Rus boyunduruğu üçün darıxanların səsi

Qulaqlarına bir balaca səs dəyən kimi bizdə rus boyunduruğu üçün darıxanların, bolşevik nəvələrinin, Azərbaycanın müstəqilliyinə rişxənd edib SSRİ-ni bərpa etməyi arzulayanların səsi bərkdən çıxmağa başlayır.

Anlayıram ki, ölkəmizdəki ciddi problemlər, xüsusən kütləvi ədalətsizlik, sosial bərabərsizlik, rüşvət, korrupsiya, fərsiz, səviyyəsiz və quldur məmurların özbaşınalığı, məhkəmə və hüquq sisteminin yaramazlığı, səhiyyə və təhsilin bərbadlığı müstəqilliyi insanların gözündən salır. Amma düzəlməsi mümkün olan bu naqisliklər müstəqilliyə arxa çevirmək üçün əsas ola bilməz. 

Müstəqillik bir xalqın tarix səhnəsinə çıxması, milli yetkinlik, milli heysiyyət və milli qürur məsələsidir. Bu qürur və heysiyyəti itirəndə, yaxud yerli hakimiyyətə qəzəbin tutanda Şimaldan – Rusiyadan nicat gözləyirsən. Tarix Əliheydər Qarayevlərin timsalında bu nicat və xoşbəxtliyin nədən ibarət olduğunu artıq göstərib…

Rusiya bizim hərbi cəhətdən güclü, hələ də imperiya havası ilə yaşayan qonşumuzdur. Azərbaycan bu ölkə ilə münasibətlərini düz qurub, onun geosiyasi maraqlarını nəzərə alır, mehriban dostluq və qonşuluq əlaqələri saxlayır. Bir çox sahələrdə ikitərəfli səmərəli əməkdaşlıq edir. Amma bu əməkdaşlıq Azərbaycanın müstəqilliyinin əleyhdarlarını ruhlandırmalı deyil.

Müstəqillik “dünyada bizim öz yuvamızın olması deməkdir” (M.Ə. Rəsulzadə).

Millətin ləyaqətli övladı bu yuvaya başqasının soxulmasını özünə rəva bilməz…

 

Yazı Qulu Məhərrəmlinin feysbuk səhifəsindən götürülüb.