İranın Suriyadan çıxmasını istəyəcəklər

Birləşmiş Ştatlar Rusiyayla danışıqlarda İran ordusunun Suriyadan tam çıxmasını istəyəcək. Bunu Ağ evin milli təhlükəsizlik müşaviri John Bolton deyir.

“Reuters” informasiya agentliyinin avqustun 22-də dərc etdiyi müsahibədə Bolton bildirir ki, Vaşinqtonun Suriyada bir neçə min əsgər saxlamasının səbəbi buradakı iranlı döyüşçülərin ABŞ-ın müttəfiqi İsrailə təhlükə yaratmasıdır.

“Suriyadakı məqsədimiz İslam dövləti qruplaşmasının məhvini tamamlamaq, İŞİD terrorçuluğunun qalıcı təhdidi ilə mübarizə aparmaq, iranlı döyüşçülər və nizami qüvvələrinin mövcudluğu məsələsini qaldırmaqdır. Bizi orada saxlayan həmin məsələlərdir”, – o deyib.

Bolton avqustun 23-də rusiyalı həmkarı Nikolai Patrushev-lə Cenevrədə görüşəcək. Bu, Rusiya prezidenti Vladimir Putinin amerikalı həmkarı Donald Trump-la ötənaykı sammitindən bəri ilk rəsmi görüşdür. Həmin sammitdə də İran qüvvələrinin Suriyadan çıxarılmasına dair ABŞ və İsrailin tələbi müzakirə olunub.

Boltonun “Reuters”ə deməsinə görə, Putin Trump-a söyləyib ki, Rusiya İran qüvvələrini Suriyadan çıxmağa məcbur edə bilməz.

“Suriyada münaqişənin həllindən ötrü nələri razılaşdıra biləcəyimiz müzakirə olunacaq. Ancaq birinci şərt İranın bütün qüvvələrinin geri qayıtmasıdır”, – o deyib.

 

Azadlıq Radiosu