Müsavatçı mühacirlər Merkel ilə Putinin görüşdüyü binanın önündə aksiya keçirdi

Bu gün, avqustun 18-də Almaniya paytaxtı Berlin şəhərində Müsavat Avropa Koordinasiya Mərkəzinin ( Müsavat AKM) təşəbbüsü ilə aksiya keçirilib.

Almaniya kansleri Angela Merkellə Rusiya prezidenti Vladimir Putinin görüşünün keçirildiyi binanın önündə baş tutat aksiyada “Qarabağa azadlıq”, “Diktaturaya yox”, “Siyasi məhbuslara azadlıq”, “Siyasi mühacirlərə təzyiqlərə son qoyulsun” və digər tələblər irəli sürülüb. 

 

Müsavat AKM-in mətbuat xidmətindən “Basta”ya verilən məlumata görə, aksiya iştirakçıları Angela Merkelin İlham Əliyevlə avqustun 25-də Bakıda keçirəcəyi görüşlə əlaqədar Almaniya kanslerinə müraciət ünvanlayıblar. 

Müraciətdə hal-hazırda Azərbaycanda hüquq və azadlıqların kobud şəkildə pozulduğu, hakimiyyetin beynalxalq təşkilatlar qarşısında göturdüyü öhdəlikləri yerinə yetirmədiyi, seçkilərin saxtalaşdırıldığı, fərqli fikir ifadə etdiyi ücün yüzlərlə jurnalist və siyasətcinin qondarma ittihamlarla həbsə alındığı, mövcud rejimdən qaçıb Avropa ölkələrinə sığınmış müxalif fikirli insanların Azərbaycanda qalan qohumlarının təzyiq altında saxlanıldığı, Avropa ölkələrində sığınacaq ala bilmədikdən sonra Azərbaycana geri qaytarılan vətəndaşların saxlanılaraq, onlara təzyiq olunduğu qeyd edilir.

Müraciətdə daha sonra deyilir:

“Cənab Merkel! Biz Avropa ölkələrinə sığınmış azərbaycanlılar olaraq bu səfər öncəsi Sizdən xahiş edirik ki, Azərbaycan pəhbəri İlham Əliyevlə görüş zamanı bu faktları onun nəzərinə catdırasınız və ondan beynəlxalq hüquq normalarına əməl etməsini, insan hüquq və azadlıqlarına hörmət etməsini, həbsdə olan bütün jurnalistlərin və siyasi məhbusların dərhal azad olunmasını , sərbəst toplaşmaq hüququnun bərpasını, müstəqil mətbuata izin verilməsini, siyasi mühacirlərə qarşı təqiblərə son qoyulmasını tələb edəsiniz”.  

Aksiyanın aparıcısı Əhməd Cəlaloğlunun verdiyi məlumata görə, tədbirdə Almaniyalı və Rusiyalı jurnalistlər şəkiliş aparıb. Onlara Azərbaycandakı durum haqqında məlumat verilib. Aksiyadan əvvəl əraziyə bir neçə təxribatçı göndərilsə də, alman polisi onları uzaqlaşdırıb, hər hansı bir insident qeydə alınmayıb.

***

Müsavat AKM-in bu Berlindəki mitinqinə gedən 50 nəfər mühacir müsavatçı sifariş etdikləri avtobusda nasazlığın yaranmasına görə aksiya yerinə təyin olunan vaxtda çata bilməyiblər. Lakin onlar da təqribən 2 saat sonra Putinlə Merkelin görüşdüyü binanın önündə yenidən aksiya keçiriblər.

Bastainfo.com