İlkin Rüstəmzadənin valideynlərindən çağırış: “Yetər artıq!.. Ayağa qalxmaq vaxtıdır”

Siyasi məhbus İlkin Rüstəmzadənin valideynləri ictimaiyyətə və beynəlxalq qurumlara müraciət edib. Bəkir Xəlilov və Atlas Hüseynovanın sosial şəbəkədə yayımlanan müraciətində İlkin Rüstəmzadənin hüquqlarının müdafiəsi ilə bağlı tədbirlərin genişləndirilməsinə çağırış edilir. 

Müraciətdə deyilir:

“Dostlar, bildiyiniz kimi İlkin 6 ildir günahsız yerə türmədə çürüyür. Bu məni bir ata kimi çox narahat edir. İlkinin özü də, biz də onun müdafiəsinin yetərincə olmadığı qənaətindəyik. Beynəlxalq təşkilatlar, Avropa İnsan Haqqları bütün siyasi məhbusları haqqında istəyir içəridə və ya çöldə olanlar haqqında qərarlar verirlər, ancaq İlkin barədə yox. Elə bil hansısa bir qüvvə İlkinin işini geri çəkir.

Biz bir valideyn kimi üzümüzü beynəlxalq insan haqqları təşkilatlarına, Azərbaycanda olan qeyri-hökümət təşkilatlarına, siyasi partiya liderlərinə, hüquq müdafiəçilərinə müraciət edirik.

Yetər artıq, səbr kasası dolub! Ayağa qalxmaq vaxtıdır. Sizi İlkinin müdafiəsinə qalxmağa çağırıram. Bir valideyn kimi sizdən xahiş edirik ki, beynəlxalq təşkilatlar qarşısında Ilkinin azad olunmasını prioritet məsələ kimi qaldırın.

Bəkir Xəlilov, Atlas Hüseynova”.

İlkin Rüstəmzadə NİDA Vətəndaş Hərəkatının 6 il əvvəl həbs edilən 8 üzvündən biridir. Gənclər zorakılıq, kütləvi iğtişaşların təşkili və başqa oxşar ittihamlarla uzun müddətə həbs olunublar.

Müstəqil ekspertlər isə onların həbsinə 2013-cü il martın 10-da Bakının mərkəzində əsgər ölümünə etiraz aksiyası təşkil etmələrini səbəb göstərilir. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə Zaur Qurbanlı, Rəşadət Axundov, İlkin Rüstəmzadəni 8 il, Rəşad Həsənovu, Məmməd Əzizovu 7 il yarım, Bəxtiyar Quliyevlə Üzeyir Məmmədlini 7 il və Şahin Novruzlunu 6 il azadlıqdan məhrum etmişdi.

«Amnesty International» hüquq-müdafiə təşkilatı həbs edilən NİDA-çıları «vicdan məhbusları» adlandırıb.

Sonradan İ.Rüstəmzadədən başqa digərləri əfv və amnistiya aktları çərçivəsində azadlığa çıxıblar.

Bastainfo.com