Mehman Hüseynov buraxılmadı

Bloqqer Mehman Hüseynovun vaxtından əvvəl şərti azadlığa buraxılması üçün məhkəməyə müraciətinə «yox» deyildi. Avqustun 24-də Qaradağ Rayon Məhkəməsinin hakimi Rəşad Məmmədov belə qərar verib. Məhkəmə bloqqerin saxlandığı 14 Saylı Cəzaçəkmə Müəssisəsində baş tutub.

M.Hüseynovun vəkili Şəhla Hümbətovanın AzadlıqRadiosuna verdiyi məlumata görə, cəzaçəkmə müəssisəsinin rəhbərliyi məhkəməyə bloqqer haqqında rəy təqdim edib. Rəydə yazılıb ki, Mehman islah olunmayıb. Buna əsas kimi isə onun müəssisədəki ictimai tədbirlərdə, iməcilik işlərində iştirak etməməsi göstərilib. Rəhbərlik iddia edib ki, bloqqer müəssisə əməkdaşlarına qarşı da səmimi deyil.

Hakim də 14 Saylı Cəzaçəkmə Müəssisəsinin rəhbərliyinin bu rəyini əsas tutaraq, M.Hüseynovu şərti azadlığa buraxmaqdan imtina edib.

Bloqqer CM-nin 76-cı (vaxtından əvvəl şərti azad edilmə) maddəsinə əsaslanaraq, məhkəməyə müraciət etmişdi.

M.Hüseynov ona verilmiş iki il azadlıqdan məhrumetmə cəzasının 1 il 5 ayından da çoxunu çəkib.

M.Hüseynov anası Firəngiz Hüseynovanın vəfat etməsi ilə əlaqədar qısa müddətə evə buraxılmışdı.

Xatırlatma

M.Hüseynov 2017-ci il martın 3-də Suraxanı Rayon Məhkəməsinin hökmü ilə 2 il azadlıqdan məhrum edilib. O, Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında qaldığı iddia əsasında cəzalandırılıb – polisə böhtan atmaqda təqsirli bilinib. Bloqqer həbsindən iki ay öncə saxlanarkən həmin polis idarəsində işgəncəyə məruz qaldığını açıqlamışdı.

Apellyasiya Məhkəməsi bu hökmü qüvvədə saxlasa da, Ali Məhkəmə bloqqerin kassasiya şikayətini qismən təmin edərək, işi yenidən Apellyasiya Məhkəməsinə qaytarıb. Bakı Apellyasiya Məhkəməsi isə bloqqer barəsində aşağı məhkəmənin hökmünü qüvvədə saxlayıb. Sonradan bir daha bu işə baxan Ali Məhkəmə bu dəfə apellyasiya məhkəməsinin qərarını haqlı sayıb.

M.Hüseynov çəkdiyi videolarda hökumətin fəaliyyətini tənqid edib, yüksəkvəzifəli şəxslərin, deputatların olduğu deyilən bəzi mülklər barədə süjetlər hazırlayaraq sosial şəbəkələrdə yayıb. O, həbsinin fəaliyyəti ilə bağlı olduğunu bildirib.

Ancaq hakimiyyət rəsmiləri bildirir ki, Azərbaycanda jurnalist və bloqqerlər peşə fəaliyyətləri ilə bağlı həbs edilmirlər.

 

Azadlıq Radiosu