Bulvara girişin pullu olması etiraz doğurdu

“Dənizkənarı Bulvar ərazisinə Bayıl tərəfdən girişin pullu olması idarənin tam səlahiyyətində olan məsələdir. Giriş 1 manat təşkil edir”.

Bu barədə Dənizkənarı Bulvar İdarəsinin Mətbuat Xidmətinin rəhbəri Nazim Məcidov deyib.

O qeyd edib ki, Dənizkənarı Bulvarın ərazisi 16 km-dır: “Bildiyiniz kimi, Bulvara hər yerdən giriş pulsuzdur. Yalnız Bayıl tərəfdə Su İdman Sarayının yaxınlığında olan  kiçik bir hissədə şlaqbaumdan keçid pullu olub.  Bunu da şəhər sakinlərinin şikayətləri əsasında tətbiq etmişik. Belə ki, orada  daim avtomobillər ötüşürdü, cavan oğlan və qızlar maşında saatlarla oturub uyğunsuz hərəkət edirdilər. Eyni zamanda, oradan “moyka” kimi də istifadə edilib.  Bu da sakinlərin istirahətinə maneə törədirdi.  Bu hissədə keçidin pullu olması bir neçə adamın xoşuna gəlməsə də, 100-lərlə şəhər sakini bəzi əxlaqsızlıqlara görə bu addımı alqışlayıb”.

Bakı bulvarı özəlləşdirilibmi? Bulvar İdarəsi hansı əsasla girişi pullu edir? Niyə məhz 1 manat, tutalım 1000 manat yox? Əgər kimsə bulvarda “avtoşluq”, yaxud “əxlaqsızlıq” edirsə, niyə buna görə hər kəsdən pul alınmalıdır?

İdarə rəisi bütün bu suallara aydınlıq gətirməyib.

Bu qərar sosial şəbəkədə böyük müzakirə obyekti olub. Rəy bildirənlərin əksəriyyəti qərarı narazılıqla qarşılayıb.

“Anlamadım, 1 manat ödəyib uyğunsuz hərəkət edəndə əxlaqsızlıq olmur? Yaxud şəhər sakini biləndə ki, Bulvar idarəsinin büdcəsinə 1 manat gedib, əxlaqsızlığa qarşı daha dözümlü olur?”, – deyə, Müsavatın Divan üzvü Yadigar Sadıqov özünün feysbuk səhifəsində yazıb.

“Hələ ki bulvara giriş 1 manatdır. Sonrasını Allah saxlasın. Əcəb edirlər.
Dənizi hasarladılar dinmədiniz. Neftdən gələn gəliri dağıtdılar, kommunal qiymətləri qaldırdılar susdunuz. Gedişhaqqını 50 % qaldırdılar səsiniz çıxmadı.
İndi yaşa, millətim . İşiqlı gələcəyin mübarək!!, – deyə, Lətafət Məlikova yazıb.

“Azərbaycan xalqı xoş günlərə qovuşdu. Bulvara giriş pullu. Öpüşün biri bir manat. Dövlət büdcəmizə fantastik gəlir”, – deyə, Müsavat başqanının müavini Osman Kazımov iztehza ilə qərara münasibət bildirib. 

“Bulvara giriş də pullu oldu. Guya ki pulsuz olanda özlərini pis aparanlar pul verəndən sonra ağıllı olacaqlar. Bunlar xalqı ələ salıblar, başqa adı yoxdu” – Məryəm E-ova adlı sosial şəbəkə iştirakçısı yazıb. 

Sosial şəbəkədə İdarə rəisinin “orada avtomobillər ötüşürdü” izahına da reaksiya verilib. Jurnalist Natiq Cavadlı “DYP hara baxırdı” – sualını ünvanlayıb.

 

Bastainfo.com