Merkellə Putin regional problemləri müzakirə etdilər

Almaniyanın kansleri Angela Merkellə Rusiya prezidenti Vladimir Putin Berlində Ukraynanın şərqindəki silahlı münaqişəni, Suriya müharibəsi və Avropa ilə Rusiyanı birləşdirəcək “Şimal axını” qaz kəməri layihəsini müzakirə ediblər.

AzadlıqRadiosunda olan məlumata görə, avqustun 18-i axşam saatlarında başlayan görüş 3 aaat yarım çəkib.

Merkel deyib ki, Almaniya yeni dərs ili ərəfəsində Donbasda sakitliyin qorunmasına nail olmağa çalışacaq.

Kansler qeyd edib ki, Ukraynanın şərqində hələ də “sabit atəşkəs rejiminə” nail olmaq mümkün olmayıb.

Vladimir Putin isə Rusiyanın “Normand formatı və əlaqə qrupu” çərçivəsində münaqişənin həllində əməkdaşlığa hazır olduğunu deyib.

“Şimal axını” qaz kəmərinə gəldikdə isə Merkel qeyd edib ki, Ukrayna bu layihənin işə düşməsindən sonra da Avropanın enerji ilə təminatında rolunu saxlamalıdır.

Vladimir Putin isə deyib ki, “Şimal axını” layihəsi Rusiya üçün yalnız iqtisadi layihədir.

Liderlər görüşdə Suriya müharibəsini, xüsusilə İdlib əyalətində hümanitar faciəyə yol verilməməsini də müzakirə ediblər.

Vladimir Putin deyib ki, indi əsas diqqət Suriya xalqına hümanitar yardım çatdırılmasına yönəldirlməlidir.

O qeyd edib ki, xüsusilə xaricdə məskunlaşmış qaçqınların geri dönməli olduqları regionlara yardım göstərilməlidir.

“Əlbəttə mən hazırda Avropa ölkələrini nəzərdə tutmuram. Hərcənd, bəzi qaçqınlar Avropadan da geri dönə bilərlər. Amma xatırladım ki, hazırda İordaniyada 1 milyon, Livanda 1 milyon,Türkiyədə isə 3 milyon qaçqın var.Bunlar Avropaya potensial yükdür.Ona görə də bu insanların evlərinə dönməsi üçün bütün mümkün imkanlara əl atılmalıdır”,Putin vurğulayıb.

Qeyd edək ki, Putin Berlinə getməzdən avvəl Avstriyada bu ölkənin xarici işlər naziri Karin Kneissl-lin toy mərasimində iştirak edib.

 

AzadliqRadiosu