Lukashenko baş nazir və nazirləri işdən kənarlaşdırdı

Belarus prezidenti Alexandr Lukashenko yeni baş nazir təyin edib və bir neçə əsas naziri işdən kənarlaşdırıb.

Bu barədə avqustun 18-də Belarus prezidentinin rəsmi saytı məlumat yayıb.

Sergei Rumas keçmiş baş nazir Andrei Kobyakov-u əvəz edib.

Rumas bunadək İnkişaf Bankı-nın rəhbəri idi.

Hökumət aparatının keçmiş rəhbəri Alexandr Turçin baş nazirin birinci müavini vəzifəsinə təyin edilib.

Həmçinin iqtisadi sahə başda olmaqla bir sıra nazirlər və nazir müavinləri təyin edilib.

Qeyd edək ki, Alexandr Lukashenko avqustun 14-də Orşa səfəri zamanı nazirlər kabinetinin fəaliyyətini kəskin tənqid eləmişdi.

Lukashenko həmin vaxt vətəndaşlardan məmurlarla bağlı çoxlu şikayətlər aldığını bildirimiş və kadr dəyişiklikləri edəcəyini vəd etmişdi.

Lukashenko 1994-cü ildən prezidentdir.

 

Azadlıq Radiosu