Merkellə Bakıya gəlmək istəyən deputata viza verilməyib

Azərbaycan Almaniyanın Xristian-Demokrat Partiyasından olan deputat Albert Vaylerə viza verməyib. Onun Qafqaz ölkələrinə səfəri zamanı Almaniya kansleri Angela Merkeli müşayiət edəcəyinin nəzərdə tutulduğu bildirilirdi.

Avqustun 20-də «Bild» qəzetinin yaydığı məlumata görə, rəsmi Bakı A.Vayleri «arzuolunmaz şəxs» elan edib. Bunun səbəbi onun 2014 və 2016-cı illərdə Azərbaycanın işğal edilmiş ərazilərinə səfər etməsi olub.

«İndi girişin qadağan edilməsi qərarı ən yüksək səviyyədə qəbul edilib. Odur ki, Azərbaycan səfiri ilə bu barədə danışıqlar nəticəsiz qalıb», – deyə «Bild»də yazılır.

Qəzetdə yazılana görə, Almaniyanın Cənubi Qafqaz ölkələri ilə münasibətlər üzrə parlament qrupunun sədr müavini Vayler Merkeli bu günlər Gürcüstan, Ermənistan və Azərbaycan səfərlərində müşayiət etməli idi.

A.Vayler regionda vəziyyətlə bağlı narahatlığını bildirib. «O, səfərdən imtina etmək niyyətindədir», – deyə «Deutsche Welle» yazır.

XİN

«Üzrxahlıq məqsədilə müraciət etdikləri təqdirdə…»

Azərbaycan Xarici İşlər Nazirliyi də məsələni şərh edib.

«Almaniya Bundestaqının deputatı Albert Vaylerin adı hələ bir neçə il öncə Azərbaycanın işğal olunmuş ərazilərinə razılıq olmadan səfər etdiyi üçün «arzuolunmaz şəxslər» siyahısına salınıb», – Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev almaniyalı deputata Azərbaycana girişin qadağan edilməsini şərh edərkən belə deyib.

O, eyni zamanda, bəzi durumlarda «arzuolunmaz şəxslər» siyahısına yenidən baxıla biləcəyini ifadə edib.

«Azərbaycan qanunlarına, onun suverenliyi və ərazi bütövlüyünə hörmət edilməsi mütləqdir. Azərbaycanın mövqeyi konstruktiv xarakter daşıyır. Amma təcrübə göstərir ki, həmin şəxslər Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət, üzrxahlıq məqsədilə müraciət etdikləri təqdirdə onların adlarının «arzuolunmaz şəxslər» siyahısından çıxarılması məsələsinə baxıla bilər», – o qeyd edib.

Avqustun 23-dən 26-na kimi Almaniya kansleri A.Merkel Cənubi Qafqaz respublikalarına səfər etməlidir.

 

AzadlıqRadiosu