Prezident: “Bütün azadlıqlar təmin edilib” – Müxalifət: “Bəs hanı?” [Müxtəlif baxışlar]

Prezident İlham Əliyevin fundamental azadlıqlarla bağlı fikirləri sosial şəbəkələrdə müzakirələrə yol açıb. Xüsusilə müxalif siyasi patiyalar Əliyevin fikirləri ilə razılaşmır.

İlham Əliyev: Azərbaycanda bütün demokratik təsisatlar mövcuddur…

İlham Əliyev və Angela Merkel
İlham Əliyev və Angela Merkel

Avqustun 25-də Azərbaycan prezidenti İlham Əliyev Almaniya kansleri Angela Merkellə birgə mətbuat konfransında bildirib ki, Azərbaycan demokratik dəyərlərə və insan haqlarına sadiq ölkədir.

“Azərbaycanda bütün demokratik təsisatlar mövcuddur, bütün azadlıqlar, o cümlədən söz və mətbuat azadlığı təmin edilir. Azərbaycanda yüzlərlə mətbu orqanı fəaliyyət göstərir ki, onların arasında müxalifət mətbuatı da kifayət qədər çoxdur. Yəni, Azərbaycanda heç kim tənqidə, fərqli baxışa görə təqib olunmur, heç kim cəzalandırılmır. Azərbaycanda sərbəst toplaşma azadlığı da təmin edilir və istənilən siyasi qüvvə bu imkanlardan istifadə edə bilər. Bildiyiniz kimi, bu il Azərbaycanda prezident seçkiləri keçirilmişdir. Seçkilər ərəfəsində və seçkilərdən sonra müxalifət bir çox aksiya, mitinqlər keçirmişdir – azad, sərbəst şəkildə, heç bir maneəsiz. O başqa məsələdir ki, o aksiyalara min nəfərdən çox adam gəlməmişdir. Bu da yəqin ki, müxalifətin hansı hörmətə malik olduğunu göstərir, ancaq heç bir məhdudiyyət qoyulmur”, Əliyev qeyd edib.

Əli Kərimli: Bəs necə olub ki, ölkəmiz adambaşına düşən siyasi məhbus sayına görə dünya birincisi olub?

Əli Kərimli
Əli Kərimli

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Əli Kərimli Facebook səhifəsində Əliyevin firkirlərinə belə münasibət bildirib.

“Dünəndən xeyli adam şokdadır ki, İlham Əliyev bütöv bir xalqın gözünün içinə baxaraq necə “Azərbaycanda bütün azadlıqlar təmin olunub. O cümlədən, söz azadlığı, mətbuat azadlığı…” deyə bildi? Axı belə olmadığını dünya da, xalqımız da əla bilir. Adamlar təəccüb içindədir ki, İlham Əliyev necə “Tənqidə, fərqli baxışa görə heç kim Azərbaycanda təqib olunmur” dedi? Bəs necə olub ki, ölkəmiz adambaşına düşən siyasi məhbus sayına görə dünya birincisi olub? Bəs bu balaca ölkənin həbsxanalarında 150 nəfər siyasi məhbus haradandır? Adamlar təəccüb içindədir ki, İlham Əliyev necə deyə bilir, müxalifətin mitinqlərinə heç bir maneə yaradılmır, ancaq bu mitinqlərə cəmi min nəfər adam gəlir? Axı mitinqlərlə bağlı təkcə həbs olunanların sayı yüzlərlədir, mən hələ bir stadiondan başqa heç yerdə toplaşmaq imkanı olmadığını, stadionun girişində qurulan üztanıma kameralarını, işdən çıxarılanları, ailəsinə təzyiq olunanları demirəm.

Bəli, normalda dövlət başçısı həqiqətlə yaxından uzaqdan əlaqəsi olmayan, belə absurd fikirləri səsləndirməməlidir. Ancaq İlham Əliyevin bu sözləri məni təəccübləndirmir. Elə təəccüblənirsiniz ki, elə bil birinci dəfədir yalan eşidirsiniz. İlham Əliyev “Azərbaycanda seçkilər tam demokratik keçirilir”, “Ölkədə işsizlik 5%-dir”, “Korrupsiya ilə ciddi mübarizə aparırıq” kimi absurd fikirləri necə deyə bilirsə, həmin qaydada da yazının əvvəlində qeyd etdiyim fikirləri səsləndirir. Fikir verməyin, özündən başqa inanan yoxdur”, AXCP sədri qeyd edir.

Arif Hacılı: Hətta Belorusda, Rusiyada bizdəki qədər siyasi məhbus yoxdur

Arif Hacılı
Arif Hacılı

Müsavat Partiyasının başqanı Arif Hacılı bildirib ki, Azərbaycanda hakimiyyətin demokratik dəyərlərə hörmət etmədiyini, fundamental hüquq və azadlıqların daim pozulduğunu hər kəs bilir.

“Ölkədə bərabərhüquqlu siyasi rəqabət şəraiti yoxdur. Müxalifət təşkilatları və müxalifətçilər təqib olunur. Söz, ifadə, sərbəst toplaşmaq azadlıqları daim pozulur. Müxalif siyasətçilər, müstəqil jurnalistlər, qeyri-hökumət təşkilatlarının nümayəndəri həbs edilir. Müstəqil televiziya kanalları yoxdur, belə qəzetlər və saytlar bağlanır. Dövlət resursları vətəndaş cəmiyyətinin yaranmasına qarşı mübarizəyə yönəldilib. Azərbaycan siyasi məhbusların sayına görə dünyada lider ölkələrdən biridir. İndi, hətta Belorusda, Rusiyada bizdəki qədər siyasi məhbus yoxdur. Bütün bu faktlar ortada ola-ola İlham Əliyevin Azərbaycanda demokratiya və insan haqları sahəsində heç bir problemin olmadığını iddia etməsi onun ölkəmizdə hüquqi dövlət, demokratik cəmiyyət qurulması kimi mühüm bir məsələyə münasibətinin göstəricisidir. Bu münasibət həm onun, həm də Azərbaycanın beynəlxalq birlik qarşısında mövqeyini daha da zəiflədir. Problemlərimizin həllini daha da çətinləşdirir”, Müsavat başqanı Aamerikanın Səsinə bildirib.

Şəhla İsmayıl: Xanım Merkelin qənaətini yaxın gələcəkdə görəcəyik

Şəhla İsmayıl
Şəhla İsmayıl

Rasional İnkişaf Uğrunda Qadınlar Cəmiyyətinin sədri Şəhla İsmayıl hesab edir ki, heç kəs dövlət başçısnın başqa cür danışacağını gözləmirdi.

“Vətəndaş Cəmiyyətinin təmsilçiləri olaraq biz xanım Merkellə eyni mövzuda olan problemlər haqqında ətraflı danışdıq. Xanım Merkel isə hər iki tərəfə qulaq asdı, gəldiyi qənaəti isə yaxın gələcəkdə görəcəyik”, hüquq müdafiəçisi Amerikanın Səsinə bildirib.

Arif Əliyev: Müxalif siyasi baxışlara yer verən bircə televiziya verilişi göstərsin

Arif Əliyev
Arif Əliyev

“Yeni Nəsil” Jurnalistlər Birliyinin rəhbəri Arif Əliyevin fikrincə, cənab Əliyevin mətbuat azadlığı ilə dediyi bir şüardır.

“Bu bir şüardır ki, Azərbaycan rəhbərləri onu əzbərləyiblər. Konkret faktlar və hətta statistik rəqəmlər isə Azərbaycanda söz və mətbuat azadlığı ilə əlaqədar xroniki problemlərdən, getdikcə daralan və hökumət mənbələrindən daha güclü maliyyə asılılığına düşən media bazarindan xəbər verir. Bu kiçik ölkədə bloklanan saytlari, bağlanan (bağladilan) saytlari necə görməmək olar? Əgər ölkədə “müxalifət mətbuatı kifayət qədər çoxdursa”, qoy bircə nəfər müxalif siyasi baxışlara yer verən bircə telekompaniya, heç olmasa, yeganə televiziya verilişi göstərsin. 10 milyon əhalisi olan ölkənin tirajı 10 minə yaxınlaşan, hökumətdən pul almadan varlığını təmin edə bilən bir dənə də qəzeti qalmayib. Yəni, real müstəqil mətbuat qalmayıb. Bəs, hanı onda, o, azadliq? Hardadir onun cücərtiləri?”, Arif Əliyev Amerikanın Səsinə deyib.

Rəsul Cəfərov: Yeganə ölkəyik ki, Avropa Konvensiyasının siyasi təqib maddəsi ilə 7 qərar var

Rəsul Cəfərov
Rəsul Cəfərov

Hüquq müdafiəçisi, keçmiş “vicdan məhbusu” Rəsul Cəfərov bildirib ki, Azərbaycanda siyasi təqiblə bağlı Avropa Məhkəməsinin qərarları var.

“Münasibətim Azərbaycanda insan haqlarının vəziyyəti əslində səsləndirilmiş bu bəyanatdan fəqrlidir. Azərbaycanda siyasi məhbusların olması, yəni fərqli, tənqidi fikrə görə fəalların, vətəndaşların həbs edilməsi heç kimdə şübhə doğurmur. Belə ki, nə istintaq orqanları, nə məhkəmə verilən ittihamları sübut edə bilir, siyasi işlərin hamısında hakimiyyət Avropa Məhkəməsində uduzur. Yeganə ölkəyik ki, Avropa Konvensiyasının 18-ci (siyasi təqib) maddəsi ilə 7 qərar var, hətta Rusiyada bu say 2-dir.

ATƏT məkanında Orta Asiya diktaturaları ilə yanaşı yeganə ölkəyik ki, diffamasiya ittihamı ilə jurnalist və blogerləri həbs edirlər, örnəyi Mehman Hüseynov. Sərbəst toplaşmaq azadlığı ilə bağlı məsələ isə belədir ki, əslində İlham Əliyev özü hər dəfə eyni stadionun və eyni formatın adını çəkməklə sübut edir ki, mitinqlər ciddi məhdudiyyətlərlə, elə beynəlxalq aləmə göstəriş etmək üçün razılaşdırılır. Şəhərin digər hissələrində, xüsusən sərbəst toplaşmaq azadlığının ruhuna uyğun olaraq geniş kütlələrin qatıla biləcəyi yerlərdə etiraz aksiyalarına faktiki olaraq qanunsuz qadağa mövcuddur. Əgər yoxdursa bunun əksini sübut edən, fərqli bir yerdə, mərkəzi yerlərdə etiraz aksiyalarına icazənin verilməsi ilə bağlı bircə nümunə göstərilsin”, Cəfərov Amerikanın Səsinə deyib.

Qeyd: Bir sıra hüquq müdafiəçiləri, iqtidar və müaxlif siyasi partiya təmsilçiləri prezident İlham Əliyevin fikirləri ilə bağlı suala cavab verməyib.

 

Amerikanın Səsi