Əsgər Fəhmin Əbilovun ölümündə ittiham olunan üç hərbçi həbs edildi

Azərbaycan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgəri Fəhmin Əbilovun ölümü ilə bağlı cinayət işi üzrə üç hərbçi həbs edilib. Bu barədə cümə günü Baş Prokurorluğun yaydığı məlumatda deyilir.

Mənbənin məlumatına görə, 2018-ci il avqustun 8-də Müdafiə Nazirliyinin N saylı hərbi hissəsindən Qarabağ Hərbi Prokurorluğuna məlumat daxil olub ki, həmin hərbi hissənin əsgəri Fəhmin Əbilov avtomat silahdan atəş açaraq özünü öldürüb.

Qarabağ Hərbi Prokurorluğunda fakt üzrə CM-in 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinin araşdırmalarının obyektivliyi ilə bağlı mərhumun valideynlərində və yaxınlarında yaranan şübhələrlə əlaqədar istintaq Baş Prokurorluğun rəhbərliyi altında xüsusi nəzarətə götürülüb.

İstintaqa rəhbərlik hərbi prokurorun müavininə həvalə edilib.

Avqustun 9-da Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzində mərhumun cəsədi təcrübəli eksperlər tərəfindən təkrar müayinə edilib.

İlkin istintaqla müəyyən edilib ki, əsgər F.Əbilov xidmət müddətində müxtəlif vaxtlarda post başçısı gizir Elmir Xəlilov və həmin postun əsgərləri Sənan Tanrıverdiyev və Rəşad Arazov tərəfindən zorakı və qanunsuz hərəkətlərə məruz qalıb.

Avqustun 8-də saat 11:45-də növbədə olan əsgər S.Tanrıverdiyev xidmət yerindən vaxtından əvvəl çıxıb silahını nəzarətsiz qoyub, bundan istifadə edən əsgər F.Əbilov həmin silahı götürüb özünü öldürüb.

Aparılmış ilkin istintaqla kifayət qədər sübutlar toplandığı nəzərə alınaraq üç hərbi qulluqçu iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib.

S.Tanrıverdiyevə CM-in 230 (odlu silahı diqqətsiz saxlama), 332.2.1, 332.2.3 (tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma), 338.1 (döyüş növbəsi çəkmə qaydalarını pozma) və 341.3-cü (hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə), R.Arazova CM-in 332.2.1 və 332.2.3-cü, gizir E.Xəlilova isə həmin məcəllənin 331.2, 341.2.3 və 341.3-cü maddələri ilə ittiham irəli sürülüb. Onların barəsində həbs qətimkan tədbiri seçilib.

Turan