Azərbaycanın KTMT-yə üzv olması təklifinə Müsavat başqanından sərt reaksiya

Arif Hacılı: “Bu, Azərbaycanın müstəqilliyinin şübhə altına alınması deməkdir”

Müsavat başqanı Arif Hacılı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli tərəfindən irəli sürülən Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olması haqqında təklifə münasibət bildirib. 

“Hadı Rəcəblinin “müəllimlər fəhlə işləsin”, Aqil Abbasın “soğan əkin dolanın” – kimi idbar açıqlamaları təbii olaraq qəzəblə qarşılanır. Amma bəzi “deputatların” daha dəhşətli, dövlətimizin suverenliyinə, ərazi bütövlüyümüzə, xalqımızın bu gününə və gələcəyinə qəsd kimi səslənən açıqlamalarına adekvat reaksiya yoxdur”, – Arif Hacılı özünün feysbuk səhifəsində yazıb. 

“Əli Hüseynli deyib ki, Azərbaycanın KTMT yə ( Kollektiv Təhlükəsizlik Müqviləsi Təşkilatı) üzv olması məsələsi müzakirəyə çıxarılmalıdır. Bu isə ərazilərimizi işğal edib Ermənistanın nəzarəti altına verən Rusiyanın tam hərbi tabeçiliyini qəbul etmək, bütövlükdə Azərbaycanın müstəqilliyinin şübhə altına alınması deməkdir. Təklif həmçinin Azərbaycan Konstitusiyasına, 2007- ci ildə rəsmən qəbul edilmiş Azəbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyasına ziddir”, – Arif Hacılı bildirib. 

Müsavat başqanı xatırladıb ki, indi həmin birliyə Ermənistan sədrlik edir. 

“Hakimiyyət elə görüntü yaratmağa çalışır ki, guya 5-ci kolon axtarışındadır. 5-ci kolonun nümayəndələri parlamantdə, Prezident Aparatında, digər dövlət strukturlarında leqal fəaliyyət göstərir, həm də son vaxtlar daha da aqressivləşdikləri göz önündədir”, – Arif Hacılı əlavə edib.

 

Bastainfo.com