müvəqqəti xarakter daşıyır. 

Bloomberq təhlilçilərə istinadən yazıb ki, lirə ucuzlaşmaqda davam edəcək. Bunun səbəbləri kimi Mərkəzi Bankın faiz dərəcələrini yetərincə yüksəltməməsi və Türkiyə prezidenti Ərdoğanın hələ də ABŞ-la diplomatik və ticarət sahəsində müharibə aparmasıdır.

“Kimsə bu böhranın bitdiyinə inanmır. Bir tərəfdən prezident Rəcəb Tayyib Ərdoğan ABŞ ilə qazana bilməyəcəyi diplomatik və ticarət sahəsində savaş aparır. İkinci tərəfdən isə Türkiyənin Mərkəzi bankı da faiz dərəcələrini yerli valyutanı qoruyacaq səviyyədə  yüksəltmir. Buna görə lirənin ucuzlaşması təkrar başlayacaq”, – deyə, Bllomberqin eksperti Noah Smitt xəbərdarlıq edir.

Təhlilçilər Türkiyə iqtisadiyyatının son durumunu 1990-cı illərdə Asiya və Latın Amerika ölkələrini ağuşuna alan valyuta böhranlarına bənzədirlər. Bildirilir ki, Türkiyənin son illərdəki iqtisadi artımı müəmmalı biznes və infrastruktur layihələri üçün borc alınması üzərində qurulub və bu durum ölkədə valyuta böhranının tezliklə aradan qalxacağını düşünmək üçün əsas vermir.

 

Mustafa Hacıbəyli

Bastainfo.com